Region Xəbərləri 

Zəfərdən dirçəlişə

Faqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

20 noyabr Ağdam Şəhəri Günüdür. 27 il sonra Ağdam işğaldan azad olundu. Bu gün Ağdamda gemişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olundu.

 

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatları başladı. 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazan rəşadətli Ordumuz gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu dünyaya çatdırdı. Ordumuzun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

 

27 il işğal altında olan Ağdam viran qalmış bir məkana çevrildi. Bütün binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıq, vandallıq, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, bütün dünya bunu görməlidir və görür.

 

Erməni vandalları tərəfindən dağıdılan Ağdamın “Qafqazın Xirosiması” adlandırılması da təsadüfü deyildi. Ermənistanın törətdiyi müharibə cinayətləri bütün dünyaya bəllidir. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri – qanuni əməllər törədib.

 

Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukturu dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün işğaldan azad olunan digər ərazilər kimi Ağdamda da böyük abadlıq-quruculuq işləri aparılır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.

 

Bu gün Ağdam şəhərində abadlıq-quruculuq işləri aparılır. Görülən işlər və reallaşacaq tədbirlər onu deməyə əsas verir ki, qısa bir zamanda Ağdam müasir bir şəhərə çevriləcək. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.

 

Prezident İlham Əliyevin Ağdam rayonuna çoxsaylı səfərləri və burada yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi abadlıq-quruculuq işlərinin sürəti, ardıcıl şəkildə aparılması barədə aydın təsəvvür yaradır. Ağdam ilk “ağıllı şəhər” olacaq. Daim ilklərə imza atan Azərbaycanın dünyaya təqdim etdiyi yeniliklər sırasına “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də daxildir.

 

Bu gün digər ərazilərimiz kimi, Kəlbəcər rayonu da dirçəlir. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Kəlbəcərin işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!” söyləyən dövlətimizin başçısı İlham Əliyev onu da bildirdi ki, biz Kəlbəcəri bərpa edəcəyik. Nəinki Kəlbəcərə, bütün şəhərlərimizə, kəndlərimizə həyat qayıdacaq.

 

Bu il Kəlbəcər şəhərinin sakinlərinə qovuşacaq şəhərimiz sırasında nəzərdə tutulması görülən işlərin miqyasının təqdimatıdır. Füsunkar təbiətə, zəngin mədəni irsə malik olan Kəlbəcər rayonu tezliklə böyük turizm məkanı kimi dünyanın diqqətində olacaq.

Daha çox xəbərlər