Region Xəbərləri 

Qalib ölkənin vətəndaşı olaraq işğaldan azad edilmiş ərazilərimizdə şəhər günlərinin qeyd olunmasının sevincini yaşayırıq.

23 avqust 1993-cü il tarixində I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən Füzuli rayonunun əksər hissəsi işğal edilmişdi. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra tanınmaz hala düşüb. Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər yerində açıq büruzə verir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

Füzuli Azərbaycanın mədəniyyət mərkəzlərindən biri sayılır. Bu bölgə Azərbaycana bir çox tanınmış mədəniyyət xadimləri, yazıçılar, muğam ustaları bəxş edib. Füzuli həm də mədəniyyət abidələri ilə zəngin bölgələrimizdəndir.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərdən biri olmuşdur. Tarixin şanlı səhifələrində özünə yer tapan Füzuli döyüşləri Azərbaycan ordusunun qüdrətini, Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik xüsusiyyətlərini ortaya qoydu, Azərbaycanın haqq savaşında vahid yumruq kimi öz hədəfinə doğru irəlilədiyini bütün dünyaya sübut etdi…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2023 oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev sakiniərlə görüşündən bəzi məqamları istərdim sizlərin diqqətinə catdırım: Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: Arzu edirəm ki, Füzulidə – doğma Vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız. Şadam ki, gənc nəsil də – füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da, böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.

Prezident İlham Əliyev gənc nəslin qəhrəmalığından danışdı: Bir daha demək istəyirəm ki, biz hər zaman, onlara borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər.

Prezident İlham Əliyev şəhidlərin xatirəsini ehtiramla andı ı: Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək.

Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq.

Sonda Prezident İlham Əliyev sakinlərə müraciət və təbrik etdi : Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük. Təbrik edirəm, cansağlığı, uşaqlara yaxşı baxın, yetişdirin, vətənpərvər olsunlar, Vətənə bağlı olsunlar, bizim qəhrəmanlar kimi olsunlar, şöhrətimizi göylərə qaldırsınlar.

Xosrov Musayev, YAP Bərdə rayon təşkilatı fəalı, Aqrar elmlər üzrə fəlsəfə doktoru

Daha çox xəbərlər