Qarabağ Universitetindən iradlara CAVAB: “Reytinq və İP xətrinə edilən paylaşımlar…”
Bir neçə gündür sosial mediada Qarabağ Universitetinin tələbələri asudə vaxtda rəqs edərək əyləndikləri üçün tənqid olunurlar. Tələbələrin ilk həftəsonunda yayılan görüntüləri birmənalı qəbul edilmir.
Təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb:
“Qarabağ Universiteti adıyla daşıdığı ərazinin simvolik və strateji əhəmiyyətinə uyğun olaraq ciddi bir elmi və akademik mərkəz olmalıdır. Bu universitetdən xalqın və Prezidentin gözləntiləri böyükdür. Qarabağın yenidən dirçəlməsi və təhsil sistemində nümunəvi bir mərkəzə çevrilməsi üçün bu ocağa yalnız təhsil ocağı kimi deyil, həm də milli qürur və inkişafın rəmzi kimi baxılır. Amma son zamanlar sosial şəbəkələrdə yayılan videolara baxanda sanki universitet yox, bir əyləncə mərkəzini izləyirik. Tələbələrin kollektiv şəkildə mahnı oxumaqları, rəqs etmələri, hətta meyxana demələri universitetin əsas missiyasını kölgədə qoyur. Bura konservatoriya-zad deyil!
Axı elmi nailiyyətlər, dərs prosesi və tədris keyfiyyəti niyə kənarda qalır? Bu cür qeyri-ciddi məzmun tirajlamaq universitetin adını və nüfuzunu zədələyir. Haradadır dərs prosesindən görüntülər? Niyə heç bir elmi və ya akademik müzakirə paylaşılmır? Qarabağ Universiteti Azərbaycan təhsil sistemində yeni bir səhifə açmalı, cəmiyyətin və ölkə rəhbərliyinin gözləntilərini doğrultmalıdır. Piar siyasəti kökündən dəyişdirilməlidir! Akademik mühitin, tələbələrin elmi nailiyyətlərinin ön plana çəkilməsi vaxtıdır. Universiteti qeyri-ciddi məzmuna sürükləyən hər hansı bir addım təkcə təhsilin deyil, həm də Qarabağın dirçəlişinə olan ümumi inamı sarsıdır”
Musavat.com xəbər verir ki, Qarabağ Universiteti rektorluğunun əməkdaşı Cavid Hüseynov məsələyə belə münasibət bildirib:
“Bunların əksəriyyəti reytinq və İP xətrinə edilən paylaşımlardır. Qarabağ Universitetində hər gün kifayət qədər maraqlı dərslər, görüşlər keçirilir. Milli musiqimizə, müasir yanaşmaya uyğun dərslər və hazırlıqlar aparılır. Qarabağ Universiteti yüksək təhsil və maraqlı sosial həyata start verib. Sadəcə olaraq bəzi səhifələr və saytlar tələbələrin yalnız bu formada “seçilmiş” videoalarını tirajlayır. Daha gözəl nümunələr isə Qarabağ Universitetinin sosial media hesablarında yer alır və həmin “media orqanları”nın diqqətini nədənsə çəkmir. Çox təəssüf…
Kimlərsə öz aləmində gülmək və ya reytinq üçün etdiyi bu paylaşımların əslində dövlətimizin haqq işinə, universitet quruculuğuna və digər vacib məsələlərə zədə vurduğunu anlamır. Bəlkə də anlayır…elə məqsəd budur…”
Nigar HƏSƏNLİ,
Musavat.com