Bərdədə seçicilərlə görüşlər davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüşləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Azərbaycanın dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutduğunu bildirib. Bu inkişafın əsasında uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursunun dayandığı vurğulanıb.
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım ümumxalq partiyası olan YAP-ın bundan sonra da qarşıda duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirərək ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcəyini bildirib. Namizəd əminliklə söyləyib ki, sentyabrın 1-də keçiriləcək seçkilər yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaq.
Görüşlərdə təbliğat qrupunun üzvləri şəhid anaları Mehparə Qəribova, Radə Qurbanova, İsbət Hətəmova çıxış edərək YAP-ın ümumxalq partiyası kimi ölkəmizin inkişafında mühüm rol oynadığını bildiriblər.
Seçicilər Roza Quliyeva, Nazilə Qocayeva, Leyla Tağıyeva, Həsənli kəndindən şəhid anası Səltənət Musayeva, Talıb Vəliyev, İmran Rəsulov və digərləri uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Görüşlərdən sonra Fatma Yıldırım Milli Qəhrəman şəhid Elgiz Kərimovun ailəsini ziyarət edib, Köbər kənd sakini Ramiz Cəfərovun, Həsənli kəndində Adil Həsənovun evində fərdi görüşlər keçirib. Həsənli kəndində şəhid Müşfiq Vahid oğlunun əziz xatirəsinə tikilmiş bulağın önünə gül dəstələri qoyulub.