Cəmiyyət 

“Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm”- şəhid anası Xatirə Əhmədova

Mən oğul itirmiş çox ana görmüşəm-dostda, qohumlarda, qonşularda. Lakin Şəhid anaları oğul itirən digərlərindən fərqlənir. Gözlərinə baxmaq olmur. Sanki dünya dağılıb gözlərinin dərinliyində. Bir başqadır Şəhid anaları… Fərqlidir… Ağlayanda göz yaşları, dərdinin ağırlığı, həsrətinin ünvanı, oğul sevgisi hər kəsinkinə bənzəməz. Şəhidlər Xiyabanında oğullarına dedikləri ağılar da fərqlidir.
Bəzən “Şəhidlər ölməz” deyib hər şeyi unuduruq. “Vətən sağ olsun” deyib kənardan şəhidləri qürurla anırıq. Şəhidlərimiz qürur yeri, and yerimizdir, ancaq o, şəhidlərin anaları nə çəkirlər, çoxumuz bilmirik. Od düşdüyü yeri yaxar, deyirlər.
Bəlkə də ona görə şair Cabir Noruz övladını itirən şəhid analarını öz şeirində ayrı bir gözəlliklə vəsv edir:

Oğulları döyüşdən geri dönməyənləri,
Fəqət ürəklərində ümid sönməyənləri,
Bir gecədə saçını ağappaq hörənləri,
Bir gözüylə ağlayıb, birilə gülənləri,
Keçmiş qanlı davadan hər gün söz salanları,
Gəlinsiz olanları, nəvəsiz qalanları
Övlad məhəbbətilə isitmək istəyirəm,
Ürək hərarətilə isitmək istəyirəm.

Ürəyini isitmək istədiyimiz şəhid Mərhəmət Əhmədovun anası Xatirə Əhmədovanın oğlu ilə bağlı xatirələr dünyasına səyahətə çıxdıq. Xatirə anaya ünvanladığımız suallara verdiyi cavablar bizi də kövrəltdi.
Öncədən qeyd edək ki, şəhid Əhmədov Mərhəmət Adil oğlu 14.05.1991-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Oğuz kəndində doğulub. O, 2019-cu ilin iyun ayından 3 aylıq təlim müddətini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət edib. Mərhəmət Vətən müharibəsində canını fəda edən oğullardan biri olub. Füzulinin, Hadrutun azad olunması uğrunda odlu-alovlu cəbhəyə atılıb, Daşaltının, Tuğ kəndinin işğaldan azad olunmasında cəsarətlə döyüşüb, Şuşa istiqamətinə doğru irəliləyərkən şəhidlik məqamına yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mərhəmət Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Qəhrəman igidimiz Mərhəmət Əhmədovun anası Xatirə xanım bizimlə bunları bölüşdü.
– Salam, Xatirə ana. İstərdim bizi Mərhəmətin uşaqlığına səyahətə aparasan?
– Mərhəmətin haqqında çox şey danışa bilərəm. O, uşaqlıqdan qoçaqdı. Deyib-gülən, işdən qorxmayandı, inadkarıydı. Nə deyirdisə, onu da edirdi. Hələ Mərhəmət 2 yaşı olanda axşam vaxtı idi. Süfrə üçün salat doğramışdım. Ağladı və xiyarı doramağımı sevmədi. Əkin evdən çox uzaq olduğundan ona istədiyi kimi tərəvəzləri bütöv verə bilmirdim. 2 yaşı olmasına rəğmən qorxmadı. Özü uzaq olan əkin yerinə getdi, gücü xiyarı qoparmağa çatmasa da kolu qırıb, istədiyini götürüb gəldi. O, zamandan nə qaranlıq, nə gecə, böyüyəndə isə düşmən onu heç zaman qorxuda bilmədi. O, evimizdə olanda hamı şənlənirdi. Onun yanında olan kimsə dərdini xatırlamazdı. Kiminsə köməyə ehtiyacı vardısa mütləq yardıma gedirdi.
 Dərsləri, sinif yoldaşları ilə münasibəti necə idi?
– Mərhəmət məktəbdə də seçilən və sevilən şagird idi. Sinif yoldaşları hələ də unutmayıb Mərhəməti. Şəhidlər xiyabanına hər getdiyimdə gəlib məzarını ziyarət edirlər. Müəllimləri indi də məni görəndə yaşca məndən böyük olanlar da birinci salam verir, kefimi soruşur, mənlə dərd bölüşürlər.

"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə Əhmədova– Hərbiçi olmaq öz arzusu olub?
– Mərhəmət məktəbi bitirəndən sonra əsgərliyə yolandı . Əsgərlikdə olanda da seçilən biri oldu. Ali Baş Komandan adına Fəxri Fərman almışdı o zaman. Əsgərlikdən gələndən sonra bir müddət çalışmadı. Elə fikri hərbiçi olmaqda idi. Qayıtmaq istəyirdi orduya. Ən çox da Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək istəyirdi. Bir müddət ölkədən kənarda işlədi. Orada da işlədiyi zaman özünə qarşı rəğbət hissi yaratdı. Atası yanına gedəndə orda olan müdirləri atasının əlini öpüb sağ olun ki, belə dürst övlad yetişdirmisiz demişdi.
Xarici ölkədən qayıdandan sonra Azərbaycan sillahlı qüvvələrində işləmək üçün sənədlərini hazırladı və ora getdi. Lakin uğursuz olurdu onun bu gedişləri. Hər səfərində nəsə problem çıxırdı. Mərhəmətin arzusu ürəyində qalacağından qorxmuşdum. Sonra verdiyi imtahanlardan yüksəh nəticə əldə etdi. Xüsusi Təyinatlı orduda, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldi. Onu da deyim ki, orduya o dövrdə Mərhəmətlə birgə 100 oğlan da sənəd vermişdi. Təlimlərdən sonra o 100 nəfərdən 17-sini orduda saxladılar. Onlardan biri də mənim oğlumdu.
Hərbi paltarlarını və papağını çox sevirdi. Həmişə papağını dolabın gözünə xüsusi bir yerə qoyurdu ki əzilməsin. Sevirdi peşəsini. Bu həvəsinə görə atası ona “Rembo” oğlum deyirdi.

"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə ƏhmədovaMüharibədə olduğu müddətdə sizinlə əlaqə saxladımı? Söhbət zamanı nədən danışırdı?
– Oktyabrın 11-i müharibəyə getdi. 27-si şəhid olduğu xəbərini aldıq. Müharibə ərzində bildiyim tək şey Mərhəmətin kəşfiyyata getdiyi idi. Çünki tez-tez zəng vurmurdu.
Onun döyüş yoldaşları ziyarətimə gəlir. Həmişə deyirdilər ki, Mərhəmət döyüşdən qaçmırdı. Biz sürünə-sürünə güllə atırdıq. O ayaq üstə düşmən üstünə gedirdi. Ona deyirdik ki, əyil Mərhəmət, sənə güllə dəyər. O isə deyirdi ki, “biz bura gizlənməyə gəlməmişik. Şərəfsizləri öldürməyə gəlmişik”. Belə bir qoçaq oğlandı mənim oğlum.
Ordan zəng vururdu. Səsini eşidən kimi ağlayırdım . Mənə- ana arxayın ol. Mənə düşmən heç nə edə bilməz deyirdi. O, zaman onların komandiri Tehran Mənsimov idi. Mərhəmət şəhid olduqdan sonra demişdi ki, gedib Mərhəməti böyüdən anaya təşəkkür edəcəm, belə igid yetişdirdiyi üçün. Biz gözlədik gəlməyini. Bizə oğlumuzdan danışsın, istədik amma o, gəlmədi.
Yoldaşlarının dediyinə görə Mərhəmət 70-ə yaxın erməni öldürmüşdü. Özü heç vaxt, heç nə danışmırdı. Yoldaşları danışırdı ki, yaralıları alıb çiyninə, onların silahlarını da götürüb yoluna davam edirdi. Özü ilə bərabər onları da aparırdı ki, düşmən əlinə əsgərlərimizin ölüsü də keçməsin.
Mərhəmətimdən mənə iki oğul yadigar qalıb. Bünyamin və İbrahim. Oğlum şəhid olanda birinin 6, digərinin 5 yaşı vardı. Müharibədən zəng vuranda ilk sözü uşaqlarına dəcəllik edib nənəni yormayın olurdu.

Mərhəmət necə xarakterə sahib biri idi.
– Mehriban və gülərüz idi. Ona görə də kəndin bütün camaatı sevirdi onu. Şəhid olmasına heç kim inanmadı. O qədər qorxmaz uşaqdı ki, o, erməniyə can verməz deyirdilər. 13 saat yaralı qalıb döyüşdə. Ermənilər təcili tibbi yardım maşınının yolu keçməsinə icazə verməyib, deyirlər. 13 saat sonra canını tapşırıb. Deyilənə görə o zaman erməni qəzetində Mərhəmətin şəkili çıxmışdı ki, bu adam vurulmalıdır deyə. Yaxın məsafədən erməni kəşfiyyatından gələnlər vurubmuş oğlumu.

 Arzuları nə idi?
– Arzuları çoxdu Mərhəmətin. Müharibədən əvvəl iki dana almışdı ki, övladlarına kiçik toy eləsin. Yoldaşları deyirdi ki, müharibədə başlarından güllə yağanda belə övladlarının yanına getmək, onlara kiçik toy etmək üçün dua edirmiş. Deyirmiş ki, 3 gün toy edəcək. Əylənəcək. Bütün arzuları ürəyində qaldı. Nə övladlarını məktəbə yola sala bildi, nə də kiçik toyun elədi.

"Müharibə başlamadan öncə şəhid olacağını yuxuda görmüşdüm"- şəhid anası Xatirə ƏhmədovaBilirəm çətindi. Onunla bağlı arzularınız nə idi?
– Mənim də onunla bağlı arzularım çoxdu. Çox arzum ürəyimdə qaldı. Birinci arzum elə onun övladları olduğunu görməkdi. Çox şükür Allah nəsib etdi. Amma Mərhəmətsiz onları böyütmək istəməzdim.
Mən özüm Qarabağ qızıyam. Ailə qurub naxçıvana gələndən sonra ata yurdum işğal altına düşdü. Həmişə elə hey dərdin çəkirdim yurdumun. Deyirdim sağ salamat, gənclik illərimin keçdiyi o dağları, o dərələri kaş bir də görəydim. Oğlum məni arzuma çatdırdı. Mən fəxr edirəm ki, o cür igidin anasıyam.
Mərhəmət mayın 14-ü anadan olub. Hər il may ayının 14-də artıq 4 ildir ki, onsuz ad günün keçirdirik.
Həyat eşqi bol olan bir insandı. Özünə ayrı bir ev qurmuşdu. Əziyyət çəkməyimə heç icazə vermirdi. O, yanıma yaxınlaşmadan qoxusu burnuma gəlirdi. Onda bilirdim Mərhəmətim gəlir. Hələ müharibə başlamazdan əvvəl yuxuda görmüşdüm şəhid olacağını. Ürəyimin bir yerində o, zamandan bir yaram vardı. Elə indi də o yara yerindədir.

[b]Söhbətim bitdikdən sonra Xatirə ana ilə vidalaşdım. O, an qəlbim qəmgin tellər üstündə nəğmələr oxuyurdu. Mənsə bir şeyi dərk etdim. İgidlər şəhid olanda yox, unudulanda ölür.

Daha çox xəbərlər