Gündəm 

Ümummilli Liderin gənclər siyasəti: Keçmişdən bu günə miras

Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür.

Bu baxımdan Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovet İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Bu, həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur.

Düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Belə bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev sağlam düşüncəli yeni nəslin yetişdirilməsinin dövlətin və cəmiyyətin mühüm vəzifəsi olduğunu bəyan etdi. Məlumdur ki, həmin dövrdə respublikamızda vəziyyət heç də ürəkaçan deyildi. Ölkə iqtisadi tənəzzül yaşayırdı, müstəqilliyimizə daxildən və xaricdən böyük təhdidlər var idi. Bütün bu çətinliklərə baxmayaraq Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ümummilli Lider ümidlə vurğulayırdı ki, Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır”.

Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə Ulu Öndər tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu Öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü elan edildi. Hazırda respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Bu gün gənclərimiz arasında milli-mənəvi dəyərlərə bağlılığın daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Bu da səbəbsiz deyil. Çünki gənclərin milli ruhda tərbiyə olunması, milli-mənəvi dəyərlərimiz əsasında inkişaf etməsi dövlətimizin və dövlətçiliyin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev bu il fevralın 7-də keçirilən növbədənkənar parlament seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimindəki nitqində bildirib ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Doğrudur, qloballaşma şəraitində milli-mənəvi dəyərlər, həqiqətən böyük təhlükələrlə üzləşir. Sevindirici haldır ki, gənclərimiz xaricdən gələn sözügedən “təhlükələrə” uymur, milli ruhda böyüyürlər. Buna nümunə kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gənclərimizin  böyük şücaətini göstərmək olar. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil edirdi.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər