Cəmiyyət 

Elektron sistemlər nə üçün çökür? – HƏLL YOLLARI

Elektron sistemlərin kütləvi giriş səbəbindən çöküşü müasir texnologiyaların getdikcə daha çox sahədə tətbiqi ilə aktual mövzuya çevrilib. Çöküşün səbəbinin çoxlu sayda istifadəçinin eyni anda sistemə daxil olmaq istəməsi və nəticədə serverlərin bu yüklənməni dəstəkləməyə yetərli olmaması olduğunu bildirirlər.

Bu cür çöküşlər texnologiya və istifadəçi ehtiyaclarının düzgün nizamlanmasının vacibliyini bir daha ortaya qoyur. Əks halda, vacib xidmətlərin dayanması, istifadəçi məmnuniyyətinin azalmasına və bir sıra problemlərə səbəb olur.

Bəs bu problemin yaranmasının əsas səbəbləri nələrdir? Necə həll etmək olar?

Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov BAKU.WS-ə açıqlama verdi:

“Pandemiya dövründə dövlətin elektron xidmətlərinin dayanıqlığı məsələsi gündəmə gəlmişdi. Xüsusilə 190 manatlıq maddi yardımların verilməsi və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aksiyaları zamanı yaşanan problemlər, dövlətin geniş vətəndaş kütləsinə xitab edən elektron sistemlərində ciddi çatışmazlıqların olduğunu göstərdi. Bu problemlər bu il dövlət tərəfindən həyata keçirilən müxtəlif aksiyalarda yenidən ortaya çıxıb. Sistemin arxitekturasının düzgün qurulmaması və eyni anda sistemə çoxlu sayda istifadəçinin daxil olmasının nəzərə alınmaması kimi məsələlər sistemin dayanıqsızlığına səbəb olur.

Əsas problemlərdən biri sistemlərin infrastrukturunun lazımi səviyyədə olmamasıdır. Bu, həm istifadəçi təcrübəsini mənfi təsir edir, həm də vətəndaşlar arasında narazılıq yaradır. Eyni zamanda, sistemə cavabdeh olan mütəxəssislərin seçimində diqqətli olmaq da vacibdir. Sistem texniki baxımdan güclü olmalı və bu sahədə təcrübəli mütəxəssislər tərəfindən dəstəklənməlidir. Mütəxəssislər serverin işini dayanıqlı şəkildə təmin etmək üçün lazımi tədbirlər görməli, sistemin təhlükəsizliyini və sürətini təmin etməlidirlər.

Bununla yanaşı, qurumlar xidmət göstərmək istədikləri hədəf auditoriyasını düzgün təyin etməlidir. Geniş vətəndaş kütləsinə xidmət edən elektron platformalar eyni vaxtda minlərlə istifadəçinin daxil olacağını nəzərə alaraq hazırlanmalıdır. Bunun üçün serverlərin gücü artırılmalı, həmçinin yüksək trafikli anlarda sistemi tənzimləyən əlavə tədbirlər görülməlidir.”

Daha çox xəbərlər