DİN-dən diplomsuz plastik cərrahlarla bağlı -Açıqlama
“Vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün lisenziyası, təhsili varmı kimi suallara vətəndaş cavab tapmalıdır”.
ARANTV.AZ xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev İTV-nin efirində diplomsuz plastik cərrahlarla bağlı danışarkən deyib.
Qurum rəsmisi bildirib ki, dövlətin bu məsələdə ciddi mövqeyi var və araşdırmalara başlanılıb:
“Bilinməlidir ki, sosial şəbəkədə, internetdə parlaq, cəlbedici görünən çağırış, reklam aldadıcı ola bilər. Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu. Bunların araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Bu paylaşımların dayandırılması üçün Qənirə xanıma mesajlar yazılıb.
Burada qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, təzyiq etməyi üstün tutublar. O həkimlərin biri çıxıb sosial şəbəkədə iddialara cavab vermədi. Diplomun, sertifikatın yoxdur deyilirsə, təqdim etməlisən.
DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxu sonradan susdurulub. Zərərçəkmiş şikayətin geri götürüb ki, həkimlə arasındakı problemi həll edib.
Bütövlüklə cəmiyyət olaraq biz hüququn işləyə biləcəyi formada qaydaları tənzim etməliyik. Qanunsuz fəaliyyət göstərirsənsə, cəza təhdidi var.
Dövlətin bu sahədə konkret mövqeyi var. Adiyyəti üzrə tapşırlar verilib. Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən işlər davam etdirilir. Bu əməllə məşğul olanlar diqqətli olsunlar, cəzalanmalar olacaq”.