Gündəm 

Jurnalistikanın adına ləkə gətirən “Vaşinqton Post”: təbliğat maşını ZƏRBƏ altında

Bir neçə gün əvvəl, daha dəqiq desək, noyabrın 6-da ABŞ-də dünyadakı bir çox geosiyasi proseslərə təsir edə biləcək prezident seçkiləri baş tutdu. Nəticədə Respublikaçı Donald Tramp hakimiyyətə gəldi. Respublikaçıların Demokratlar, Trampın isə hazırkı prezident Cozef Bayden üzərində parlaq qələbəsi nəinki digər ölkələrdə, həm də ABŞ-nin özündə ciddi reaksiyalara səbəb oldu.

Belə ki, ABŞ-nin və dünyanın aparıcı nəşrlərindən hesab olunan “Ekonomist”, “Vaşinqton Post” kimi qəzetlər Trampa qarşı anti-təbliğat kampaniyasına başladılar. Əslində bu kampaniya çoxdan başlamışdı və aylardır ki, davam edirdi. Belə ki, “Vaşinqton Post” müntəzəm olaraq adını çəkmək istəməyən mənbələrə istinad edərək Respublikaçıları, o cümlədən Trampı hədəf alır.

Beləliklə, hər şeydən əvvəl adı çəkilən nəşrin peşəkarlıqdan, peşə etikasından kənar olduğu görünür. Belə ki, dünyada qəbul olunmuş standartlara görə, KİV heç bir halda siyasətə müdaxilə etməməli, sadəcə baş verənləri təqdim etməlidir. Praktikada isə görünən budur ki, yuxarıda adıçəkilən nəşrlər etibarlı mənbə adı ilə öz mövqelərini əks etdirən informasiyanı dərc edirlər ki, bu da peşə etikasının pozulmasıdır.

Bu baxımdan “Vaşinqton Post”un strategiyası da istisna deyil və hazırkı “informasiya siyasəti” yeni deyil. Hələ Trampın ilk hakimiyyəti dövründə də bu nəşr adını çəkmədiyi mənbələrə istinad edir, ümumilikdə jurnalistikanın adına ləkə gətirirdi.

TRAMPO.jpeg (65 KB)

Təsadüfi deyil ki, “Respublikaçı”larla redaksiya arasında müntəzəm olaraq gərginlik yaranırdı. Qəzetin səhifələrində Trampın siyasi və biznes fəaliyyəti, şəxsi həyatı barədə tez-tez tənqidi, bəzən isə ittiham və konfidensial məlumatlarla zəngin məqalələr çıxır.

Ona ötürülən gizli və qanunsuz yolla əldə edilmiş məlumatlar əsasında qəzet Trampın neqativ imicini formalaşdırmağa, onun “Rusiyanın adamı” olduğuna oxucularını inandırmağa çalışıb. 2020-ci ilin martında Trampın seçki qərargahı böhtan və reallığa uyğun olmayan informasiyalar yaydığı üçün qəzeti məhkəməyə vermişdi.

Amma Trampla qəzet arasında gərginlik bununla bitməmişdi.

Bu ilin yanvarında Tramp “Vaşinqton Post”un jurnalisti Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibə yazılarının olduğu audiokitabı dərc etdiyinə görə məhkəməyə vermişdi. İddia ərizəsində bildirilir ki, Tramp Vudvordu dəfələrlə xəbərdar edib ki, o, məlumatları yalnız gələcəkdə çap olunacaq kitab üçün verir. Siyasətçi bildirib ki, jurnalist onun xəbəri olmadan audio yazıları yayımlayıb ki, bu da “müəllif hüquqlarını pozur”.

POZUR.jpg (178 KB)

2020-ci il iyulun 24-də isə “Vashinqton Post” daha bir qeyri-obyektiv məqaləsi ilə bağlı üzləşdiyi məhkəmə iddiasını yoluna qoyur. Belə ki, qəzet Kentukki ştatından olan məktəbli Nikolas Sandmanı şagirdlərin iştirak etdiyi etiraz aksiyası zamanı hindu əsilli digər məktəbli Neytan Filipsə qarşı irqçilik zəmnində aqressiya göstərməkdə ittiham etmişdi və onun fotosunu qəzet səhifəsində vermişdi.

Haqsız yerə ittiham olunduğunu bildirən məktəblinin valideynləri məqalə dərc edildikdən sonra nəşrə qarşı 250 milyon dollarlıq iddia qaldırmışdı. Qəzet işi məhkəmə işlərindən kənar qaydada həll etməyə müvəffəq olsa da, iddiadan geri çəkilməsi üçün Nikolas Sandmanın ailəsinə ciddi maliyyə kompensasiyasının ödənildiyi bildirilirdi.

Beləliklə, adı çəkilən nəşr özünün qərəzli mövqeyinə və bəlkə də, tələskənliyinə görə dəfələrlə pis vəziyyətə düşüb. Beləliklə, onun işgüzar nüfuzuna ciddi zərbə dəyib. Qəzetin oxucusu getdikcə azalır. Bununla bağlı olaraq qəzetin gəlirləri azalır və əməkdaşları ixtisar edilir.

Klassik media nəzəriyyəsinə görə jurnalistikanın üç funksiyası var: bilgiləndirmək, maarifləndirmək və əyləndirmək. “Vaşinqton Post” isə öz fəaliyyətlərində bu funksiyaları yerinə yetirmək əvəzinə, təbliğatla məşğul olur. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda sözügedən nəşrin fəaliyyəti barədə fikirlərini bölüşərkən qeyd etmişdi ki, “Vaşinqton Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır.

Əslində bu müqayisə tamamilə yerinə düşür. Çünki Sovet dövründə mətbuat orqanları, o cümlədən “Komsomolskaya Pravda” ancaq təbliğatla məşğul idi.

TEBLİG.jpg (61 KB)

Yeri gəlmişkən, xatırladaq ki, “Vaşinqton Post” təkcə Respublikaçılara qarşı qeyri-obyektiv münasibətilə ilə fərqlənmir. Adı çəkilən nəşr bir neçə gün Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına da kölgə salmağa çalışır.

Ümumiyyətlə, qəzet dəfələrlə Azərbaycana qarşı əsassız iddialarla çıxış edib.

Maraqlıdır ki, “Vaşinqton Post”un dünyadakı və ölkədəki reytinqi getdikcə azalır. Bunun əsas səbəbi demokratların hakimiyyətinin müdafiəsi, Mərkəzi Kəşfiyyat İdarəsinin hədəflərinin reallaşdırılması, qalmaqallı məlumatların doğru informasiya kimi ictimai rəyə ötürülməsidir. Artıq yerli vətəndaşların əksəriyyəti “Vaşinqton Post”u etibarlı mənbə kimi qəbul etmir.

Bu isə onu deməyə əsas verir ki, “Vaşinqton Post” illər sonra elə “Komsomolskaya Pravda”nın taleyini yaşayacaq: təbliğat maşını kimi xatırlanacaq.

Kənan Novruzov

Daha çox xəbərlər