Muasir Azərbaycan Ədliyyəsinin bu günü
Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.
Builki bayram isə 106-cı ili xüsusilə əlamətdar olmaqla böyük fəxarətlə keçirilir. Belə ki, 2020-ci ildə müstəqilliyimizin bərpa olunmasının 33 illiyi, cəmi bir neçə gün öncə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin dördüncü ildönümü – Zəfər Günü qeyd olunub.
Xalqımızın bu möhtəşəm bayramları sanki bir-birini tamamlayır. Bu il Azərbaycan xalqı artıq dördüncü ildir ki dövlət müstəqilliyinin bərpası gününü öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edib.
Heç vaxt unudulmur ki, müstəqilliyimizin bərpasının ilk dövründə səriştəsiz idarəçilik, anarxiya və hərc-mərcliyin hökm sürməsi ölkəmizi vətəndaş müharibəsi astanasına gətirmiş, erməni hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, yenicə əldə edilmiş müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.
Belə bir ağır şəraitdə xalqın təkidli tələbilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz etməsi daim böyük ehtiramla xatırlanır.
Məhz Dahi Öndərin misilsiz dövlət idarəçiliyi məharəti nəticəsində ölkəmizdə qanunçuluq, ictimai-siyasi sabitlik bərqərar olunub, neft strategiyasının təməli qoyularaq “Əsrin müqaviləsi” imzalanıb, demokratik hüquqi dövlət quruculuğuna başlanaraq, ictimai həyatın bütün sahələrində, o cümlədən hüquqi sahədə köklü islahatlar aparılıb.
Ümummilli Lider müstəqil və sabit inkişaf edən Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız və dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib – milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib.
2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz bu inamı xalqın dəstəyi ilə uğurla gerçəkləşdirdi, Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi.
Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq”.
44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var.
Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir.
Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.
Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan dahi öndər Heydər Əliyev müstəqilliyimizin xilaskarı olduğu kimi, onun siyasi varisi Prezident İlham Əliyev də düşmən üzərində Azərbaycanın çoxəsrlik tarixində bənzəri olmayan Zəfər qazanaraq adını doğma torpaqlarımızın xilaskarı kimi tariximizə əbədi həkk etdirib.
Ümummilli Liderin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlətimizin başçısı 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ iqtisadi zonasını yaradaraq qondarma Dağlıq Qarabağ adlı ərazi vahidini birdəfəlik unutdurub, dədə-baba torpağımız olan Zəngəzurun şərq hissəsinin tarixi adını özünə qaytarıb.
“Dəmir yumruq” əməliyyatına rəhbərlik edən Azərbaycan Prezidenti həm də diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşında “dəmir məntiqi” ilə döyüşərək xalqa müraciətləri, dünyanın aparıcı medialarına çoxsaylı müsahibələri ilə müharibənin gedişinə güclü təsir edib, Zəfər müjdələri ilə xalqımızda və ordumuzda vətənpərvərlik ruhunu daha da yüksəldib. Eyni zamanda, tarix boyu ölkəmizə qarşı torpaq iddialarından əl çəkməyən Ermənistanın yalan üzərində qurulmuş ideologiyasını, təbliğatını məhv edib.
Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, fövqəladə hallar barədə operativ məlumatlandırmanın təşkili, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Həmçinin nazirliyin tibb xidmətinin həkimləri döyüş bölgəsinə ezam edilib, ədliyyə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq hərtərəfli dəstək göstərilir.
Vətən müharibəsinə könüllü yollanaraq mərdlik və şücaət göstərib şəhid olmuş nazirliyin icra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun xatirəsinə Ədliyyə Tarixi Muzeyində, əvvəllər işlədiyi yerli qurumlarda xüsusi guşələr yaradılıb, xidməti kabinetində muzey təşkil olunub. Şəhid ədliyyə işçisinin ailəsi və azyaşlı övladları qayğımızla əhatə olunub, onun həyat yoldaşı ədliyyə orqanlarına işə qəbul edilib.
Ədliyyə işçiləri müharibənin ilk günlərindən ordumuza, yaralılarımıza və şəhid ailələrinin qayğılarına dəstək məqsədilə könüllü olaraq 4,5 milyon manatdan çox, o cümlədən peşə bayramı ərəfəsində “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına ianələr edib, yüzlərlə əməkdaş qanvermə aksiyalarında iştirak ediblər.
Nazirlik tərəfindən, həmçinin 80-ə yaxın ölkənin Ədliyyə nazirliklərinə, xarici tərəfdaşlara və nüfuzlu beynəlxalq təşkilata ümumilikdə 450-dək məktub göndərilib, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin işğalı, erməni vandalizmi, müharibə cinayətləri, azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması vurğulanıb, xalqımızın haqlı mövqeyi diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəetməsində rəqəmsal təşəbbüslər həyata keçirilir, bu sahədə normativ aktlar və dövlət proqramları qəbul olunur. Təsadüfi deyil ki, rəqəmsal cəmiyyət dövlətimizin başçısının bu ilin fevralında təsdiq etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərindən biri kimi müəyyənləşdirilib.
Ədliyyə sahəsi müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, mütərəqqi islahatlar aparılır.
Eyni zamanda, “Elektron notariat” innovasiyaların tətbiqi üçün geniş imkanlar açıb. Həmçinin rəqəmsallaşdırmanın yeni mərhələsi olaraq “Mobil notariat” tətbiqi yaradılıb. Onun istifadəçiləri notariat ofisinə getmədən videoəlaqə vasitəsilə, o cümlədən xaricdən müxtəlif notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər.
Ədliyyənin elektron reyestrlərinə digər dövlət orqanlarının da inteqrasiyası vətəndaş məmnunluğuna əlavə şərait yaradıb. Məsələn, əhali barədə müxtəlif məlumatları əks etdirən nazirliyin elektron bazalarından əmək və sosial müdafiə orqanlarına, müxtəlif lisenziyaların alınması üçün İqtisadiyyat nazirliyinə müraciətlər zamanı səmərəli istifadə olunur, bir çox sənədlər onlayn qaydada əldə edilir.
Böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində göstərilən notariat xidməti xüsusi qeyd olunmalıdır. Burada yaradılmış elektron notariat kabinetləri vasitəsilə vətəndaşlar notariusla dərhal video-əlaqə saxlayaraq notariat əməliyyatını həyata keçirə bilirlər. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə analoji xidmətlər banklarda da yaradılıb.
Onu da qeyd edim ki, dövlətimizin başçısı və birinci xanımın şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi barədə çağırışlarına qoşulan və tam əksəriyyəti xüsusi olan notariuslar yüksək vətəndaş mövqeyi və sosial məsuliyyət nümayiş etdirərək şəhid ailələrinə öz hesablarına xidmət göstərirlər.
Mütərəqqi ədliyyə islahatlarının həyata keçirilməsində Azərbaycan Prezidentinin göstərdiyi siyasi iradə, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək hər birimizi üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirməyə səfərbər edir.
Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçirir, Müzəffər Ali Baş Komandanımızı qarşıdan gələn yubileyi münasibətilə təbrik etməkdən şərəf duyurlar. Qəti əminik ki, düşmənə endirilən “Dəmir Yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.
Gəncə şəhər 2 saylı notariat ofisinin
Xususi notariusu Eldəniz Hacıyev

