Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir
Dövlət başçısı İlham Əliyev bildirir ki, güclü Azərbaycan bizim həmişə hədəfimiz olub
“İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.» Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşadığımızı önə çəkərək bu inamı da ifadə edir ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır. Əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.
Təbii ki, Azərbaycanın uğurlarından bəhs edərkən demokratik inkişaf yolu xüsusi qeyd edilir. Dünya təcrübəsinə diqqət yetirsək, o ölkələr daha çox investisiya cəlbediciliyinə malikdir ki, onlarda demokratik və iqtisadi inkişaf yüksək səviyyədədir, biri digərini tamamlayır. Azərbaycan təcrübəsi dünyada təqdir olunan inkişaf modelləri sırasındadır. Belə ki, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi bugünümüz üçün möhkəm bazanın formalaşmasında əhəmiyyətli rol oynadı. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, qaz ixracatçısına çevrildi. Artıq bu gün beynəlxalq əməkdaşlığa töhfə verən layihələrin uğurlu icrasında əsas iştirakçı və təşəbbüsçü ölkə kimi Azərbaycanın təcrübəsi təqdir edilir.
Son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmilləşməni, yeniləşməni dövlət siyasətinin əsası kimi dəyərləndirərək bu istiqamətdə davamlı addımlar atır. «Neft kapitalını insan kapitalına çevirək!» tezisi artıq reallıqdır. Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün rgionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə icra edilən Dövlət proqramları, həmçinin cənab İlham Əliyevin hər bir bölgəyə səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planını təsdiqləməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılması nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etdi. Statistik rəqəmlərə müraciət etsək, Azərbaycan iqtisadiyyatının inkişafının hansı səviyyədə olduğunu görərik. Son 30 ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı ümumilikdə 4,9 dəfə, o cümlədən sənaye istehsalı 1,9 dəfə, kənd təsərrüfatı istehsalı 2,6 dəfə, yük daşınması 3,1 dəfə, pərakəndə ticarət dövriyyəsi 9,2 dəfə, xaric ticarət dövriyyəsi 34,7 dəfə artıb. Bu illər ərzində ölkədə 190 mindən çox müəssisə yaradılıb, xarici ticarət əlaqələri qurulmuş ölkələrin sayı isə 60-dan 193-ə yüksəlib. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının üçdə iki hissəsini Azərbaycan iqtisadiyyatı təşkil edir. Azərbaycan bu illər ərzində investisiya cəlbedicilyini qoruyub. Belə ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır.
Ulu Öndər Heydər Əliyevin ölkənin hərtərəfli inkişafında iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasına xzüsusi önəm verməsi bugünümüzün uğurlarını şərtləndirən mühüm amillərdəndir. Ümummilli Liderin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə başlanğıcı qoyulan inkişaf yolu sonrakı dövrdə Xəzər dənizini Aralıq dənizilə birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Asiya və Avropa arasında yük daşımaları üçün mühüm qovşaq olan Bakı-Tbilisi-Qars dəmir yolu, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi layihələri ilə davam etdirirdi. Təşəbbüskarı bilavasitə Prezident İlham Əliyev olan bu nəhəng transmilli energetika və nəqliyyat layihələri Azərbaycanı dünya iqtisadiyyatında mühüm tərəfdaşa çevirdi.
Bu illər ərzində ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi istiqamətində göstərilən səylər də öz bəhrəsini verdi. Prezident İlham Əliyevin çevik diplomatik səyləri nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu diplomatik uğurumuz Azərbaycana həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş imkanlar yaratdı. Eyni zamanda, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik və Prezident İlham Əliyevin bu çərçivədəki qlobal təşəbbüsləri həm respublikamızın, həm də Hərəkatın beynəlxalq nüfuzunun yüksəlməsinə vəsilə oldu. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ədalətli və haqlı mövqeyinə dəstəyi ölkəmizə qarşı bəzi ədalətsiz qərarların qarşısının alınmasında mühüm rol oynadı. Ulu Öndərin ən böyük arzularından biri türk dünyasının bir araya gəlməsi, vahid mövqe və platformadan çıxış etməsi idi. Prezident İlham Əliyev türk dövlətlərinin daha sıx birləşməsi üçün davamlı səylər göstərir, liderlik nümayiş etdirir. Həmçinin qardaş Türkiyə ilə münasibətlər dərinləşərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Cənab İlham Əliyev cari ildə keçirilən prezident seçkilərində qələbəsindən sonra andiçmə mərasimində diqqəti Azərbaycanın xarici siyasət uğurlarına yönəldərək belə bir çağırışı etdi ki, bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir: «Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.»
Təbii ki, ötən dövr ərzində Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlara nəzər salmağımız səbəbsiz deyil. Yeni dövrün yeni hədəflərindən bəhs ediriksə, təbii ki, bunlar keçilən yola söykənir. Eyni zamanda, bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində ölkədə sabitliyin yaradlması dayanır. Azərbaycan hazırda ən təhlükəsiz, güclü ölkələr sırasında qərarlaşıb. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmizin beynəlxalq nüfuzuna yeni əlavələr edilir. Cənab İlham Əliyev daim çıxışlarında Azərbaycanın tarixi Zəfərinə diqqəti yönəldərək 30 ilə yaxın davam edən işğal dövründə dünyadan ədalət gözlədiyimizi da xüsusi qeyd edir. «Ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir» söyləyən cənab İlham Əliyev bildirir ki, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik.
Azərbaycan dünya güclərinin ikili standartlara əsaslanan siyasətinə önəm vermədən öz uğurlu inkişafını davam etdirir, yeni-yeni hədəflər müəyyənləşdirir və onlara çatmaq üçün icra mexanizmini təqdim edir. Bu yanaşmanı sözsüz ki, demokratik inkişaf sahəsində də görürük. Azərbaycan dövlətinin hər bir addımı hansısa təşkilata, ölkəyə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Belə ki, dövlət başçısı İlham Əliyev bildirir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.
Azərbaycan digər sahələr kimi, demokratik, hüquqi, dünyəvi inkişaf yolunda inamla addımlayır. Bunun üçün ölkəmizdə demokratik təsisatların inkişafı yönümündə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Öncə nəzərə alaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olunduğu şəraitdə inkişaf edir. “Həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz məhz bu siyasəti aparırıq. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Həyata keçirilən təkmil islahatların uğurlu nəticələrini gündəlik həyatlarında hiss edən xalqımız irəli sürülən təşəbbüsləri dəstəkləməklə Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verir. Xalq-iqtidar birliyi ölkədə xoş ab-havanın yaranmasında əhəmiyyətli rol oynayır. Xalqımız dövlət başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüsü dəstəkləyir, ətrafında sıx birləşir. Tarixi Zəfərimiz bu birliyimizin təqdimatı oldu.
Digər sahələrdə olduğu kimi, Azərbaycanın demokratiya təcrübəsi də nümunə göstərilir. Demokratikləşmə prosesinin sürətləndirilməsini, ölkənin hərtərəfli inkişafında əsas olduğunu önə çəkən dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımların nəticələri göz önündədir. Konstitusiyamızın qəbulundan ötən 29 ilə yaxın dövrdə ali qanunumuza 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumların keçirilməsi, əfv Sərəncamlarının imzalanması, Amnistiya aktlarının qəbulu, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər, yeni «Media haqqında» və “Siyasi partiyalar haqqında” qanunların qəbulu, vətəndaş cəmiyyəti quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün 30 faizdən artıq maliyyəsini xaricdən alan ictimai birliklərin seçkiləri izləmələrinə qoyulan qadağanın aradan qaldırılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının yüksək səviyyədə qorunması, bu sahədə mövcud qanunvericilik bazasının dövrün tələbinə uyğun olaraq təkmilləşməsi və sair kimi önəmli tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi nümunədir, öyrənilməsi vacibdir. Ən əsası seçkilərdə mütərəqqi təcrübələrin- barmağın şəffaf mürəkkəbə boyanması, “exit-poll”un keçirilməsi, veb-kameraların quraşdırılması və digər mütərəqqi yeniliklərin tətbiqi beynəlxalq səviyyədə təqdir olunan addımlar sırasındadır.
Azərbaycan dövləti islahatları dövrün tələbinə uyğun yeniləşdirməklə yanaşı, qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməkdə maraqlıdır və bunu əməli işdə sübut edir. Tarixi Zəfərimizdən sonra «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflər təbii ki, ilk növbədə ölkədə demokratik islahatların uğurla davam etdirilməsini bir tələb kimi qarşıya qoyur.
Bu reallığı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə ən mütərəqqi prinsiplərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan seçki institutu yaranıb. Seçki sistemi təkmilləşdirilir. Məlumdur ki, 2003-cü ilin mayında Seçki Məcəlləsi Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunub. Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq əməkdaşlıq sayəsində bu sənədə əlavə və dəyişikliklər edərək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu sübut edib. Həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilib. 2016-cı ildə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər bir daha Azərbaycan dövlətinin təkmilləşmədə, yeniləşmədə nə qədər maraqlı olduğunu, ən əsası demokratik prinsipləri inkişafın əsası kimi dəyərləndirdiyini nümayiş etdirdi. Ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Bu da onu təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha vətəndaş amilinə dəyəri nümayiş etdirmişdir. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların layiqli həyat səviyyəsini təmin etməkdir. Bütün bunlar vətəndaş məmnunluğunun artırılmasına xidmət edən addımlar sırasındadır.
Uğurlarımızın qısa təhlili bu ümumiləşdirməyə əsas verir ki, dövlətimizin başçısının vurğuladığı kimi, güclü Azərbaycan daim əsas hədəf olub. Bu gün qalib, bütövləşən Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Cənab İlham Əliyevin daim çıxışlarında, müsahibələrində qeyd etdiyi kimi, cari ilə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycan dövləti, xalqı kimi başlamışıq. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır.
Yeganə Əliyeva, “İki sahil”