Region Xəbərləri 

Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir

Azərbaycan 1991-ci ildən etibarən dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, siyasi sarsıntılardan hələ də xilas ola bilməmişdi. 1993-cü ilin əvvəlindən ölkədə dərin sosial-iqtisadi və xalqın mənəvi-psixoloji böhranı hökm sürürdü. Bütün bunlar ümumi böhrana gətirib çıxarmışdı. Ölkə parçalanmaq və dövlət dağılmaq astanasında olduğu bir şəraitdə Azərbaycan xalqı vəziyyətdən çıxmaqdan ötrü xilaskar axtarırdı. Belə bir şəxs yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi. Xalq Heydər Əliyevə inanır və ona xilaskar kimi baxırdı. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri Heydər Əliyevi dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılar qrupu Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.
1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə özseçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm. ”Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu Öndər bir ictimai-iqtisadi Iformasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onlarınAzərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosial yönümlü iqtisadiyyat modeli idi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik nümayiş etdirmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə çevrilməsinə nail olmuşdur. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız – azərbaycançılıq formalaşdı. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi.
Ulu öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib.İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də ümummilli liderimiz Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.
Azərbaycanın son otuz beş ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.Ümummilli liderimiz Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
Ulu Öndərin müəyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparır.
Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ümummilli lider Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi. Ulu Öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı, Prezident İlham Əliyev isə torpaqlarımızın xilskarı kimi yazdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində uğurla addımlayan, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq işlərini yüksək səviyyədə həyata keçirən, beynəlxalq nüfuzunu möhkəmləndirən, ordu quruculuğu sahəsində davamlı addımlar atan Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində Zəfər tarixini yazdı. Ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin nəticəsi olaraq Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Bu gün dünya güclərinin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edib, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri də bunun təsdiqidir.Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.
Arifət Əhmədova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru

Daha çox xəbərlər