Əsas səhifə 

Zəfər paradı – Şanlı Qələbənin təqdimatı

Dörd il əvvəl 2020-ci il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi.  Həmçinin, Şuşa işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir.

Məhz dövətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan Şanlı Qələbədən sonra qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər.

Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişlər.

Qələbə sevincimiz, Zəfər Günümüz çoxəsrlik tariximizin ən yaddaqalan səhifəsi kimi yazıldı. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş edilmişdir. Azərbaycan bu Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.

«Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, son 17 ildə dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik: «Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.»

Bu fərəhli hadisədən üç il sonra isə 2023-cü il sentyabrın 19-da şanlı ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Üç il fərqlə keçirilən hər iki parad isə Azərbaycan tarixinə əbədi həkk edildi.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər