“Yas və toy mərasimlərini dəbdəbə xatirinə, kimlərəsə göstəriş üçün keçirirlər” – Sosioloq
Məlum olduğu kimi, Azərbaycan xalqı dəbdəbəni sevir. Bu dəbdəbə hətta yas mərasimlərində də özünü göstərir.
Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, insanlar yas və toy mərasimlərini dəbdəbə xatirinə, kimlərəsə göstəriş üçün keçirirlər. Hətta bəzən borclanırlar, banklara yüksək faizli kreditlərə girirlər. Bu mərasimlərin ictimai tənzimlənməyə ehtiyacı var. Yaxşı olar ki, imkanlı şəxslər təvazökar mərasim keçirmək nümunəsi göstərsinlər və sadə insanlar bu insanlara baxıb örnək götürsünlər:
“Təkcə yas mərasimləri deyil, toy mərasimləri də ictimai cəhətdən bir qədər qınaqla qarşılanır. Bəzi yas və toy mərasimləri ictimai ikrah yaradır. Görürük ki, insanlar yas və toy mərasimlərini dəbdəbə xatirinə, kimlərəsə göstəriş üçün keçirirlər. Hətta bəzən borclanırlar, banklara yüksək faizli kreditlərə girirlər. Sonra böyük çətinlik qarşısında qalırlar, iqtisadi vəziyyətləri dözülməz duruma düşürlər. Güman edirəm ki, belə dəbdəbəli mərasimlərə lüzum yoxdur. Biz ictimai düşüncə ilə işləməliyik ki, mərasimlərin belə dəbdəbəli keçirilməsi onlara heç nə qazandırmır. Hətta peyğəmbər (s.a.v. ) deyirdi ki, insanlar əlamətdar günlərini təntənəli şəkildə keçirməməlidirlər. Onları təvazökar şəkildə keçirməlidirlər. Bəzən hədsiz şəkildə israfçılığıa yol verilir, sanki “qonşudan geri qalma” prinsipi ilə təntənəli yas və toy mərasimləri keçirilir. Hesab edirəm ki, bu mərasimlərin ictimai tənzimlənməyə ehtiyacı var. Yaxşı olar ki, imkanlı şəxslər təvazökar mərasim keçirmək nümunəsi göstərsinlər və sadə insanlar bu insanlara baxıb örnək götürsünlər. Düşünsünlər ki, imkanlı şəxslər təvazökar mərasim keçirirsə, biz niyə keçirməyək?. Bu, heç də dövlət səviyyəsində tənzimlənəsi məsələ deyil, ictmai tənzimləmə tələb edir. İnsanlar özləri yaxşı nümunə göstərməlidir ki, bu, ənənəvi hal alsın”.
Şəbnəm Lətifi

