“Məktəbəqədər təhsilin inkişafı üçün ciddi addımlar atılmalıdır” – EKSPERT
Bəzən valideynlər övladlarını məktəbə tez qoymağa tələsirlər. Onlar düşünür ki, uşaq məktəb və təhsil həyatına nə qədər tez başlasa, bu, onun gələcəyi üçün daha yaxşı nəticələr verə bilər. Lakin bu zaman uşaqlar dərs yükünü qavraya bilmir. Zaman keçdikcə dərslərini hazırlamaqda və oxumaqda çətinlik çəkirlər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəbəqədər təhsil, elm öyrənməyə başlamanın birinci pilləsidir:
“Bu təhsil sistemi nə qədər yaxşı təşkil olunarsa, digər pillələri də onunla birgə zəncirvari olaraq inkişaf edəcək. Məktəbəqədər təhsil kifayət qədər vacibdir. Bəzi ölkələrdə bu sistem icbari halda təşkil edilir. Təəssüflər olsun ki, məktəbəqədər təhsillə bağlı bizim ciddi problemlərimiz var. Bir çox hallarda məktəbəqədər təhsilin sonunciu pilləsi olan məktəbə hazırlıqla, məktəbə qədər təhsili qarışdırırıq. Məktbəhazırlıq 5 yaşlı uşaqların məktəbə sosial, psixoloji hazırlığı üçün əsas mərhələdir. Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin sayının az olması, orada şagirdlərə yer olmaması səbəbindən 2016-cı ildən məktəbəqədər hazırlığı biz ümumtəhsil məktəblərinə gətirdik.
Hazırda 5 yaşlı uşaqların təqribən 90% ümumtəhsil məktəblərində keçirilən hazırlıqlara cəlb olunub. Bu hazırlıqlarda keçirilən dərs sitemi isə kiçik yaşlı uşaqlar üçün çox ağırdır. Buna görə də onlar dərsləri anlamaqda və qavramaqda çətinlik çəkirlər.
Təhsil eksperti Elşən Qafarov qeyd etdi ki, məktəbəqədər təhsil güclü olmalı və Azərbaycanda buna çox ehtiyac var:
“Lakin biz bu sahəni doğru-düzgün həyata keçirmirik. Məktəbəqədər təhsildə, xüsusilə məktəbəqədər hazırlıq qruplarında dərs problemlərini aradan qalıdırmaq üçün ilk növbədə bu sahə üzrə təhsil almış gəncləri işə cəlb etməliyik. Məktəbəqədər hazırlıq qruplarında məktəbəqədər təhsilin dərsləri keçirilməlidir. Düşünürəm ki, məktəbəqədər təhsilin inkişafı üçün ciddi addımlar atılmalıdır”.

