Cəmiyyət 

Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm prioritetlərindəndir

Ümummilli Lider Heydər Əliyev: Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır

BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində “Ümumdünya Uşaqlar Günü” qeyd olunur. Qeyd edək ki, “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT-nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində öz əksini tapmış və 1956-cı ildən isə bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunmuşdur. Həmçinin Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Bəyənnaməsi”ni və 1989-cu ildə isə “Uşaq Hüquqları Konvensiyası”nı qəbul etmişdir.

Azərbaycan 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaya qoşulan ölkəmiz uşaq hüquqlarına yüksək dəyər verdiyini, uşaqların ehtiyaclarının hərtərəfli təmin olunması istiqamətində addımlar atdığını bir daha təsdiqləmişdir.

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də, uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır.

Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqlara qayğının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının da diqqətinin artırılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmişdir.

Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası bir sıra beynəlxalq müqavilələrə qoşulmuş və milli qanunvericilik bu sahədə təkmilləşdirilmişdir. Belə ki, Azərbaycan “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının, “Uşaqların kənd təsərrüfatı sahəsində işə qəbulunun minimal yaş həddi haqqında”, “Yeniyetmələrin donanmada kömür yükləyən və ya ocaqçı kimi işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında”, “Gəmilərdə çalışan uşaqların və yeniyetmələrin məcburi tibbi müayinəsi haqqında”, “Sənayedə işə qəbul etmək üçün uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Qeyri-sənaye işlərində uşaqlara münasibətdə minimum yaş həddi haqqında”, “Sənayedə uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin tibbi müayinəsi haqqında”, “Qeyri-sənaye işlərində uşaqların və yeniyetmələrin gecə əməyinin məhdudlaşdırılması haqqında” və “Sənayedə yeniyetmələrin gecə əməyi haqqında” Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının, eləcə də “Nikahdankənar uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasının iştirakçısıdır.

Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası beynəlxalq normalara uyğun olaraq milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar həyata keçirmişdir. Belə ki, ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlətin bu sahədə həyata keçirdiyi hüquqi islahatların davamı olaraq 1999-cu il 22 iyun tarixindən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və 2003-cü il 17 iyun tarixindən etibarən “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmişdir.

Azərbaycan Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın və 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin və institusional strukturun təkmilləşdirilməsinə, uşaqların hüquqlarının qorunmasına xidmət edir.

Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilmişdir.

Hazırda 18 yaşadək uşaqlar ölkə əhalisinin 25,9 faizini təşkil edir. 2023-cü ildə Azərbaycanda 112.6 min, cari ilin 9 ayı ərzində isə 77.2 min körpə dünyaya gəlmişdir ki, onların da 53 faizini oğlan, 47 faizini isə qızlar təşkil edir. Körpələrin 2508-i əkiz, 102-si üçəm, 4-ü dördəm olaraq dünyaya gəlmişdir.

Hesablamalara görə ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 76,0 yaş, o cümlədən oğlanlarda 73,5, qızlarda isə 78,4 yaş təşkil edir.

Uşaqların sağlamlığının qorunması dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. 2024-cü ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 230 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 3,5 min nəfər həkim-pediatr çalışmışdır.

Sağlam nəslin yetişməsində idman və bədən tərbiyəsinin rolu əvəzsizdir. Cari ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 328,3 min nəfər olmuşdur. Uşaqlar daha çox futbol, şahmat, voleybol, yüngül atletika, basketbol, sərbəst güləş və stolüstu tennis kimi idman növlərinə maraq göstərirlər.

Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur.

2024-cü il iyul ayının 1-i vəziyyətinə ölkədə 4,5 min ailədə olan 6,8 min uşağa aylıq sosial müavinət təyin olunmuşdur. Bu müavinətləri alan uşaqların 1475 nəfəri şəhid ailələrinin, 5,0 mini müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, 133 nəfəri Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının, 209 nəfəri isə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqları olmuşdur. Həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 44,0 min şəxsə aylıq sosial müavinət verilmişdir. Bundan əlavə, 61,5 min aztəminatlı ailənin 142,9 min nəfər 18 yaşınadək üzvü ünvanlı dövlət sosial yardımı almışdır.

Ölkəmizdə bütün uşaqlar keyfiyyətli təhsil almaq hüququna malikdirlər. Hazırda Azərbaycanda 1857 məktəbəqədər təhsil müəssisəsi, 4422 ümumi təhsil müəssisəsi, 92 peşə təhsili müəssisəsi, 59 orta ixtisas təhsili müəssisəsi, 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Mədəniyyət Nazirliyi sistemi üzrə klub müəssisələrində 1435 uşaq dərnəkləri və kollektivləri, 87 uşaq kitabxanası və 236 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.

Gəlin uşaqlardan qayğı və sevgini əsirgəməyək, onların sağlam, xoşbəxt və vətənə layiqli vətəndaş kimi formalaşması naminə bütün imkanlarımızı səfərbər edək!

Rza Allahverdiyev,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əhali statistikası şöbəsinin müdiri

Daha çox xəbərlər