Gündəm 

Deputatın əfv təklifinə tanınmış vəkillərdən reaksiyalar

Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub. Bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb. O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər:

“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”.
Deputat Qüdrət Həsənquliyev təklifi müzakirələrə səbəb olub. İstintaq altında olan şəxsin əfv olunmasına Azərbaycan qanunları yol verirmi? Deputatın təklifi qanun şəklinə salına bilərmi?

Musavat.com deputatın təklifinə tanınmış vəkillər Əkrəm Həsənov və Cavad Cavadovun münasibətini öyrənib.

Cavad Cavadov Musavat.com-a deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ var:

“Əsas Qanunun 109-cu maddəsində əvf etmə ölkə başçısının səlahiyyətinə verilmişdir. Ölkə başçısının təsdiq etdiyi Əfv etmə haqqında Əsasnamənin 2-ci maddəsində qeyd edilib ki, Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər. Ümumi olaraq əfv etmə cinayət hüququnun dövlət hakimiyyəti və ədliyyə sistemi ilə eyni vaxtda meydana çıxmış ən qədim institutlarından biridir. Tarixin bütün dövrlərində monarxlar, sonradan digər dövlət başçıları tərəfindən geniş istifadə edilməyə başlanıb. Əfv etmənin fəlsəfəsi məhz məhkum edilmiş şəxslərin bağışlanma qaydasında cəzadan tam və bir hissəsindən azad edilməsini nəzərdə tutur”.

Vəkil deyib ki, istintaq altında olan şəxslərə əfv etmənin tətbiq edilməsi üçün Konstitusiya dəyişdirilməlidir: “Bunun üçün referendumun keçirilməsi tələb olunduğundan, hər hansı qanunun qəbul edilməsi ilə mümkün deyil. Eyni zamanda amnistiya səlahiyyəti Konstitusiya ilə məhz Milli Məclisin səlahiyyətinə aid edilib və bu səlahiyyətin dəyişdirilməsi üçün məhz əsas qanun dəyişdirilməlidir. Məhbusların çoxluğuna dair Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı tövsiyələri var. Avropa Şurasının Nazirlər Komitəsinin R(99)22 saylı Tövsiyəsində açıq qeyd olunur ki, həbsxanaların dolmasının və həbsdə saxlanılan şəxslərin sayının artmasının həbsxana rəhbərliyi və ümumilikdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də penitensiar müəssisələrin səmərəli idarə olunması baxımından böyük problem yaradır. Tövsiyələrdən biri də cəzanın faktiki olaraq çəkiləcək müddətinin azaldan tədbirlərin hazırlanmasının təşviq edilməsi, bu zaman həbsxanaların dolması probleminin həlli üçün kollektiv tədbirlərə (Amnistiya, Əfv Aktları) ilə müqayisədə məhz vaxtından əvvəl şərti azad etməyə üstünlük verilməli əks olunub”.

Əkrəm Həsənov Musavat.com-a deyib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci maddəsinə görə əfv etməni dövlət başçısı həyata keçirir: “Dövlət başçısı əfv etmə aktı ilə şəxsi cəzanın qalan hissəsindən azad edə və ya cəza müddətini azalda bilər. Bu aktla cəza növünü yüngülləşdirə də bilər. Eyni zamanda da cəza çəkən şəxsin üzərindən məhkumluğu götürə, ömürlük məhkum edilmiş şəxsin cəzasını 25 illik cəza ilə əvəzləyə bilər. Cinayət Məcəlləsinə görə məhkumluğu olan şəxsin əfvi mümkündür”.

Əkrəm Həsənov deyib ki, barəsində istintaq gedən şəxslərin qanunla əfvi mümkün deyil: “Çünki istintaq altında olan şəxslər cinayətkar sayılmırlar. Əfv günahı sübut olunmuş şəxsi etmək mümkündür. Düzdür, müəyyən ölkələr var istintaq altında olan şəxslərin əfv olunması qanuniləşdirilib. Məsələn, İslandiyada istintaq altında şəxslərin dövlət başçısı tərəfindən əfvi qanunla nəzərdə tutulub. Əksər ölkələrdə belə bir qanun yoxdur”.

Əkrəm Həsənov deyib ki, ümumən hüquq alimləri içində 18-ci əsrdən bu məsələ müzakirə mövzusudur: “Kant, Volter kimi şəxsiyyətlərin bu məsələyə münasibəti mənfi olub. Mənə görə də əfv cəzasızlığa aparır. Hesab edirəm ki, əfv etmə genişləndirilmək əvəzinə məhdudlaşdırılmalıdır. Çünki dövlət başçısı əfv etdiyi bir çox şəxsləri tanımır. Sadəcə ölkə başçısına əfv olunacaq şəxslərin siyahısı təqdim olunur. O siyahıları təqdim edən şəxslərin nə dərəcədə ədalətli, dürüst olması da böyük şübhə altındadır. Azərbaycan dünyanın ən korrupsion ölkələrindən biridir və böyük ehtimalla da burada korrupsiya amili rol alır. Həmişə belə olduğunu iddia etmirəm. İnsanlarımızda belə düşüncə hakimdir ki, getdi haqq-hesabını verdi, əfv olundu. Belə olduqda isə cəzasızlıq mühiti yaranır. Şəxslərdə də düşüncə yaranır ki, sabah gedib nə istəyəcəyəm, onu da edəcəyəm, sonra da gedib əfv alacağam. Bizim insanlarda belə düşüncə var. Məndə belə bir səlahiyyət olsaydı, şəxsən tanımadığım şəxsi azad etməzdim”.

Daha çox xəbərlər