Siyasət 

Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin ölkə Parlamentinə təqdim etdiyi yeni proqramı pisləyib

Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin ölkə Parlamentinə təqdim etdiyi yeni proqramı pisləyir.

Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun açıqlamasında deyilir.

“Niderland Hökuməti ölkə Parlamentinə yeni proqram təqdim edib. Proqram Nazirlər Kabineti tərəfindən təsdiq olunub və indi Parlamentdə müzakirə olunmalı və təsdiq edilməlidir.

Əsrlər boyu müstəmləkəçi ölkə olan Niderlandın gec də olsa əsarət altında saxladığı xalqların azadlığına hörmət edəcəyini və özündən on min km-lərlə uzaqlıqda yerləşən ərazilərin müstəqil yaşaması üçün tətbiq etdiyi maneələri aradan qaldıracağına dair cüzi də olsa gözləntilərimiz özünü doğrultmadı.

Niderlandın yeni hökumətini formalaşdıran Azdalıq partiyası, Azadlıq və Demokratiya naminə Xalq partiyası, Yeni Sosial Müqavilə və Fermerlər və Vətəndaşlar Hərəkatı nizamnamələrində “azadlıq” uğrunda mübarizə apardıqlarını yazsalar da, Karib hövzəsində yerləşən 6 dövlətin – Aruba, Kürasao, Seint Maartən, Bonayre, Seint Eustatius və Saba adalarının xalqlarının azadlıqlarını boğmaqda davam edirlər.

Hökumətin təqdim etdiyi yeni proqramda iddia olunur ki, Bonayre, Seint Eustatius, Saba adalarında yaxşı idarəetmə və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, adaların rifahının artırılmasına yönəlmiş qanunvericilik və strateji təşəbbüslər həyata keçirəcək. Bunun üçün Ümumi İdarəetmə Qanunu hazırlanacaq ki, bu yanaşma “riayet et və izah et” prinsipinin tətbiqini nəzərdə tutur.

Beləliklə Niderlandın sağçı-millətçi yeni Nazirlər Kabineti özündən əvvəlki hökumətin koloniyal siyasətini davam etdirməyə hazırlaşır. Hökumət bu adaların bəzilərinin avtonom statusa malik olduğunu iddia etsə də, əslində isə bu ərazilər tamamilə Niderland Krallığından asılı vəziyyətə salınıb. Hətta bu adalar BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılıb.

Niderland müstəmləkələrindəki real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu ilin 22 avqust tarixində Bakıda Bonayre adasına həsr edilmiş “Bonaıre’s Pathway From Baku Through Un General Assembly To Self-Determınatıon” adlı beynəlxalq konfrans keçirilib.

Azadlıqları uğrunda mübarizə aparan bu xalqlar, xüsusən də Bonayre adası BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bu ilin oktyabrında BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.

Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edir”, – Bakı Təşəbbüs Qrupundan bildirilib.

Daha çox xəbərlər