Məktəbli formaları ödənişsiz verilməlidirmi?
Yeni tədris ili yaxınlaşdığına görə valideynlər övladlarına məktəbli forması alırlar. Nəzərə alsaq ki, bir çox ailələrdə 2-3 məktəbli var, bu qiymət hər ailənin büdcəsinə uyğun olmur. Məktəbli formaları ödənişsiz verilməlidirmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hər bir valideyn məktəb tərəfindən qəbul edilmiş standartlara uyğun olan formanı özü tikdirə bilər. Bu qanunla qadağan olunmayıb. Əgər valideyinlərə tikiş evləri tərəfindnə təklif edilən geyimlər baha gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər:
“İlk növbədə qeyd edim ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir.
Düzdür, hazırda respublikanın demək olar, 4500-dən çox orta təhsil müəsssisələrində şagirdlər məktəbə vahid formada gedirlər. Etiraf etməliyəm ki, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə bərabər, həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır. Amma bir məqamı xüsusi qeyd edim ki, hər bir məktəbin pedaqoji şurası öncədən müəyyən olunan dizayn və məktəbli formalarının etiketlərini məktəb kollektivi ilə müzakirəyə çıxarır. Məktəb üçün uyğun hesab olunan dizaynda qəbul edilən məktəbli forması həmin tədris ili üçün vahid forma kimi qəbul edilir. Hətta bəzi orta ümumtəhsil məktəblərimiz ibtidai və yuxarı sinif şagirdləri üçün fərqli məktəbli formaları tətbiq edirlər. Düzdür, bəzi hallarda məktəb direktorları tikiş evləri ilə qeyr- rəsmi razılıq əldə edir ki, o bütün şagirdləri ancaq o satış dükanından almağa yönəldir. Amma qeyd edim ki, hər valideyn məktəb tərəfindən təsdiq edilmiş formanın eskizini əldə edərək övladının geyimini istədiyi yerdə tikdirə bilər. Amma formanın təsdiq edilən standartlara uyğun olması şərti ilə. Yəni hər bir valideyn məktəb tərəfindən qəbul edilmiş standartlara uyğun olan formanı özü tikdirə bilər. Bu qanunla qadağan olunmayıb. Əgər valideyinlərə tikiş evləri tərəfindnə təklif edilən geyimlər baha gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər”.

