Cəbrayıl şəhərində dalğalanan şanlı Bayrağımız
Qarabağın öz dilbər guşələri ilə seçilən gözəl yerlərindən biri də Cəbrayıl rayonudur. Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub – qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəd olan Cəbrayıl haqqında İran tarixçisi Həmdullah Qəzvininin ( XIII-XIV əsrlər ) , Azərbaycan tarixçiləri A. Bakıxanov , Əhməd bəy Cavanşir , Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində dəyərli məlumatlara rast gəlmək olur.
Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Məhz ibtidai insan da bu ərazidə yaşamışdır. Belə ki, məşhur Azıx mağarasının Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda Dağtumas kəndi yaxınlığındakı “ Nəfəsli dərə “ deyilən ərazidə yerləşən “ Divlər sarayı” mağarasından tapılmış yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olması bunu deməyə əsas verir.
Rayonun adı mərkəz olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını VIII əsrdə yaşamış Cəbrayıl ata qoymuşdur. O , Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuşdur.
XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Cəbrayıl rayonunun ərazisi sement, mərmər , mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi , hətta neft yataqlarının olduğu da məlumdur. Rayonun ərazisindəki türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən—nəslə ötürülmüş canlı tarixdir. Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdən biri olan Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir.
Təəssüf ki, Cəbrayıl rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi , dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran rəşadətli Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad edilib. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.
Cəbrayıl 44 günlük Vətən müharibəsində azad edilən ilk rayon olub. Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra—2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Elnarə Qocayeva,
Bakı şəhəri, Xətai rayonu, T. Bağırov adına 59 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü.