“Bir mərmi atsalar, Azərbaycan hərəkətə keçməli və Qafana kimi bufer zona yaratmalıdır”-politoloq
“Azərbaycanın Ermənistana sülh müqaviləsi istiqamətində apardığı danışıqlar prosesi və obyektiv mövqeyi İrəvan tərəfindən fürsət kimi qəbul olunur. Yoxsa bu ölkənin rəhbərliyi şərti sərhədə qoşun yığmazdı”.
Politoloq Məhəmməd Əsaədullazadə bunu Musavat.com-a Ermənistanın artan təxribatlarını şərh edərkən bildirib.
Siyasi şərhçi rəsmi İrəvanın gərginliyi tətikləyən addımlarının arxasında məkrli niyyətin olduğunu vurğulayıb: “Gələn ay Azərbaycanda mühüm beynəlxalq tədbir keçiriləcək. Hazırda bütün dünyanın gözü Azərbaycandadır. Belə olan təqdirdə heç vaxt Azərbaycan təxribatlarda maraqlı ola bilməz. Həmçinin Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Amma qarşı tərəf öz ənənəvi siyasətindən geri çəkilmir. Azərbaycanla sülh müqaviləsinin 80 faizi razılaşdırılıb. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə əsasnamə təsdiq edilib. Amma, Ermənistan yenə də hərbi təxribatlarda maraqlıdır. Ona görə də biz Nikol Paşinyanın sülh bəyanatlarına inanmırıq. Məhz bu səbəbdən ölkə konstitusiyasını dəyişməsində israr edirik. Paşinyan dörd ildir deyirdi ki, Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya verməyəcəyik. Amma, bu günlərdə mövqeyini dəyişərək dəhlizə nəzarəti Rusiyaya verəcəyinə razılıq verdi. Göründüyü kimi, biz Ermənistana etimad etməməliyik”.
Ekspert qeyd edib ki, cənab prezident İlham Əliyevin bu xüsusda yürütdüyü siyasət tamamilə doğrudur və təqdirolunandır:
“Dövlətimizin rəhbəri yekun sülh müqaviləsinin bağlanmasında israrlıdır. Çünki Ermənistana etimad etmir. Əgər Ermənistan şərti sərhəddə qoşunlarının şəxsi heyətini, hərbi texnikalarını artırarsa, Azərbaycan preventiv addımlar atmaq məcburiyyətində qalacaq. Çünki biz icazə verə bilmərik Ermənistan bizə ilk zərbəni vursun. Azərbaycan özünü müdafiə aktına görə BMT 51-ci maddəsini rəhbər tutaraq Ermənistan qoşunlarının cəmləşmə məntəqələrinə zərbə vura bilər”.
Azərbaycan düşmənin təxribatçı davranışlarını, şərti sərhədlərdə möhkəmlənməsini nəzərə alıb, bufer zona, təhlükəsizlik zolağı yarada bilərmi? Fakt budur ki, şərti sərhədyanı ərazilərdə mülki əhalimiz var və onlar təhlükələrdən sığortalanmalıdır. Hər halda bufer zona anlayışı Türkiyə, İsrail və digər ölkələrin nümunəsində var. Bu mənada Azərbaycan Ermənistanın təhdidlərinin qarşılığında təhlükəsizlik tədbirlərini görmək hüququna malikdir.
M.Əsədullazadə də hesab edir ki, əgər Ermənistan şərti sərhəddə qoşun birləşmələrini və hücum silahlarını artırsa, bu, Azərbaycana hücum kimi qiymətləndiriləcək: “Onda Azərbaycan təhlükəsizlik zolağı, bufer zonası yarada bilər. Laçında, Qubadlıda və Zəngilanda Azərbaycan vətəndaşları var. Onların təhlükəsizliyini təm etmək lazımdır. Cənab prezidentdə qeyd etmişdi ki, biz icazə verə bilmərik yenidən buradakı yeni tikilən binalar dağıntıya məruz qalsın. Həmən hərəkətə keçəcəyik. Düşünürəm ki, Azərbaycan təhlükəsizlik zolağını 2021-ci ilin sentyabrında yaratmalı idi. Lakin Azərbaycan Ermənistana yenidən şans verdi ki, sülhə gəlsin. Əgər, sülhə gəlməsələr, bir mərmi atsalar, Azərbaycan hərəkətə keçməli və Qafana kimi bufer zona yaratmalıdır”.
ELŞAD,
Musavat.com