Əsas səhifə 

Nəyi ediriksə, dəqiqliklə edirik – ŞƏRH

Bütün hərbi  əməliyyatları Zəfərlə  başa vuran, düşmənə sarsıdıcı zərbələr endirən  Azərbaycanın Xankəndidə dalğalanan Bayrağı Ermənistan kimi, ABŞ-Azərbaycan, Fransaya da göz dağıdır

Öz maraqlarına, Cənubi Qafqaz siyasətlərinə  uyğun  Minsk qrupunu yaradan ATƏT-in məqsədi  artıq tarixin arxivinə  atılmış «Dağlıq Qarabağ münaqişəsi»ni  Ermənistanın istəyinə  uyğun  həll etmək idi.  Fəaliyyətə  ikili standartlar prinsipindən başlayan  ABŞ, Rusiya, Fransa üçlüyündən ibarət həmsədrlər institutunun formalaşdırılması, təmsilçilərin rotasiya qaydasında dəyişilmələri  siyasi şou olduğu üçün Ermənistanla Azərbaycan arasındakı  münaqişənin «həlli» qeyri-mümkün sayılırdı. Səbəbi də aydın idi. Müstəqilliyimizin ilk illərində  Azərbaycanda  baş verən hadisələr, respublika  rəhbərliyinin  tez-tez dəyişilməsi, ölkəmizə kənar qüvvələrin müdaxiləsi belə  erməni havadarlarının istədikləri istiqamətdə davam edirdi. İnformasiya blokadasına salınan Azərbaycanın səsinin eşidilməməsi, torpaqlarımızın  Ermənistan tərəfindən qarış- qarış işğal edilməsi belə Avropanın, ABŞ-ın  siyasi mətbəxində hazırlanan planların mənfur nəticəsi idi.

Avropa Şurasının, ATƏT-in ermənipərəst  rəsmilərinin   hazrladıqları qərəzli bəyanatlar,  Azərbaycanın həqiqətlərinə pərdə salan hesabatlar,  ermənipərəst xarici siyasətçilərin, öyrədilmiş  «tarixçilər»in saxta faktlara əsaslanan açıqlamaları ölkəmizin düşdüyü iqtisadi, siyasi blokadanı genişləndirirdi. Ermənistanın törətdiyi  Xocalı kimi dəhşətli  soyqırımını görməyən  məkrli  qüvvələr  Azərbaycanda burnu qanayan terrorçu erməninin müdafiəsi üçün  komissiyalar yaradır,  hesabatlar hazırlayır,  ölkəmizə eyni mənbədən qaynaqlanan, müxtəlif istiqamətlərdən idarə olunan hücumlar təşkil edirdilər. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyənlər «Minsk qrupu»  adı  ilə  Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına haqq qazandırdılar.

1993-cü ildə  Ulu Öndər, müdrik siyasətçi,  qətiyyətli şəxsiyyət Heydər   Əliyevin  hakimiyyətə qayıtması, Ümummilli Liderin şah əsəri olan neft strategiyasının ilk, eyni zamanda uğurlu addımı  olan «Əsrin müqaviləsi»nin imzalanması ilə  Azərbaycana olan soyuq  münasibət sonrakı illərdə «istilənməyə» başladı.   Ölkədə yaranan siyasi sabitlik nəticəsində tənəzzüldə olan respublikamızın  iqtisadiyyatı  konseptual proqramlar əsasında inkişaf etdirildi. Azərbaycanı əhatə edən  informasiya blokadası  yarıldı. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin  respublikaya rəhbərliyə başlaması ilə vəziyyət kökündən dəyişildi. Ölkəmizə maraq artdı.  Müəllifi olduğu qlobal enerji və nəqliyyat layihələrini reallaşdırmaqla  Azərbaycanı dünyada tanıdan Prezident  İlham Əliyev hakimiyyətinin ilk mərhələsində «Nəyin, necə , nə vaxt həll oluncağı»  hikmətinə  arxalanaraq  beynəlxalq əhəmiyyətli  ideyaların, bəşəri dəyərlərin əks olunduğu çağırışların  müəllifi kimi dünyada böyük nüfuz qazandı.  Azərbaycan  BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi üzvü olduğu 2 il müddətində  dünyada sülhə töhfə olan  humanist layihələri diqqəti cəlb etdi.   BMT-dən sonra  ikinci böyük, səlahiyyətli təsisat olan Qoşulmama Hərəkatına sədrliyi,  bəşəri bəla olan COVID-19-la mübarizə dövründə humanist  təşəbbüsləri ilə  bütün dünyada  böyük nüfuz qazandı. Bu yüksəlişlə müqayisədə  Azərbaycana qarşı  yönələn  mənfur niyyətlərin aşkarlanması dünya siyasətinə təsirsiz ötüşmədi. Siyasi, hərbi, iqtisadi qüdrəti ilə super dövlətlər sırasına yüksələn  Azərbaycanla müqayisə olunmayacaq dilənci, korrupsioner, terrorçu dövlət kimi tanınan  Ermənistan xarici havadarlarının  dəstəklərini tədricən itirdi.

2020-ci ildə  yenə də xarici masalarda hazırlanan planlara  uyğun  Ermənistanın  Tovuzda  törətdiyi  təxribat rəsmi İrəvanın  və havadarlarının Cənubi Qafqaz siyasətini iflasa uğratdı. «BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, «hərbi variant yoxdur»” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər» söyləyən Prezident, Ali Baş Komandan  İlham Əliyev qətiyyəti ilə  ölkəmizə qarşı yönələn neqativ niyyətlərin qarşısına sədd çəkdi.  44 gün davam edən İkinci Qarabağ müharibəsində  Azərbaycanın qazandığı Zəfər  ölkəmizin müdafiə qüdrətinin sarsılmazlıq nümunəsi olmaqla qərəzli «üçlük»dən ibarət Minsk qrupunun təqaüdə  göndərilməsini də zəruriləşdirdi..

Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Zəfərimiz  Cənubi Qafqaz niyyətlərinin baş tutmamasından kədərlənən erməni havadarlarının « ssenariləri»nin motivlərini dəyişdi.  Rusiya- Ukrayna  müharibəsinin başlanması ilə   Minsk  üçlüyünün  digər həmsədrləri  rəsmi Kremlin qrupdakı fəaliyyətini «qayıb», «ne bıl» işarəsi ilə sonlandırdılar.

Amma bəd niyyətlər davam edirdi. Vətən müharibəsindən sonra belə Ermənistanın başsız baş naziri Nikol Paşinyanın korafəhim beynini yeni ərazi iddiaları ilə dolduran ABŞ,  Fransa, Ağ Evin  dirijor çubuğu ilə hərəkət  edən Avropa İttifaqı (Aİ)  ölkəmizə qarşı  ən çirkin, beynəlxalaq hüquq normalarına zidd , cinayət xarakterli  təxribatlara belə əl atırlar.  Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına  mane olmaq üçün  Paşinyanı  şirnikləndirici vədlərlə tora salırlar.  Rəsmi İrəvandan istifadə etməklə Cənubi Qafqazı yenidən müharibə ocağına  çevirməyə çalışırlar. Aİ-nin  Ermənistanda  mülki missiya adı ilə  yerləşdirdiyi, getdikcə sayı artan   «mülkilər»in patrul  xidmətləri hərbi vəzifə ilə əvəzlənir.  Aİ-nin bu ili aprel ayında  Brüsseldə təşkil etdiyi üçtrəfli görüşdə   Ermənistana nəzərdə tutulan «yardımlar  paketi» aktuallaşır. Fransa illərdən bəri  Ermənistana göstərdiyi  müxtəlif istiqamətli  hərbi yardımlarını davam etdirir.   Ağ Evin  Ermənistana 65 milyon dollarlıq «yardım paketi»  Cənubi Qafqazda yeni müharibənin közərmiş alovuna nəfəs verir. ABŞ-ın  Birləşmiş Ştatlarda  yaşayan erməni əsilli əsgərlərdən ibarət formalaşdırdığ hərbi kontingentlə ermənistanlı   hərbçilərin birgə təlimləri keçirilir. Bu təlimlər isə Ermənistan rəsmiləri tərəfindən  «sülhməramlı əməliyyatlar», «sülhməramlı missiya» kimi dəyərləndirilir. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.  Məqsəd  ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərmək, Rusiya və İrana haylar vasitəsilə  əzələ nümayişi, barmaq silkələməkdir.  Təbii  ki, sözdə  Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edən Ağ Evin  «hərbi təlimatları» niyyətlə əməlin tərs mütənasibliyidir.

İllərdən bəri  Ermənistanda  Rusiyanın hərbi  qüvvəsi  kimi fəaliyyət göstərən 102-ci bazanın çıxarılması,   İrəvanın ən iri hava məkanı olan Zvartnov beynəlxalq aeroportununun təhlükəsizliyini qoruyan rusiyalı  əsgərlərin İran və Türkiyə ilə sərhəd bölgələrində yerləşdirilməsi, Hayastanın KTMT-dən çıxacağı barədə  xəbərdarlığı təbii ki, Kremli qıcıqlandırır. ABŞ-ın və Fransanın fikrincə, bu cür  yerdəyişmələr Rusiya –Ermənistan  strateji müttəfiqliyinə son qoyacaq. Ermənistandakı revanşist qüvvələri yeni müharbəyə təhrik etməklə, Qarabağı könüllü tərk edən erməniləri yenidən Xankəndiyə qayıdacaqları vədi ilə şirnikləndirməklə məqsədlərinə çatacaqlarını güman edən ABŞ-Fransa müttəfiqliyinin çürük ideyalara əsaslanan  niyyətlərinin baş tutmayacağını hər kəs bilir. «Qisas»”, «Sarıbaba-Qırxqız»”,  «Fərrux» əməliyyatlarında Azərbaycan əsgərinin qarşısında dayana bilməyib silahını atıb döyüş bölgəsini tərk edən  Ermənistanın fərari ordusunun  məğlubiyyəti  havadarlarını da kədərləndirmişdi. Hadisələr göstərir ki, Ermənistan eyni vəziyyətlə yenə də  qarşılaşacaq. Reallıq göz qabağındadır.

Güclü iqtisadiyyat, müasir ordu və sosial rifah sahələrində böyük irəliləyişlər əldə edən,  İkinci Qarabağ müharibəsindən sonra  müdafiə qüdrətini daha da gücləndirən,  yeni enerji, nəqliyyat layihələrini reallaşdıran, təşəbbüskar  kimi , regional  əhəmiyyəti ilə diqqət çəkən  Azərbaycan  dünya siyasətinin əsas oyunçularına çevrilmişdir. Torpaqlarını Ali Baş Komandan kimi  Silahlı Qüvvələrimizin rəşadəti, xalqın birliyi  ilə azad edən Prezident  İlham Əliyevin regional sülhə, bölgədə sabitliyin təminatına verdiyi töhfələrin, humanizmə, birliyə  çağırış ideyalarının beynəlxalq səviyyədə dəstəklənməsi  strateji enerji, nəqliyyat qovşağına çevrilən ölkəmizin  beynəlxalq əhəmiyyətini daha da artırır.   Ali Baş Komandan İlham Əliyevin rəhbərliy ilə Azərbaycan  Silahlı Qüvvələrinin  arsenalı müasir hərbi texnikalar və avadanlıqlarla  gücləndirilir.Yeni komando birliklərinin yaradılması prosesi davam etdirilir.

Azərbaycanın bu cür uğurlarına qısqanan, İkinci Qarabağ müharibəsindən sonra ərazilərimizdə qalmış separatçıların və qanunsuz erməni silahlı birləşmələrin məhvindən  şoka düşən Ermənistana dəstək göstərənlər  mütəmadi olaraq terror-təxribat fəaliyyətlərini davam etdirsələr də , hərbi təlimlər keçirib, «mülki missiya»lar yaratsalar da, müxtəlif həcmli  «yardımlar paket»ləri hazırlasalar da  əsli, kökü, tarixi saxtakarılqlardan ibarət olan  Ermənistanı diriltmək cəhdləri baş tutan missiya deyil. Yeni yaradılan hərbi birliklərin döyüş hazırlığının  səviyyəsi bir sutkadan da az davam edən antiterror tədbirlərində  daha  aydın nümayiş etdirildi. Vətən müharibəsindən sonra  Fransanın Ermənistanı silahlandırmasının açıqlaması budur:  «Toydan sonra  nağara, xoş gəldin Makron ağa.»

Aİ-nın,  ABŞ-ın yalan vədlərinə inanaraq «Bəlkə də qaytardılar» xəyalı ilə yaşayan, yuxusunda  Cıdır düzündəki yallısını görən, məruz qaldığı  məğlubiyyətlərindən  dərs almayan Ermənistan  Ağ Evdə, Yelisey Sarayında baş verənlərə nəzər salmaqla  onu gözləyən ümidsizliyi, qaranlıq  günləri təsəvvür edə bilər. ABŞ-da keçiriləcək prezident seçkiləri  haqqında  müsbət fikirlərin səslənməməsi belə Ermənistanı  xam xəyallardan ayırmır.   Ermənistandan fərqli olaraq  Azərbaycan yalnız öz siyasi, hərbi qüdrətinə və güclü milli iqtisadiyyatına söykənərək regionda sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar yaradır, qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itkilərlə çıxmağı bacarır.  İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq  işləri də Prezident İlham Əliyevin  aforizmə  çevrilən «Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”»  xəbərdarlığından belə ayılmayan Makron, Paşinyan onları gözləyən acı aqibəti  yaşayacaqlar.

Bu gün Ermənistanda hərbi təlimlər keçirən ABŞ da,  Aİ-nin Ağ Evin məsləhətləri ilə  fatısayaq qalxıb- oturan,  nala-mıxa vuran  rəsmiləri də,  siyasi savadsızlığı,  XXXIII Yay Olimpiya Oyunlarında  baş verən rəzilliklərə görə  xəsalət çəkməli olan Makron da bilməlidir ki, Azərbaycanın bütün qələbələri  xalqın  birliyi, həmrəyliyi ilə bağlıdır. Ermənistanda isə  ağız deyəni qulaq eşitmir.  Saxtakarlıqla, oğurluqla formalaşdırdıqları ərazi   ermənilər üçün ayaq basıb keçdikləri  adicə torpaqdır.  Hər torpaq isə Vətən sayılmaz. Buna görə də  dığalar, haylar tarixən bir qarın çörəyə şərəfini satan millət kimi tanınırlar.  Ermənilər arasında  miqrasiyanın, kütləvi köçün artmasını  belə dəyərləndirmək olar: «Sənə məxsus olmayanın uğrunda ölməyə dəyməz.» Buna görə də  qonşularla əmin-amanlıq şəraitində  yaşamaq yolunu seçmək ermənilər üçün ən yaxşı variantdır.

Atılan bütün torların ovuna çevrilən , min cür xəyallarla  yaşayan  ermənilər Prezident İlham Əliyevin Cənubi Qafqazın gələcəyi ilə bağlı bu    müdrik  sözlərindən nəticə çıxarsalar daha yaxşı olar: « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

Xuraman İsmayılqızı, “İki sahil”

Daha çox xəbərlər