ELMİN MƏNƏVİ SİMASI ,ONUN KİMİN ƏLİNDƏ OLMASINDAN ASILIDIR. 15 sentyabr Bilik gününüdür!
15 sentyabr hər il ölkəmizdə Bilik günu kimi qeyd olunur. Prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.
Bilik günü məktəbə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata, məktəb həyatına qədəm qoyacaqlar.
Ölkəmizdə tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Millətimiz elmi, biliyi həmişə yüksək qiymətləndirib, övladlarının savadlanması üçün əllərindən gələni əsirgəməyib. Azərbaycan təhsili, xüsusilə son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Gənclərimizin mənəvi-əxlaqi tərbiyəsində, hər bir şagirdin şəxsiyyət kimi formalaşmasında, inkişafında müəllimin rolu danılmaz və təkzibolunmazdır. Biz müəllimlərin əsas amalı şagirdlərin bacarıq və istedadının oyanmasında bütün imkanlarımızı səfərbər edib, ölkəmiz üçün əsl şəxsiyyət formalaşdırmaqdır. Bu mənada şagirdlərin nəzərində müəllim nəinki düzgün, səmimi, dürüst olmalı, həm də özünü ətraf mühitdə və cəmiyyətdə baş verən mənfi hallara qarşı, mənəvi ideallar uğrunda mübariz kimi göstərməlidir. Çünki şagirdlər böyüklərin, o cümlədən müəllimlərin hərəkət və davranışlarını şüurlu şəkildə təqlid edirlər. Onların şüurunda müəllimin davranışı, jestləri, danışıq tərzi, hətta geyimi böyük iz buraxır. Bir sözlə, müəllim uşaqları ruhlandıran və məktəbi ailəyə çevirən canlı qüvvədir.
Mən də öz növbəmdə ,,Bilik günü” münasibətilə Elm və Təhsil naziri Emin Əmrullayev başda olmaqla bütün təhsil sektorunda çalışan işçiləri,o cümlədən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəisi Fuad Bədəlovu ,sektorun kollektivini ,Qubadlı rayon Təhsil Şöbəsinin idarə heyətini və ilk dəfə təhsil prosesinə başlayan birincilər də daxil, bütün abituriyentləri, o cümlədən ölkəmizdə fəaliyyət göstərən bütün təhsilverənləri səmimi qəlbdən təbrik edir, onlara millətimizin və dövlətimizin tərəqqisi yolunda uğurlar arzulayıram.
Bilik gününüz mübarək!
Müəllim, Pedaqoq
İlin müəllimi
Aran Media qəzetinin baş redaktoru
“Aran Media Group”un direktoru
Şeyda Əzizova.