Gündəm 

Azərbaycan yeni nəsil RAKETLƏR ALIR: Xüsusi döyüş başlığı, yüksək dəqiqlik… – FOTOLAR

SOM (Səthə Atılan Ortamənzilli Sursat) Türkiyənin müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raketdir. İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərindəki Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib.

2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 kilometrdən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri “ROKETSAN” şirkətinə həvalə olunub.

Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. Türkiyədə silahlanmaya qəbul olunan qanadlı raketlərin “ROKETSAN” şirkəti tərəfindən yaxın zamanlarda Azərbaycana göndərilməsi prosesi başlayacaq.

Bu raketlərin taktiki-texniki xüsusiyyətləri, Azərbaycanda silahlanmaya qəbul edilməsi ilə bağlı fikirlərini Medianews.az-a bölüşən Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi, ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev bildirib ki, SOM Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcək.

Onun sözlərinə görə, bununla da Azərbaycan 180 kilometrdən çox uzaqlıqda olan hədəfləri yüksək dəqiqliklə məhv etmək gücünə sahib olacaq: “Azərbaycan bu yaxınlarda Pakistandan yeni təyyarələr aldı. Bu təyyarələrin daşıya biləcəyi hava-yer tipli raketləri var. Ancaq bu, kiçik qabaritli hədəflər üçündür, elə də böyük dağıdıcı qüvvəyə malik deyil. Türkiyə istehsalı olan SOM raketləri isə həm uzaq mənzilli, daha dəqiq, asan idarə ediləndir, həm də böyük dağıdıcı qüvvəyə malikdir. SOM-B1 raketi 2019-cu ildə Bakıda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilib. 230 kiloqramlıq döyüş başlığına malik SOM raketinin cəmi ağırlığı 600 kiloqramdır. Raketin ilk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilib. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv edib. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. 2019-cu ildə bu raketin beton bunkerlərin dağıdılması üçün hazırlanan SOM-B2 versiyası uğurla sınaqdan keçirilib. SOM B2 modeli düşmənin sığınacaqlarına qarşı xüsusi döyüş başlığı ilə təchiz olunub. SOM-B1 raketindən fərqli olaraq, SOM B2 modeli iki dəlici döyüş başlığından ibarətdir. Raket hədəfə yönəlmədə GPS və inersial naviqasiya sistemindən istifadə edir. Ehtimal etmək olar ki, Azərbaycan Hərbi Sənayesi SOM raketlərini yeni alınmış Pakistan döyüş təyyarələrinə adaptasiya edəcək və nəticədə tamamilə yeni taktiki-texniki xüsusiyyətləri olan, yeni imkan-qabiliyyətlərə malik silah sistemi yaradacaq”.

Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il Vətən Müharibəsində Dünya Hərb Tarixinə yeni səhifə yazdığına, yeni nəsil müharibə nümayiş elətdirdiyinə diqqət çəkib. Vurğulayıb ki, Azərbaycan 2020-ci il Vətən Müharibəsini PUA-lar və Müasir Elektron Texnologiyaların tətbiq ilə həyata keçirib: “Fantastik kinolarda təsvir edilən kimi, quru və hava robotlarının insanla qarşılıqlı əlaqəli hərbi fəaliyyətini tətbiq etdik. Azərbaycanın hərbi sənaye mütəxəssisləri Silahlı Qüvvələrimizin ehtiyacları və tələblərini həyata keçirir, Ordumuzun texnoloji üstünlüyünü təmin edir. Hələ keçən əsrin müharibələrində də PUA-lar tətbiq olunub. Lakin Azərbaycanın yeniliyi onda idi ki, biz Prezident İlham Əliyevin uzaqgörönliyi və gələcəyə yönəlik addımları nəticəsimdə dünyanın ayrı-ayrılıqa bütün hərbi yeniliklərini öyrənib birləşdirdik. Yeni bir simbioz yaratdıq. Peyklərimizi yüksək eşelonlu İsrail PUA-larına, bunları orta eşelonlu Türk Bayraktarlarına, onları İsrail Kamikadzelərinə və Azərbaycanın “İtiqovanlarına” bağladıq. Bütün bu ayrı-ayrı, bir-birindən fərqli sistemləri kəşfiyyat zərbə sistemlərinə, raket-artilleriya, Hərbi Hava Qüvvələri və Quru Qoşunları ilə qarşılıqlı əlaqəli birləşdirdik. Müharibə teatrını dəyişib tamamilə yeni üsul mübarizə məzmuna uyğunlaşdırdıq. İndi də Türkiyədən aldığımız və alacağımız müasir silah-sursatlar ordumuzun ixtiyarına verilir, modernləşmə həyata keçirilir. Bütün belə simbioz modernləşmə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tələb və sərəncamlarına, gələcəyə baxışına uyğunlaşdırılır”.

Daha çox xəbərlər