Xalqımız Anım Gününü dərin ehtiramla yad edir
Azərbaycanın 27 sentyabrda verdiyi müharibə qərarında beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı
Xalqımız Anım Gününü dərin ehtiramla yad edir
27 sentyabr tarixini Azərbaycan xalqı II Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, şəhidlərini dərin ehtiramla yad edir. Tariximizə qızıl hərflərlə yazılan bu möhtəşəm gün Qarabağda erməni işğalına son qoyulduğu, milli həmrəyliyimizin təzahür etdiyi şərəfli bir gündür. Prezident İlham Əliyev anım günü münasibətilə çıxışında bu günün tarixi əhəmiyyətini belə ifadə etmişdir: «Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Əslində bu gün keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 27 sentyabr Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbə tariximizdir. Azərbaycan bu tarixdə öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları puça çıxardı. Müzəffər Ali Baş Komandan xalqımızın iradəsini, əldə etdiyi şanlı qələbəni belə xarakterizə edirdi: «Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Dövlətimizin başçısı öz çıxışında Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin millətimiz və dövlətimiz üçün ən yüksək zirvədə qərarlaşdığını böyük iftixar hissi ilə ifadə edib: «Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq». Azərbaycanın 27 sentyabrda verdiyi müharibə qərarında beynəlxalq hüquqla da, mənəvi baxımdan da tam haqqı çatırdı. Ərazisinin 20 faizini itirmiş, atəşkəs rejimi şəraitində belə erməni hücumlarına məruz qalmış, şəhidlər vermiş ölkənin bundan başqa çıxış yolu yox idi. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Münaqişənin həlli üçün yaradılan bütün platformalar, formatlar əslində formal xarakter daşıdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə hər gəliş-gedişi quruca ümiddən başqa heç nə vermədi.
44 gün ərzində öz şücaətləri ilə igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Ölümə meydan oxudular, ana Vətənə canlarını qurban verməkdən belə çəkinmədilər, şəhid, qazi oldular.
Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi də igidlərimizə yüksək ehtiramdır.
Bütün baş verənlərə rəğmən Azərbaycan yalnız sülh, dinc yanaşı yaşamaq, bölgədə əməkdaşlıq mühiti yaratmaq istəyir. Ermənistan isə hələ də təcavüzkar əməllərini davam etdirir, üçtərəfli bəyanatın şərtlərinə əməl etmir. Azərbaycan isə işğaldan azad etdiyi torpaqlarında bu gün böyük əzmlə yenidənqurma, quruculuq işləri aparır.
Şeyda Əzizqızı
«AranMedia» GROUP-un direktoru

