Hikmət Hacıyev: “Politico”nun məqaləsi dezinformasiyadır, üzr istənməlidir
“Politico”nun Avropa nəşrindəki “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə, Azərbaycanın Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən dezinformasiyanın çirkin nümunəsi kimi tənqid edilib.
ARANTV.AZ xəbər verir ki, Hikmət Hacıyev “X” sosial şəbəkə platformasında yazdığı şərhdə, məqalədə peşəkar fakt yoxlanışının olmadığını və yazının spekulyasiya və şayiələrlə dolu olduğunu vurğulayıb. O, Avropa mediasının bu cür saxta xəbərlərə qarşı necə reaksiya verdiyini soruşaraq, belə jurnalistikanın Avropa standartlarına uyğun olmadığını bildirib.
Hikmət Hacıyev, 2024-cü ildə Azərbaycanın Rusiyadan qaz idxal etmədiyini bir fakt olaraq qeyd edərək, bu yazını tamamilə təkzib edib. O, həmçinin Azərbaycanın qaz hasilatının beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirildiyini və bu sahədəki fəaliyyətin açıq olduğunu qeyd edib.
Son olaraq, Hikmət Hacıyev “Politico”nun Avropa nəşrindən bu saxta məqaləni geri çəkməsini və üzr istəməsini tələb edib.