Maliyyə Nazirliyi 27 vəzifəli şəxsi cərimələdi: SƏBƏB
2024-cü ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən iş planına əsasən isə 21 təşkilatda yoxlama aparılıb. Musavat.com nazirliyə istinadən xəbər verir ki, aparılan yoxlamalar nəticəsində 1 milyon 106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunaraq, onun təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.
İş planı əsasında yoxlamalar İqtisadiyyat Nazirliyinin “Tikinti Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin Aparatında(dövlət büdcəsindən xüsusi təhlükəli heyvan xəstəlikləri ilə əlaqədar zərərçəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı ayrılmış vəsaitin monitorinqi), Gəncə Dövlət Universitetində, ƏƏSMN “Sosial Xidmətlər Agentliyi” publik hüquq şəxsində, “Sosial Xidmətlər Agentliyi” publik hüquq şəxsin tabeliyində olan “1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Sosial Xidmət Müəssisəsi” publik hüquqi şəxsində, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi üzrə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Aşağı Muğan Meliorativ Sistemlərinin İsitismarı İdarəsində, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsində (Şirvan-Salyan iqtisadi rayonu üzrə investisiya layihələri), Dövlət Təhlükəsizliyi Xidmətinin aparatında, Dövlət Turizm Agentliyinin “Mingəçevir Turizm Kolleci” publik hüquqi şəxsində, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Aparatında, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyində, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki Sanitariya və Texniki Təmizlik İdarəsində, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyindəki “Kommunal Xidmətlər Müəssisəsi” MMC-də, həmçinin Yevlax və Şəmkir rayon icra hakimiyyətlərinin strukturlarında aparılıb.
Bundan başqa, Xidmət tərəfindən vətəndaş müraciətlərinə əsasən 4 təşkilatda müraciətlərdə göstərilənlər yoxlanılıb, cəmi 4,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Bunlar Füzuli Rayon İcra Hakimiyyətinin Qaraxanbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağsu Rayon İcra Hakimiyyətinin Kəndoba Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzi və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzidir. Bu yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.
Yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə 26,8 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Musavat.com