“Azərbaycanla bağlı müsbət mesajlar verə bilərdi…”
“İran prezidenti Məsud Pezeşkianın mətbuat konfransında qeyd etdikləri onun xarici siyasətdə atacağı addımlara müəyyən aydınlıq gətirdi. İlk növbədə ənənəvi İran rejiminin siyasətini davam etdirəcək”.
Bunu Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert hesab edir ki, bununla da İran prezidenti xarici siyasətdə hər hansı bir ciddi dəyişikliklərə getməyəcəyini nümayiş etdirdi:
“Müsəlman ölkələri və müsəlmanların birliyindən danışsa da, onun səmimi olmadığı görünürdü. Çünki İran İraq istisna olmaqla, qonşu müsəlman ölkələri ilə konfliktdədir. Türkiyə ilə də bağlı aydın bir mövqe ortaya qoymadı”.
M.Əsədullazadənin sözlərinə görə, Tehran rejiminin Azərbaycanla bağlı siyasəti destruktivdir:
“Bunu yeni prezidentin açıqlamasında da gördük. Azərbaycan məsələsinə səthi yanaşdı. Xarici siyasətdə SEPAH-ın ona verdiyi təlimatlar əsasında hərəkət edəcək və verilən tapşırıqları yerinə yetirəcək”.
Siyasi ekspert onu da vurğulayıb ki, İranın yeni prezidentindən Azərbaycanla bağlı normal siyasət gözlənilirdi:
“Amma ali dini rəhbər və SEPAH ona Azərbaycanla sərt xətti davam etdirmək üçün tapşırıqlar verib. O da mətbuat konfransında bunu nümayiş etdirdi. Halbuki, Azərbaycanla bağlı müsbət mesajlar verə bilərdi. Bu, ona Cənubi Azərbaycanda daha çox rəğbət və Azərbaycan Respublikasında etimad yaradardı. Görünür, İranın ənənəvi sasani siyasətini dəyişmək prezidentin də gücündə deyil. İran yeni prezidentindən Azərbaycanla bağlı müsbət irəliləyişlər gözləməyə dəyməz”.