COP29: Gənclər üçün yeni fürsət
COP29 gənc könüllülərə qlobal iqlim siyasətinə töhfə vermək üçün fürsət yaradır
COP29 davamlılıq və ətraf mühitin mühafizəsi sahəsində mühüm addımların atıldığı beynəlxalq platformadır. Bu il Azərbaycanda keçiriləcək COP29 konfransı yaşıl təşəbbüslərin və davamlı təcrübələrin ön planda olduğu bir tədbir kimi seçilir. Konfransın ekoloji cəhətdən təmiz təcrübələrin və davamlılıq prinsiplərinin qəbul edilməsi digər tədbirlər üçün nümunədir.
Ölkəmizin ev sahibliyi edəcəyi COP29 dünya mediasının diqqətindədir. Belə ki, mötəbər tədbirlə bağlı müxtəlif ölkələrin tanınmış media orqanlarında məqalələr dərc olunur. Azərbaycanın ekologiya və ətraf mühitin mühafizəsi, qlobal ekoloji böhranlarla bağlı ölkəmizin yürütdüyü siyasətindən söz açılır.
Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşrində ölkəmizin COP29-a ev sahibliyi etməyə hazırlaşmasına dair məqalə yayımlanıb. Məqalədə qeyd olunub ki, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi etməklə dünyanın müxtəlif bölgələri arasında növbəti dəfə körpü rolu oynayacaq. Azərbaycan Prezidentinin “Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq”, – sözlərini xüsusi vurğulayan müəllif qeyd edib ki, İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurur.
Yazıda Azərbaycanın neft sənayesinin tarixindən geniş bəhs olunub, dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığı, Bakının bir vaxtlar dünyanın neftə olan tələbatının yarısını ödədiyi vurğulanıb. Bildirilib ki, həm də buna görə Azərbaycan qədim dövrlərdən “Odlar yurdu” adlandırılır.
Müəllif qeyd edib ki, zəngin qazıntı yanacağı resurslarına malik ölkə hazırda iqlim dəyişikliyi məsələlərinin müzakirə olunduğu COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Təxminən üç aydan sonra 200-ə yaxın ölkədən nümayəndələr Bakıda bir araya gələrək iqlim dəyişikliyi məsələsini həll etməyə çalışacaqlar. Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrin problemlərinə xüsusi həssaslıq göstərdiyi vurğulanıb. Prezident İlham Əliyevin iqlim dəyişikliyi məsələsində hələ də qeyri-müəyyənliklərin olması, xüsusilə Qərbin bu məsələdə qeyri-obyektiv mövqeyi barədə fikirləri diqqətə çatdırılıb.
Göründüyü kimi, beynəlxalq aləm Azərbaycanın bu platformada liderliyi gerçəkləşdirməsi ilə dünyada iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin yaradılmasına töhfə verəcəyinə də əmindir. Çünki Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi istiqamətində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağı qarşıya mühüm vəzifə kimi qoyub. Bir sözlə, enerji siyasətindəki uğurları, bərpaolunan enerji resurslarına sərmayə qoymaq istəyi və iqlim dəyişikliyi ilə mübarizə əzmi respublikamızın davamlı gələcək üçün atdığı addımların təzahürüdür.
Bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi gənclər üçün də geniş imkanlar yaradır. COP29 konfransının Azərbaycanda keçirilməsi gənclərə qlobal iqlim siyasətinə töhfə vermək üçün fürsət yaradır. Hələ may ayında könüllülərin iştirakını təmin etmək üçün qeydiyyat prosesinə start verilmişdi. Konfransın təşkilati işləri ilə bağlı zəruri əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə isə minlərlə könüllünün prosesə cəlb olunması gözlənilirdi. Bir ay ərzində platformaya müraciət edən 16 min gəncin arasından yaşı ən azı 16 olan, habelə bilik və bacarıqlara, motivasiyaya, xarici dil bilgilərinə və bu kimi müxtəlif meyarlara sahib 3000 könüllü seçilib təlimlərə cəlb edildi. Daha öncə ölkəmizdə keçirilən müxtəlif irimiqyaslı tədbirlərdə könüllülük proqramının iştirakçısı olmuş gənclər hazırda COP29-un peşəkar komandasının üzvləridir. Onların qlobal-əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacağına heç bir şübhə yoxdur.
Könüllülərin müasir tələblərə cavab verən fərqli sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsində COP29 Könüllülük proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində komanda ruhunun təşviqi, kollektivdə işləmək və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulmuşdur. COP29-un Könüllülük proqramının əsas məqsədləri dayanıqlılıq səfirləri kimi çıxış edəcək könüllülərin unikal bacarıqlarının real həllərin dəstəklənməsinə yönəldilməsi, əməkdaşlıq mədəniyyətinin təşviqi üçün hər səsin eşidildiyi, hər töhfənin qiymətləndirildiyi inklüziv mühitin təmin edilməsidir. Bu məqsədlə seçim və təlimlər prosesi zamanı yüksək motivasiyalı və müştərək öhdəliklə bir araya gələn gənclərdən ibarət komanda formalaşdırılacaq. Bu baxımdan, COP29 Könüllülük proqramı ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, COP könüllüləri artıq müxtəlif fəaliyyətlərə başlayıblar. Belə ki, bu günlərdə COP29 könüllüləri paytaxtda “Yaşıl gələcək naminə toxum ək” şüarlı aksiya keçiriblər. Aksiya Bakının mərkəzi ərazilərində əhalinin ekoloji fəallığının artırılması və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirilməsi məqsədilə baş tutub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib ki, ekoloji dayanıqlılığın, yaşıl həyat tərzinin təşviqinə yönələn aksiyaya qatılan 50 könüllü yerli sakinləri də kampaniyaya cəlb ediblər.
Tədbir “Zirə Gülçülük” kompleksində start götürüb. Burada könüllülər kompleksin fəaliyyəti ilə tanış olub, müxtəlif bitki növləri və dayanıqlı bağçılıq təcrübələri haqqında məlumat əldə ediblər. Tur başa çatdıqdan sonra könüllülər şəhər sakinlərinə əvvəlcədən hazırlanmış toxum torbalarının paylanılması və dayanıqlı bağçılıq vərdişlərinin təşviqi üçün Hüseyn Cavid parkı, Sahil bağı, İçərişəhər, eləcə də dənizkənarı bulvar ərazisində yerləşən COP29 Məlumat Mərkəzi kimi müxtəlif məkanlara baş çəkiblər. Aksiya çərçivəsində əhali ilə məlumatlandırıcı söhbətlər və sorğular aparan könüllülər paytaxt sakinlərinə ekoloji öhdəlikləri yerinə yetirmək üçün atdıqları addımlar və digər təşəbbüslər barədə suallar ünvanlayıb, müvafiq sahələrdə praktiki məsləhətləri bölüşüblər.
Nigar Orucova, “İki sahil”