Gündəm 

Raket yağışları və “yadıma düşürsən yağanda yağışlar” havası

Açığı, bizim insanlardakı optimizmə məəttələm, dünya veclərinə deyil, gələn ilə, uzun illər sonraya planlar qururlar.

Neçə vaxtdır gözümüz saytlarda qalıb. Medvedyevin Avropanı nüvə başlıqlı raketlə vurmaq lazım olduğu barədə xəbəri oxuyursan, üşənirsən, pəncərədən bayıra baxanda görürsən, vur-həşir tikinti gedir.

Zalujnı “Xoş gəldin, III dünya müharibəsi” deyə anons verir, onu düşünə-düşünə liftə tərəf gedirsən, eşidirsən ki, iki qonşunun biri o birinə deyir: “Bu il başım qarışıq oldu, gələn il iki qardaş gedək Yessentukiyə”. O biri də deyir, maydan sonra gedərik.

Putin Rusiyaya atılan raketləri Ukraynaya verən ölkələri vuracağını deyir və bu, o deməkdir ki, belə olsa, Avropa, eləcə də dünya xaraba qalacaq, Feysbuka girəndə görürsən, bir gənc “Polşada yaşayan azərbaycanlılar” qrupunda elan verib: “Varşavaya yerləşmək istəyirəm, iş tapmağıma kömək etsəniz, sevinərəm”.

Hamı işində, gücündədir, hər kəs öz qayğısı ilə yaşayır, milyonlarla adamın vecinə deyil ki, dünya gerçəkdən də altında ocaq çatılmış sacın üstünə atılmış kibrit çöpünə dönüb.

Bu ifadə yadımda ötən əsrin 80-ci illərində məşhur karikaturaçı Herluf Bidstrupun çəkdiyi bir rəsmdən qalıb. Rəssam dünyanı – yəni qlobusu kibrit çöpünün kükürdündə təsvir etmişdi – yəni planet bir saniyədə alışa biləcək hala gəlib. Həmin karikatura həqiqəti əks etdirdiyi üçün beynəlxalq mükafat almışdı.

O zaman (1983, sentyabr) SSRİ-nin Су-15ТМ qırıcısı Cənubi Koreyanın sərnişin təyyarəsini Saxalinin üzərində raketlə vurmuşdu, 269 adam həlak olmuşdu. ABŞ və Reyqan “qan-qan” deyirdi, SSRİ və Andropov “hava sərhədimizi pozmayaydı, vurulmayaydı” deyə cavab verirdi. Dünya qarışmışdı, hamı elə bilirdi, müharibə olacaq. Amma axırda birtəhər ara sakitləşdi.

Hazırda isə dünyada yaranmış beynəlxalq gərginlik 40-45 il öncəkindən 10 qat təhlükəlidir. Qlobal müharibə qapının kandarındadır, amma əlində bir ətək pul şəhərətrafı qəsəbələrdən 3 sot torpaq sahəsi axtaranlar, avtomobolini dəyişmək üçün maşın salonlarını gəzənlər var. Adam ərki ötənlərə demək istəyir ki, 1-2 ay hövsələ edin, görmürsünüzmü, nüvə dövlətləri “vur-vurum” edirlər.

İnsanın xisləti budur, dünyanı, regionu, ölkəni gözləyən təhlükə onu narahat etmir, yalnız özünü, öz dərd-sərini düşünür. Ta demir ki, Putin beynindəki planı icra etsə, Yessentukiyə getmək, Varşavaya yerləşmək, nə bilim, Belarusdan “Konoplyanka” vurub gətirmək mümkün olmayacaq.

Nəyə görəsə hamıda belə bir əminlik var ki, heç nə olası deyil. “Blefdir, əşi, onlarda müharibə edən (yazılması mümkün olmayan əza) yoxdur” deyənlər var. “Yalandan bir-birini qorxudurlar”, “Nə etsələr də, nüvə raketi atmazlar”, “Durub dünyanı dağıdası deyillər ki” – orda-burda səslənən optimist ifadələr belədir.

Müharibə isə bütün şiddəti ilə gedir. Artıq vuruşan tərəflər bir-birinin ölü statistikasını da açıqlamırlar – hesabı itiriblər. Axırıncı dəfə ilin əvvəlində hərəsi düşmənin 200 min əsgərinin öldürüldüyünü deyirdi.

Ruslar və ukraynalılar doğruçu müharibə aparırlar, İsrail və İran kimi hərəyə bir dəfə gen dərəyə raket atıb, sonra da “döyüşün sonu” deyə evlərinə dağılışmırlar. Əslində yəhudilərlə iranlılarınkı mədəni müharibədir, idman yarışı kimidir, gərginlik var, mübarizə var, amma ciddi itkilər yoxdur.

Hamı arxayın idi ki, Tramp gələcək, savaş bitəcək. Belə getsə, Tramp sağ-salamat gəlib Ağ Evə girə bilməyəcək, o vaxta qədər Bayden Kremli, Putin də Ağ Evi vurub dağıdacaq.

Belə situasiyalarda bizimkilərin tez-tez işlətdikləri bir söz də var: “Cəhənnəmə dağıtsınlar”.

Bu lətifəni bir dəfə yazmışam, yeri gəlib, yenə yazıram. Sərnişinlə dolu təyyarə havadaykən nasazlıq yaranır. Pilot salona elan edir ki, təyyarənin motorunun biri xarab olub, amma siz narahat olmayın. Alman sərnişin əndişələnir, deyir, vaay, o biri motor da xarab olsa, nə edəcəyik. Onun yanındakı ərəb soruşur ki, bura bax, bu təyyarə sənindirmi. Alman “yox” cavabı verir. Ərəb deyir: “Onda niyə narahat olursan? Cəhənnəmə xarab olsun”.

İndi biz elə bir “təyyarə”dəyik ki, motoru xarab olmaq üzrədir. Hələ 40 il əvvəl III dünya müharibəsi ehtimalı haqqında belə bir söz də vardı: “Güman ki, o, sonuncu müharibə olacaq”.

Bax, oturub bu şeyləri fikirləşəndə və bir duyarlı insan kimi təbii olaraq narahat olanda onda görürsən ki, FB “dost”larından biri yazıb: “Biz tərəfə damcılayır, yaxşı xəngəl havasıdır”. Başqa biri də şeir paylaşıb: “Yadıma düşürsən yağanda yağışlar”.

Rəhmətliyin bəxtəvər nəvələri, o tərəfdə insanların başına raketlər yağış kimi yağır…

Daha çox xəbərlər