17 oktyabr – Füzuli şəhəri günü
17 oktyabr təqvimdə Füzuli rayonunun erməni işğalından azad olunması tarixi kimi əbədiləşib. Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometr, əhalisi isə 134 333 nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu.
Vətən müharibəsinin gedişində füzulilərin yurd həsrətinin bitdiyi xəbərini Ali Baş Komandan İlham Əliyev özünün Tvitter səhifəsindən və televiziya müraciətindən Azərbaycan xalqına böyük sevinclə elan etdi. Füzulinin düşməndən təmizlənməsi, Milli Ordunun şəhərə nəzarəti ələ alması xəbəri sözlə ifadə olunması mümkünsüz bir coşğu yaratdı. Ordumuz təmas xətti ilə bağlı erməni mifini dağıtmış, keçilməz deyilən istehkamları yara bilmiş, Füzuli əməliyyatını müvəffəqiyyətlə bitirərək, doğma yurdu düşmənin pəncəsindən çəkib çıxarmağı bacarmışdı. Füzuli minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Bu fakt da bizi kədərləndirir, çünki Füzuli ilə bağlı iqtisadi inkişaf proqramının sürətini əngəlləyir.
Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız tablo son dərəcə acı idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı. Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü “bayraq sancmağa heç bir yer tapmadıq”- deyərkən, Füzulinin acı mənzərəsini insanların təsəvvüründə aydın canlandıra bilmişdi.
Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir.
Ölkə başçısı Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qəbul olunmuş Böyük Qayıdış Proqramının uğurla icra edildiyini diqqətə çatdıraraq bildirmişdir: “Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”.
Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.
Beləliklə, qısa bir zamanda Füzuli şəhərində reallaşan infrastruktur layihələri, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha nümayiş etdirir.