AŞPA deputatları Azərbaycana BU şərtlərlə buraxıla bilər
AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid edib. O, “X” sosial şəbəkəsində yazıb:
“Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir”.
Bir müddət əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil edib:
“AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək”.
Frank Şvabe həmçinin Azərbaycanın yenə parlament seçkilərinə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidəçi kimi dəvət olunmamasına irad bildirib. Bununla belə, Şvabe COP29-da iştirak üçün Azərbaycana gəlmək niyyətində olduğunu deyib.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, deputatların Azərbaycana gəlmə istəyinin arxasında başqa niyyətlər ola bilər:
“AŞPA-da Azərbaycan səsvermə hüququndan məhrum edildikdən sonra münasibətlər soyudu, Azərbaycanın təşkilatdakı fəaliyyəti donduruldu. Münasibətlərin normallaşması üçün heç bir addım atılmır. Belə bir ərəfədə Azərbaycanın səsvermə hüququndan məhrum edilməsinə təşəbbüs göstərən və səs verən deputatların ölkəmizə gəlmək istəmə səbəbi müəmmalıdır. Bunu təxribat kimi qiymətləndirənlər də var. Azərbaycan həmin deputatlara viza vermir. Bunu normal qəbul etmək olar, çünki həmin deputatlar Azərbaycan əleyhinə səs veriblər. Azərbaycan hakimiyyəti düşünür ki, onların Azərbaycana gəlişində başqa niyyətlər var. Bu ona bənzəyərdi ki, ABŞ-də hər hansı ermənipərəst konqresmen, Frenk Pellon, yaxud indi məhkəməsi gedən Bob Menendes 30 il Azərbaycan əleyhinə işlədikdən, ermənilərin pulu ilə ölkəmiz əleyhinə sənədlər qəbul etdikdən sonra Bakıya gəlmək istəsin. Onlar Bakıya gəlsələr belə, heç nə dəyişməyəcək. Döndükdə yenə də Azərbaycanı tənqid edəcək, ölkəmiz əleyhinə sanksiyaların qəbul edilməsinə çağıracaqdılar. AŞPA da həmçinin Azərbaycan əleyhinə səs verən deputatların gəlişi də buna bənzəyərdi. Azərbaycanın AŞPA-da səsvermə hüququ bərpa edilərsə, münasibətlərin normallaşması prosesi başlayacaq. Bu halda AŞPA -dakı deputatların Azərbaycana gəlişi üçün maneə qalmaz”.
Xatırladaq ki, yanvarın 24-də AŞPA Azərbaycanın Avropa Şurası qarşısında “əsas öhdəliklərini yerinə yetirməməsi”, eləcə də prezident seçkilərinə Assambleyadan müşahidəçilər dəvət etməməsi səbəbindən ölkənin nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə təsdiq etməyib.
Nigar HƏSƏNLİ,
Musavat.com