Yaşıl enerji gündəliyimiz
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursumuzda aparıcı beynəlxalq təşkilatlarla münasibətlərin qurulması, o cümlədən qlobal problemlərin həllində fəal şəkildə iştirak dövlətimizin prioritet istiqamətidir. Əminliklə qeyd edə bilərik ki, COP29-a ev sahibliyi etmək hüququnun ölkəmizə verilməsi bizim növbəti uğurumuz idi. Bu beynəlxalq ictimaiyyətin Azərbaycana və onun gördüyü işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətinə verilən dərin hörmətin əlaməti idi. COP29 kimi böyük və vacib əhəmiyyətli beynəlxalq tədbiri təşkil edərkən Azərbaycan dövləti uğurlu nəticəyə əvvəlcədən də əmin idi. Artıq böyük tədbirlərin təşkilində zəngin təcrübəyə malik olan ölkəmiz COP29-u da yüksək səviyyədə təşkil etməklə ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid proseslərinə öz töhfəsini vermiş oldu.
Yaşadığımız müasir dünyanın reallıqlarını nəzərə alsaq aydın görərik ki, enerji təhlükəsizliyi hal-hazırda ən aktual məsələlərdən biridir. Azərbaycan əsasən neft-qaz ölkəsi kimi tanınsa da COP29 bütün dünyaya göstərdi ki, ölkəmizin hal-hazırkı gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. COP29-da Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Böyük Britaniya hökuməti isə 239 milyon funt sterlinq (299 milyon ABŞ dolları) ayırmağı vəd etdi.
ABŞ prezidenti Co Bayden Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirilən COP29 iqlim konfransının nəticələrini yüksək qiymətləndirdi. Rəsmi bəyanatda ABŞ lideri bu tədbiri “daha bir tarixi nailiyyət” adlandırdı. Ağ ev rəhbəri COP29-da uğurlu nəticələrin əldə edilməsində əməyi olan tərəfləri və COP29-un sədrliyini təbrik etdi. COP29-un yekunlarına görə əminliklə qeyd edə bilərik ki, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olundu. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. Yekunda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. Azərbaycan dövləti daha bir genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
Nigar Qocayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi