Siyasət 

Ölkə borc içində batır, amma silah xərclərini artırırlar

Gəlirləri və iqtisadiyyatı zəif olan Ermənistanın silahlanmaya həddən artıq vəsait ayırmasının səbəbi nədir?

Prezident İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

Müdafiə sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən “JF-17C” təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu deyib. Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirdi.

Yeri gəlmişkən, Azərbaycan dünyanın ən güclü orduları reytinqində 29-cu yeri tutur. “News and World Report”un hesabatına görə, hazırkı reytinqə Rusiya başçılıq edir. İlk üçlüyə ABŞ və İsrail də daxil olub, Çin isə dördüncü yerdədir.

Qardaş Türkiyə reytinqdə 10-cu yerdədir.  89 ölkənin daxil olduğu siyahını tamamlayanlar Lüksemburq, Latviya və Sinqapurdur.

Ermənistan 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısından birinə çevrilib. “The Times of India” qəzeti öz mənbələrinə istinadən yazır ki, Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə sursat və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilə bağlayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub.

Bu arada məlum olub ki, 2025-ci ildə Ermənistan hökuməti müdafiə sahəsinə 1,7 milyard dollardan çox vəsait ayıracaq ki, bu da ÜDM-in 6%-ni təşkil edir. Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyanın sözlərinə görə, müdafiə xərcləri 664,7 milyard dram təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 20% çoxdur.

“İlin sonuna yaxınlaşdıqca Ermənistan iqtisadiyyatında yavaşlama daha çox nəzərə çarpır. Oktyabrın 25-də Milli Statistika Komitəsi 9 ayın yekunları ilə bağlı yeni makroiqtisadi hesabat dərc edib. İqtisadi aktivlik ikirəqəmli 13,2% səviyyəsində, sonra ardıcıl olaraq aydan aya azalaraq, son rübdən əvvəl 8,7%-ə qədər “incəlib”. “Qolos Armeniya” xəbər verir ki, 9 ayın yekunu sənaye istehsalının dinamikası da 12.6%-ə qədər azalma qeydə alınıb.

Maliyyə naziri Vahe Ovannisyan Ermənistanın dövlət borcunun 2025-ci ildə ÜDM-in 53,5%-nə yüksələcəyini deyib.

Amma buna baxmayaraq, Ermənistan müdafiə xərclərini artır. Ölkə borc içində batır, amma silah xərclərini  artırırlar. Gəlirləri və iqtisadiyyatı bu qədər zəif olan bir dövləti silahlanmaya həddən artıq vəsait ayırması paradoks deyilmi?

fikret-yusifov.jpg (41 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki,  Ermənistan təcavüzkar  ölkədir və bu səbəbdən onun son pullarını belə, hərbi xərclərə yönləndirməsini başa düşmək olar: “Əslində Ermənistan rəhbərliyi və erməni olan hər kəs yaxşı başa düşür ki, ordunu nə qədər silahlandırsalar da, onun Azərbaycan Ordusu ilə rəqabət aparacaq gücdə olması mümkün olmayacaq. Lakin 44 günlük savaşdakı acınacaqlı məğlubiyyət və revanş niyyətləri onları indi “çörək pullarını” silaha xərcləməyə vadar edir. Bununla da Ermənistan hakimiyyəti bir tərəfdən öz xalqına mesaj ötürür ki, biz məğlubiyyətdən nəticə çıxarmışıq və ona görə də ordunu gücləndiririk, digər tərəfdən Cənubi Qafqazı qarışdırmaq istəyən Avropadakı böyük bacısına göstərmək istəyir ki, silahlanaraq bölgədə həmişə döyüşə hazır vəziyyətdə olacağıq. Bu ölkənin iqtisadiyyatında yalançı artımların arxasında  yalnız idxalı Rusiyaya qadağan olunmuş məhsulları kənardan alıb təkrar onlara ixrac etmək kimi “ticarət dövriyyəsi” dayanır. Biz bu məsələni Ermənistanın rəsmi statistikasına əsaslanaraq dəfələrlə yazmışıq. Rusiya-Ukrayna müharibəsi başlayandan ötən üç ilə yaxın müddətdə Ermənistanın xarici ticarət dövriyyəsi 4-5 dəfəyə qədər artıb. Bundan dolayı Ermənistan iqtisadiyyatının heç bir sahəsində real artım görmək mümkün deyil”.

Sabiq nazirin sözlərinə görə, ermənilər hər kəsi və hətta özləri-özlərini aldadırlar: “Lakin bununla uzağa gedə bilməyəcəklər. Ermənistan yaxın 1-2 il ərzində də kommunikasiyaları açıb öz iqtisadiyyatına nəfəslik verməsə, indi düşdüyü dalanda da boğularaq, müflis olacaq və bu gün son pullarını xərcləyərək aldığı silahlar da ona gərək olmayacaq…”

Rövşən Məhərrəmov 

Respublika Hərbi Polisinin sabiq rəisi, hərbi ekspert Rövşən Məhərrəmov isə bildirdi ki, müharibədən sonra baş nazir Nikol Paşinyan orduya ayrılan xərcin iki dəfəyədək artırlacağını bəyan etmişdi. Bundan sonra əllərinə gəlib çatan vəsaitlərin böyük hissəsini silahların, hərbi texnikaların alınmasına yönəltməyə başlayıblar: “Paşinyan hökumətinin qarşısında duran əsas tapşırıqlardan biri ordunun bərpası, ordunun komplekləşdirilməsi və döyüş qabiliyyətinin artırılmasıdır. İstənilən ölkənin öz vəsaitini hərbiyə xərcləməsi təbii ki, onun öz hüququdur. Lakin bəllidir ki, Ermənistan qonşu ölkəyə qarşı ərazi iddiaları olan və işğalçılığı öz siyasətinə çevirən, revanşist hisslərlə yaşayan ölkədir. Belə bir dövlətin silahlanması bu baxımdan heç də normal qarşılana bilməz. Ermənistan 2020-ci ildə darmadağın edilmiş ordusunu ayağa qaldırmaq, müasir silahlarla təchiz olunmuş müasir ordu strukturu yaratmaq istəyir. Silahlı qüvvələri yeni silahlarla təmin etməkdən başqa ABŞ-dan, Fransadan, İrandan xüsusi təlimatçıları cəlb edirlər. Qarşılarına məqsəd qoyublar ki, xalqı ac saxlamaq hesabına olsa belə, ordunu müasir orduya çevirmək və işğalçılıq siyasətlərini həyata keçirmək lazımdır”.

R.Məhərrəmovun sözlərinə görə, Ermənistanda ordu elə miskin duruma düşüb ki, valideynlər övladlarını hərbi xidmətə göndərmək istəmirlər, gənclər orduya getməkdən yayınırlar: “Bunu  Nikol Paşinyan özü etiraf etdi. İndi Ermənistan hökuməti bu acınacaqlı vəziyyətdən çıxış yollarından biri kimi orduya ayrılan maliyyənin daha da artırlmasında görürlər. Hesab edirlər ki, bu yolla müasir ordu qura, ən azından ordunu 2020-ci ildən öncəki vəziyyətə  gətirə bilərlər, belə olanda isə heç kim hərbi xidmətdən yayınmaz.  Ordularını ən azından bərpa etmək istəyindədirlər. Bu, sınıq-salxaq vəziyyətə düşmüş avtomobilin təmir edilib istifadəyə yararlı vəziyyətə gətirilməsinə cəhd kimi bir şeydir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Daha çox xəbərlər