Region Xəbərləri 

Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf etdirilir

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olmaları bu əlaqələrin daha da inkişaf etməsinə səbəb olur. Bundan başqa bu xalqları bir-biri ilə din eyniliyi də birləşdirir. Uzun müddət bu xalqlar bir imperiyanın tərkibində olmuş, vahid bir mərkəzdən idarə olunmuşlar. SSRİ dağıldıqdan sonra xalqlar arasında münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə diplomatik əlaqələri 1991-ci ildə müstəqillik əldə etdikdən sonra rəsmi səviyyədə qurulmuş və dövlət başçılarının qarşılıqlı səfərləri ilə daha da inkişaf etdirilmişdir.
Belə ki, 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1997-ci ildə Qazaxıstan Respublikasında, 2006-cı ildə isə Qırğızıstan Respublikasında (Bişkek şəhərində), eyni ildə Taciksitan Respublikasında (Düşənbə şəhərində) səfirliklərin, eyni zamanda 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qazaxıstanın Aktau şəhərində Baş Konsulluqğun təsis edilməsinin iki tərəfli diplomatik əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsində böyük əhəmiyyəti olmuşdur.
Həmçinin, ölkəmizin bir sıra şəhərləri ilə Mərkəzi Asiya dövlətlərinin şəhərləri ilə qardaşlamışdır ki, bu da ikitərəfli əlaqələrə öz tövhəsini vermişdir. Belə ki, Gəncə şəhəri ilə Tacikistanın Düşənbə şəhərinin, Lənkəran şəhəri ilə Özbəkistanın Buxara şəhərinin, Sumqayıt şəhəri ilə Qazaxıstanın Aktau şəhərinin, Şuşa şəhəri ilə isə Türkistan şəhərinin qardaşlaşması ölkələr arasında mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayır.
Bundan əlavə, Mərkəzi Asiya dövlətlərinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü, 44 günlük Vətən Müharibəsində Azərbaycanın haqlı mübarizəsini dəstəkləmələri dövlətimizlə Mərkəzi Asiya dövlətləri arasında olan qardaşlıq əlaqələsinin mühüm göstəricisidir.
Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərlərinin müntəzəm xarakter alması ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Belə ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Həmçinin, Prezident İlham Əliyev 09 avqust 2024-cü ildə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü zamanı öz çıxışında bildirmişdir ki ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrində Türk dünyası ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Bu da, Azərbaycan Respublikasının xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin vacib rola malik olduğunun bariz göstəricisidir.
Eyni zamanda region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə öz töhfələrini vermələri bu qardaşlıq münasibətlərinin sübutudur.
Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. İlk dövlət səfərini Azərbaycana etməsi də iki dövlət arasındakı əlaqələrin əhəmiyyətli olduğunu göstərir.
Həmçinin, 12 mart 2024-cü ildə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin açılışının olması, həmçinin Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi ölkələr arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.
Bundan əlavə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun 5 aprel 2024-cü ildə Azərbaycan Respublikasına səfəri zamanı Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar ki, bu səfər zamanı hər iki ölkə Prezidenti tərəfindən Xıdırlı kənd tam orta məktəbinin təməli qoyulmuşdur. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası eyni zamanda, bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışının baş tutması iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin inkişafı üçün vacibdir.
Son olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 09 avqust 2024-cü ildə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə “Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir” deyə bildirməsi, Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa maraqlı olduğunun, bu əlaqələrin daim yüksələn xətlə inkişaf edəcəyinin və bu inkişafın Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyinin bariz nümunəsidir.
Alimə Məmmədova – Bərdə rayonu Qarağacı kənd tam orta məktəbin tarix müəllimi

Daha çox xəbərlər