Qəhvəyi mərmər bağacığı aşkarlandıqda nə etmək lazımdır?
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır.
Qəhvəyi mərmər bağacığı aşkar olunduğu təqdirdə tozsoran, süpürgə və digər vasitələrlə toplanaraq məhv edilməlidir.
Zərərvericinin müşahidə edildiyi təsərrüfat tikililərində və əkin sahələrində toplayıcı feromon tələlər asılmalıdır.
Zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında aparıla bilər.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə daha ətraflı məlumat əldə etmək üçün Regional Əlaqələndirmə Mərkəzinin “Qaynar xətti” ilə +994 99 708 85 88 (Qərb rayonları üzrə), +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə) telefon nömrələri ilə əlaqə saxlamaq olar.

