Artan cərimələr vətəndaşda maddi məhdudiyyət yaradırmı?
Xəbər verdiyimiz kimi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi cərimlərin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıb. Layihədə çoxsaylı dəyişikliklər təklif olunur. Məsələn, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır, qatar vaqonlarının pəncərələrindən zibil atanlar üçün cərimələr 16 dəfədən çox artırılır. Vaqon pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat cərimə tətbiq ediləcək. Avtomobildən bayıra hər hansı əşya, tullantı atan insanları isə 200 manatdan 4000 manatadək cərimə gözləyir.
Dünya təcrübəsində cərimələr və müəyyən qadağalar nəticənin əldə edilməsi üçün tətbiq edilir. İnkişaf etmiş ölkələrin təcrübəsində də sərt cərimələr mövcuddur. Amma cərimələrin həddi müəyyənləşdirilərkən qeyri-iradi məqamlar nəzərə alınmalıdır. Bu halda məbləğ daha optimal olmalıdır. Çünki cərimə insanların sosial rifahının pisləşməsinə səbəb ola bilməz
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, cərimələrin artırılması vətəndaşları inzibatı xətaya yol verməkdən çəkindirmək üçün vacib olan amillərdəndir:
“Cəribə inzibati təmbeh növlərindən biridir. İnzibatı xəta törətmiş şəxsi tərbiyələndirmək, yeni bir mənfi əməlin qarşısını almaq üçün istifadə edilən vasitədir.
Vətəndaş görəndə ki, bu xətaya görə hansısa biri cərimələndi o, da artıq həmin əmələ yol verməkdən özünü çəkindirir. Cərimələrin məbləğləri inzibati xətaların baş verməsinin statistikasına da təsir edir.
Lakin bütün hallarda cərimənin məbləği ağlabatan olmalı, əhalinin gəlirləri ilə tərs mütənasiblik təşkil etməməlidir. İnzibati xəta hər kəs tərəfindən bilərək və ya bilmiyərəkdən törədilə bilər. Əgər 400 manat maaş alan şəxs bilmədən inzibati xəta törətdikdə cəza olaraq 300 manat ödəyəcəksə təbii ki, bu onun yaşayış tərzinə mənfi mənada təsir göstərəcəkdir. Bu isə yolverilməz haldır”.

