Hadisə 

İcra məmuruna qarşı iddia təmin olunmadı

Nərimanov Rayon Məhkəməsində Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərovun hərəkətlərinin qanunsuz elan edilməsi iddiasına baxış yekunlaşıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Hakim iddianı təmin etməyib.

İddiaçı, “MTN işi” üzrə zərərçəkənlərdən biri olan Hüseyn Səfərov Musavat.com-a deyib ki, hakim heç bir əsaslandırma aparmadan, tam qanunsuz bir qərar verib:

“Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərovun cinayətə bərabər əməlinə Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranov da qol qoydu, bu qanunsuzluğa özünü bulaşdırdı.

KAMRAN.jpeg (86 KB)

Hakim 2 iclas keçirdi, 1-ci iclasda ümumiyyətlə məhkəmə zalına belə gəlmək istəmirdi. Köməkçisinə iradımdan sonra zala gəldi, məni candərdi dinlədi. Başa düşdüm ki, hakim icra məmuruna qarşı loyal münasibət göstərir, məni dinləmək belə istəmir. 2-ci iclasda da hakimdən eyni münasibəti gördüm. Mən danışırdım, hakim isə zalda divarlara baxırdı. İcra məmuru Rəfail Səfərova sual vermək istədim, hakim müdaxilə etdi, “sual verməyə nə ehtiyac var” dedi. Onun bu sözlərindən sonra mənə onun verəcəyi qərar aydın idi. Müşavirəyə getdi, gəlib mızıldana-mızıldana dodaqaltı nəsə dedi, “şikayət təmin olumur” deməyi ilə zaldan qaçmağı bir oldu. Hafiz Kamranov hansı qanunsuzluğa qol qoyduğunu gözəl bilir. Ölkə başçısının məhkəmə islahatlarına qarşı getdiyini də yaxşı dərk edir. Etmirsə, onun yeri hakim kreslosunda deyil, müttəhim kreslosunda olmalıdır. Hakimlərin də yeri gələndə həbs olunduğunu unudub. Bizə qarşı qanunsuzluq etmiş hakimin cəzalandırılmasını da tələb edəcəyəm.

Biz nədən, hansı qanunsuzluqdan narazıyıq?

İcra məmuru Rəfail Səfərov mənim zərərçəkən olduğum iş üzrə Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökmünü bir kənara qoyub və özünün şəxsi mülahizəsinə, maraqlarına və kimlərinsə sifarişinə, xahişinə uyğun bir addım atıb.

Sual oluna bilər ki, icra məmuru nə edib?

Bakı Hərbi Məhkəməsi bizə qarşı cinayət törətmiş MTN generalı Mövlam Şıxəliyevin əmlaklarının satılmasını, biz zərərçəkənlərə vurduğu ziyanın ödənməsini hökmündə yazıb. Hökmün icrası Nərimanov rayon İcra Şöbəsinə tapşırılıb.

Söhbət məhkəmə hökmündə adı olan 14 nəfərə, mülki iddia vermiş 14 nəfərə zərər ödənməsindən gedir. 1 il süründürməçilikdən sonra Nərimanov İcra Şöbəsinin icra məmuru Rəfail Səfərov Bakı Hərbi Məhkəməsinin 1 may 23-cü il tarixli icra sənədinin verilməsinə əsas olmuş məhkəmə hökmünə izah verilməsi istədi. Bakı Hərbi Məhkəməsi Rəfail Səfərova izah verdi – məhkəmə qərarında yazıldı ki,

– hökmlə həll edilməyən və ya hansısa qaydada həll edilmiş məsələlərə hökmə izah verilməsi qaydasında yenidən baxılması, yeni halların müəyyən edilməsi, hökmdə həll edilən məsələlərin mahiyyətinin dəyişdirilməsi qanunda nəzərdə tutulmayıb!!!

Mülki iddia verməyən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi, mülki iddianın təmin edilməsi barədə müddəanın fərqli qaydada izah və təfsir edilməsi qanuni və əsaslı sayıla bilməz!!!

Bunu mən Hüseyn Səfərov və digər zərərçəkən demir, Bakı Hərbi Məhkəməsi qərarında yazır.

Rəfail Səfərov və onun arxasında dayananlar bu izahla razı olmadılar. Üz tutdular Bakı Apellyasiya Məhkəməsinə. Bakı Apellyasiya Məhkəməsində də Rəfail Səfərova eyni məzmunlu cavab verildi.

Bakı Apellyasiya Məhkəməsi qərarında icra məmuru Rəfail Səfərov üçün bir daha yazıb aydınlaşdırdı ki,

– İcra sənədinin verilməsinə əsas olmuş hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur!!! Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur!!!

İcra sənədləri sənədin mətninə uyğun şəkildə icra olunmalıdır!

Bununla da icra məmuru Rəfail Səfərova hökmün olduğu kimi icra edilməsi barədə qərar təqdim olundu. Açıq şəkildə yazdılar ki, get 14 nəfərə zərəri ödə! Amma nə baş verdi? İcra məmuru böyük bir qanunsuzluğa qol qoydu, vəzifə səlahiyyətlərindən çox-çox kənara çıxdı. Rəfail Səfərov özünün izah tələbinə, Azərbaycan Respublikası adından çıxarılan 2 qərara məhəl qoymadı.

Özünün maraqlarına uyğun tam qanunsuz hərəkətlərə yol verdi, Bakı Hərbi Məhkəməsinin 1 may 23-cü il tarixli icra sənədinə əsasən adı siyahıda olmayan digər şəxsin hesabına vəsait köçürdü.

Beləliklə, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2024-cü il tarixli, qanuni qüvvəyə minmiş qərarını açıq-aşkar səlahiyyətlərini aşmaqla kobud qanun pozuntusuna yol verməklə öz bildiyi kimi icra etdi. Bizə çatası vəsaitin böyük bir hissəsini – 585 min manatı naməlum hesaba köçürüb. Bizim ziyanımızın əvəzi olan ödənməli vəsaiti cibimizdən bu şəkidə yoxa çıxarıb!

İcra məmuru Rəfail Səfərovun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi üçün Nərimanov rayon Məhkəməsinə şikayət verdim. Hakim Hafiz Kamranova bütün sənədləri təqdim etdim, əlavə izah da verdim ki, hakim baş verənləri olduğu kimi anlaya, obyektiv qərar verə bilsin.

Hakimin tərcümeyi-halına baxdım. 2018-ci ilə qədər Məhkəmə-Hüquq Şurasında antikorrupsiya sektorunda məsləhətçi işləyib. 2018-ci ildən də Nərimanov Məhkəməsinin hakimi təyin olunub. Hüquqi savad məsələsində hakimin adekvat olduğu qənaətim formalaşdı. Digər tərəfdən də bu məsələdə hüquqi savada da ciddi ehtiyac yoxdur. İcra məmuru özü məhkəmə hökmünə izah istəyib, 2 məhkəmə instansiyası da izah verib, məhkəmə hökmünün necə icra olmasını icra məmuruna başa salıb!

İcra məmuru Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarlarını kənara qoyub və öz bildiyi kimi biz 14 nəfərə çatmalı vəsaitin bölgüsünü aparıb. Özünün marağında olan 6 nəfərin adını açıq-aşkar məhkəmə hökmünə müdaxilə etməklə siyahıya salıb. Onlardan birinin hesabına 585 min manat vəsaiti köçürüb!

Həmin adam da and-aman edir ki, 585 min manatdan ona 1 qəpik də çatmayıb. Rəfail Səfərov da 600-700 manat maaşla yarım milyon manatlıq “Mercedes” sürür.

Məhkəmə hökmü ilə mənə və digər 13 zərərçəkənə çatmalı 585 min manat vəsait korrupsiya cinayəti törədilməklə, vəzifə səlahiyyətləri aşılmaqla ələ keçirilib!

Bu cinayətə bulaşanlar hakim Hafiz Kamranovu da öz sıralarına qata bildilər. Hakim Hafiz Kamranov heç bir əsaslandırma aparmadan, hüquqdan, qanundan çox uzaq bir qərar verdi. İmza atdığı qanunsuz qərarla özünü icra məmuru Rəfail Səfərovla eyni cərgəyə qoymuş oldu. Əlbəttə ki, Hafiz Kamranovun çıxardığı qərardan apellyasiya şikayəti verəcəyik. Bu cinayətdə əli olan hər kəsi ifşa edəcəyik. Həmçinin hakim Hafiz Kamranov da layiqli cəzasını alacaq. Kimsəni bağışlayan, əl çəkən deyilik. Digər tərəfdən, əgər Azərbaycan Respublikası adından çıxarılan hökmlər bir icra məmurunun oyuncağına çevriləcək kağız parçasıdırsa, daha bu məhkəmələrə, hakim ordusuna nə ehtiyac var?”

Hüseyn Səfərov deyib ki, Məhkəmə-Hüquq Şurasına, Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciətlər yazıb, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökmlərinin icra məmurunun korrupsiya cinayətlərinə alət olunmasının qarşısının alınmasını xahiş edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Daha çox xəbərlər