Bu xəstəlik sürətlə “cavanlaşır” – ÖLÜM HALLARI ARTIB
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə Azərbaycan insult nəticəsində ölüm hallarının yüksək olduğu ölkələr arasındadır. Ümumən ölkədə hər il təxminən 11000 dən çox insan insult keçirir.
İnsult əvvəllər daha çox yaşlı insanlar arasında müşahidə edilirdisə, indi bu xəstəlik olduqca “cavanlaşıb”.
Mövzu ilə bağlı Yenisabah.az-a Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu tendensiya bütün dünyada müşahidə olunmaqdadır:
“Bu, həyat tərzinin dəyişməsi, insanların intensiv və davamlı formada informasiyalara məruz qalması, qida rasionunda orqanizmə mənfi təsir göstərən maddələrin çox olması ilə əlaqədardır. Gənclərin mütəmadi istifadə etdiyi müxtəlif içkilər və ayaqüstü qidaların əksəriyyəti insan bədənində tədricən şəkər və bu kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Həmin qida məhsullarının tərkibində qan təzyiqini qaldıran və şəkər normasını artıran zərərli maddələr yetərincə çoxdur.
Bir müddət sonra gənclərin bir çoxunda təzyiqin stabil artımı və qanda şəkərin yüksəlməsi kimi xəstəliklər meydana çıxır. Hipertoniya, yəni qan təzyiqinin yüksəlməsi isə gələcəkdə infarkt, insult kimi xəstəliklərin baş verməsinə gətirib çıxarır. Gənc yaşda olan insanlar gərgin iş rejimi və mütəmadi yanlış qidalanma müqabilində təzyiqlərini çox nadir hallarda ölçdürürlər. Bu isə bir müddət sonra özünü arterial-hipertoniya ilə göstərir”.
Kardioloq insanlara idmanla məşğul olmağı və xəstəliklərin müalicəsinə ciddi yanaşmağı tövsiyə edib:
“Sözügedən xəstəliklərin müalicəsinə çox ciddi yanaşmaq, həyat tərzini dəyişmək və daimi fiziki hərəkətdə olmaq lazımdır. İnsan sağlamlığı üçün gündəlik ən az 150 dəqiqə gəzmək mütləqdir. İdman və fiziki hərəkət orqanizmdə hüceyrələrin sürətlə bərpa olunmasına və yenilənməsinə gətirib çıxarır.
Digər tərəfdən, pis vərdişlərdən, piylənməyə gətirib çıxaran qidalardan uzaq durmaq lazımdır. Oturaq və qeyri-aktiv həyat tərzi gələcəkdə insan səhhəti üçün ciddi problemlər yaradır”.