Region Xəbərləri 

Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri milli maraqlarımıza xidmət edir.

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını nəzərdə tutur. Azərbaycan dövləti ilə MDB əməkdaşlığı da bu prinsiplərə əsaslanır. MDB dövlətlərini ortaq siyasi keçmiş və müasir çağırışlar birləşdirir. Quruma daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini uzlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərib.
Azərbaycanın keçmiş ittifaqa daxil olan dövlətlərin yaratdığı Müstəqil Dövlətlər Birliyində uğurlu təmsilçiliyi xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində baş tutub.
Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur. Müstəqil Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün MDB ölkələri ilə azad ticarət rejimi yaradıb, eləcə də respublikamızla digər MDB dövlətləri arasında sərbəst sərmayə üçün möhkəm hüquqi baza formalaşıb. MDB Azərbaycanın xarici siyasətinin ən mühüm məsələsi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da əlverişli platformadır. Məlumdur ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan münaqişənin ədalətli həllinə nail olmaq üçün beynəlxalq təşkilatların, o cümlədən də MDB-nin tribunasından geniş istifadə etmişdir.
Bu gün də Azərbaycan–MDB əlaqələri inkişaf edir. Respublikamız keçmiş sovet respublikaları ilə ikitərəfli münasibətlərlə yanaşı, həmçinin MDB çərçivəsində bu dövlətlərlə çoxtərəfli əməkdaşlığa böyük önəm verir. Oktyabrın 8-də Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu bildirib və keçmiş müttəfiq respublikaların birgə keçdikləri yolda, o cümlədən də İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın mühüm rol oynadığını qeyd edib. MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini humanitar-mədəni sahə təşkil edir. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirib: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi də təşkilat daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir. Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək.
MDB dövlət başçılarının Zirvə görüşündə noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə bir daha dəstək ifadə olunub.
Bütövlükdə, Azərbaycanın Ermənistan istisna olmaqla bütün MDB dövlətləri ilə çox yüksək səviyyəli ikitərəfli münasibətləri formalaşıb. İntensiv xarakter daşıyan bu münasibətlər ölkələrin milli maraqlarına xidmət edir və tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsipinə əsaslanır.
Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Daha çox xəbərlər