Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? – təhlil
İnflyasiya proqnozlaşdırması aparan xarici maliyyə qurumları da kəskin artım gözləmirlər
“Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5,5 faiz təşkil edib və biz inflyasiyanın 2033-cü ilə kimi 10 illik proqnoz dövrü ərzində orta hesabla 5,0 faiz olacağını gözləyirik”. Bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib (APA).
Qeyd edilib ki, ərzaq qiymətlərinin artması və Rusiya-Ukrayna müharibəsi səbəbindən inflyasiya tarixi yüksək həddə çatmışdı. Bu isə Azərbaycan üçün tədarük zəncirinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb oldu. Qarşıdakı illərdə isə qiymətlərin tədricən azalacağı gözlənilir: “Biz bunun yerli valyutada hər hansı ciddi stresə səbəb olacağını gözləmirik. Bu dövrdə məzənnənin əsasən sabit qalacağına dair fikirlərimizi nəzərə alaraq, inflyasiyanın uzunmüddətli dövrdə yenidən trendə dönəcəyini proqnozlaşdırırıq”.
Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya hədəfi hazırda 2,0-6,0 faiz təşkil edir və AMB ilk növbədə məzənnəyə nəzarət vasitəsilə qiymət sabitliyini təmin edir: “Biz hesab edirik ki, hazırda AMB inflyasiyanı 2015-ci ildə manatın devalvasiyasından sonra (qlobal neft qiymətlərinin çökməsindən sonra) daha yaxşı idarə edir. Bununla belə, qeyd etmək lazımdır ki, iqtisadiyyatın hələ də yüksək dollarlaşma səviyyəsi (bank əmanətlərinin 48.4 faizi xarici valyuta ilə denominasiya olunub) pul siyasətinin ötürücülüyünün daha az effektiv olmasına səbəb olur və nəticədə inflyasiya qalıcı ola bilər”.
FS əlavə edib ki, Mərkəzi Bank 2026-cı ilə qədər inflyasiya hədəfli pul siyasəti sisteminə tam keçid üçün dördillik plan müəyyən edib, bu da həmin vaxta qədər Mərkəzi Bankın manatın valyuta bazarında daha sərbəst ticarət etməsinə imkan verəcəyini göstərir.
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb.
Azərbaycanda inflyasiyaya təsir edən əsas amilləri müəyyənləşdirmək üçün son 10 illik dövrə diqqət yetirməyə ehtiyac var. Belə ki, son 10 ildə Azərbaycanda iki dəfə inflyasiyanın kəskin yüksəlişi baş verib: 2016-2017-ci illər, 2021-2023-cü illər. 2016-cı ildə inflyasiya 12,4 faiz, 2017-ci ildə 12,9 faiz, 2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ildə 8,8 faiz təşkil edib 2016-cı ilədək orta inflyasiya 4 faizdən yuxarı olmayıb. 2018-2021-ci illərdə isə 3 faizədək yavaşıyıb.
Birinci halda inflyasiyanın qısa müddətdə 4 dəfə sürətlənməsi dünya bazarında ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olub. 2014-2015-ci illərdə neft qiymətləri 40 dollara qədər ucuzlaşıb. Nəticədə, 2015-2016-cı illərdə Azərbaycanda dolların məzənnəsi 2 dəfəyə yaxın artıb. Hökumət Mərkəzi Bankın ehtiyatları hesabına məzənnəni sabit saxlamağa çalışsa da, bir neçə ayda bazara edilən12 milyard dollardan yuxarı internvensiya nəticəsiz qalıb və manatın devalvasiyasına gedilib. Dolların bahalaşması idxaldan çox böyük dərəcədə asılı olan daxili bazarda qiymətlərin kəskin artımına səbəb olub.
Hazırda dünya bazarında neftin ucuzlaşması prosesi gedir. Əksər analitik mərkəzlər və beynəlxalq qurumlar neftə tələbatın azalması, təklifin daha sürətlə artması nəticəsində neft qiymətlərinin daha da düşəcəyini proqnozlaşdırırlar. Xüsusilə neftin dünya bazar qiyməti olaraq 40-50 dollarlıq aralığı hədəf elan edən Donald Trampın ABŞ-da yenidən prezident seçilməsi ən azı yaxın 4 ildə neft bazarında təlatümlərin olacağından xəbər verir. OPEK+ razılaşması daxilində artan narazılıq bu alyansın hasilatı azaltmaqla bazarda qiymətləri saxlamaq imkanlarının tükənməkdə olduğundan xəbər verir. Belə ki, ABŞ, Braziliya və Qayana kimi alyansa daxil olmayan istehsalçıları hasilatı sürətlə artırmaqla OPEK+ üzvlərinin bazardan çəkdikləri həcmlərin mühüm hissəsini təmin edirlər. Bu isə alyansın bazar payının sürətlə azalmasına gətirib çıxarır. Artıq Anqola bu səbəbdən razılaşmadan çıxıb. İraq, Qazaxıstan, BƏƏ kimi üzvlər isə təkidlə hasilatın artırılmasını tələb edirlər. Alyansın aparıcı ölkələri olan Rusiya və Səudiyyə Ərəbistanı onları mövcud kvotaları saxlamağa getdikcə daha çətinliklə razı sala bilirlər.
Neftin ucuzlaşması ilə yanaşı, Azərbaycanın neft hasilatı da sürətlə azalır. İllik azalma 2 milyon tona yaxınlaşır və növbəti 10 ildə bunun daha da sürətlənməsi qaçılmazdır. Bu isə ölkəyə daxil olan dollar kütləsinin də azalması deməkdir. Bu azalma fonunda Azərbaycanda dollara tələbat da sürətlə artır. Son iki ayda Mərkəzi Bankın valyuta hərraclarında dollar satışları bərpa olunub və artıq onun ethiyatlarında 828 milyon dollar azalma qeydə alınıb. Dövlət Neft Fondunun valyuta satışlarında da 3 dəfəyə yaxın artım qeydə alınır. Mərkəzi Bank valyuta satışlarını bu ilin sonunadək davam etdirəcəyini açıqlayıb.
Yuxarıda qeyd etdik ki, ötən son 10 ildə Azərbaycanda inflyasiyanın kəskin yüksəlişi 2021-2023-cü illərə təsadüf edib. Bu zaman əsas amil kimi dünya bazarlarındakı bahalaşma çıxış edib. Rusiyanın Ukraynaya işğalçı müdaxiləsi ilə enerji qiymətlərinin kəskin yüksəlməsi qeydə alınıb, eyni zamanda koronavirus pandemiyası zamanı qlobal ticarət zəncirlərində yaranan qırılmalar Rusiyaya qarşı sanksiyalar fonunda daha da dərinləşib. Nəticədə qlobal bazarlarda xüsusilə ərzaq qiymətləri rekord həddə çatıb. Həmin dövrdə Azərbaycanda da inflyasiyanın pik həddi qeydə alınıb.
Qlobal bazarlarda 2022-ci ilin dördüncü rübündən başlayan qiymət azalması bu ilin iyuluna qədər davam edib. Avqustdan isə yenidən bahalaşma ilə əvəz olunub. Artıq dünyanın ən böyük iki iqtisadi mərkəzində – ABŞ və Avropa İttifaqında inflyasiyanın zəif də olsa yenidən sürətlənməsi qeydə alınır.
BMT Kənd Təsərrüfatı Təşkilatının(FAO) hesablamalarına əsasən noyabr ayında dördüncü ay ardıcıl qlobal ərzaq qiymətlərində artım qeydə alınıb. Belə ki, noyabr ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi (FPI) oktyabrla müqayisədə 0,5 faiz artaraq 127,5 bənd təşkil edib və 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb. Bu artıma süd məhsulları və bitki yağları üzrə kotirovkaların artması səbəb olub ki, bu da ət, taxıl və şəkər üzrə kotirovkaların ümumi azalmasını bir qədər üstələyib. İndeks bir il əvvələ nisbətən 5,7 faiz yüksəkdir.
Ötən ay FAO Taxıl Qiymətləri İndeksi oktyabrla müqayisədə 3,0 bənd (2,7 faiz) və 2023-cü ilin noyabrından 9,6 bənd (8,0 faiz) aşağı olmaqla orta hesabla 111,4 bənd təşkil edib. Bitki Yağı Qiymətləri İndeksi noyabrda orta hesabla 164,1 bənd təşkil edərək, əvvəlki ayla müqayisədə 11,1 bənd (7,5 faiz) artaraq 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Süd məhsullarının qiymət indeksi noyabrda 139,9 bənd təşkil edib ki, bu da oktyabr ayı göstəricisindən 0,9 bənd (0,6 faiz) və ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,4 bənd (20,1 faiz) çoxdur. Ət Qiyməti İndeksi noyabrda orta hesabla 118,1 bənd təşkil edib ki, bu da oktyabr ayı göstəricisindən 0,9 bənd (0,8 faiz) aşağı, lakin keçən ildən 6,6 bənd (5,9 faiz) çoxdur. Nəhayət, Şəkər Qiymət İndeksi iki aylıq artımdan sonra noyabrda orta hesabla 126,4 bənd təşkil edərək, oktyabr ayına nisbətən 3,1 bənd (2,4 faiz) aşağı düşüb. Onun dəyəri bir il əvvəllə müqayisədə 35,0 bənd (21,7 faiz) az olub.
Azərbaycanda da oktyabrda inflyasiya əvvəlki ilin eyni ayı ilə müqayisədə 3,7 faiz təşkil etməklə sürətlənmiş olub.
Beynəlxalq analitik mərkəzlərə görə, inflyasiyanın sürətlənməsi müvəqqəti proses olmaqla, 2025-ci ilin ikinci rübünədək azalma ilə əvəz olunacaq. Avropa Mərkəzi Bankı, ABŞ Federal Ehtiyatlar Sistemi və digər qurumların hesabatlarında inflyasiyanın cüzi sürətlənməsi gözlənilən və müvəqqəti hal kimi qiymətləndirilir. Əsas kimi isə enerjidaşıyıcıları bazarında – xüsusilə neft qiymətlərində gözlənilən azalma göstərilir. Azərbaycan üçün bu yanaşmada təhlükəli məqam neft qiymətləri ilə bağlıdır. Belə ki, əgər proqnozlar özünü doğruldarsa və növbəti ildən başlayaraq neft qiymətləri aşağı düşərsə, bu, ölkəyə daxil olan dollar kütləsinin azalması və manatın məzənnəsi üçün real təhlükənin yaranması demək olacaq.
Azərbaycan hökuməti neft qiymətlərinin 50-60 dollarlıq həddində belə ölkənin xarici ticarətində müsbət saldonun davam edəcəyi qənaətindədir. Buna görə də yaxın və ortamüddətli dövrdə Azərbaycanda tələbi tam qarşılayacaq dollar axınının təmin olunacağı gözlənilir. Bu isə manatın məzənnəsinin sabit saxlanması imkanı deməkdir. Azərbaycan Mərkəzi Bankı İdarı Heyətinin sədri Taleh Kazımov parlamentdəki büdcə müzakirələri zamanı mövcud məzənnənin dəyişdirilməsinin nəzərdə tutulmadığını açıqlayıb. O, yaxın və ortamüddətli dövrdə milli valyutanın məzənnəsində dəyişiklik planlaşdırılmadığını deyib: “Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir. Gələn il, o biri il üzən məzənnəyə keçmək kimi məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik”.
Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 faiz idi. Tənzimləyici 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağını gözləyir.
İqtisadiyyat Nazirliyi isə 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 faiz, 2025-ci ildə 4,9 faiz olacağını proqnozlaşdırıb.
Azərbaycanda yaxın 3 illik dövr üzrə inflyasiya proqnozlaşdırması aparan xarici maliyyə qurumları da kəskin artım gözləmirlər. Niderlandın “ING Group”u bu günlərdə 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 2,2 faizdən 2,1 faizə, 2025-ci il üzrə isə 4,7 faizdən 4,1 faizə endirib. Bu isə ING sentyabr proqnozu ilə müqayisadə müvafiq olaraq 0,1 faiz və 0,6 faiz bəndi azdır. ING 2026-cı ilin dördüncü rübü üzrə isə ölkədə inflyasiya proqnozunu 5,4 faiz müəyyən edib.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 faiz səviyyəsində gözlənilir.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3 faiz səviyyəsindədir.