Azərbaycan tarixində inkişaf və tərəqqi dövrü
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 21 ilin uğurlarının xronologiyası bu vədin konkret əməldə öz əksini tapdığını nümayiş etdirir. Bu mühüm məqamı da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev tarixi əhəmiyyətli 2003-cü il 1 oktyabr müraciətində Azərbaycanın gələcək inkişafını təmin edəcək ünvanı göstərərkən bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq.
1993-2003-cü illər Azərbaycan tarixinə inkişaf, tərəqqi dövrü kimi yazılıb. Bu illərdə yaradılan möhkəm təməl Azərbaycanın davamlı inkişafına, bütün sahələrdə təkmil islahatların həyata keçirilməsinə geniş imkanlar yaradır. Yeganə problemimiz hazırda tarixə qovuşan Qarabağ münaqişəsi idi. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordun olmalıdır. Ümummilli Liderin ordu quruculuğu istiqamətində atdığı addımlar maddi-texniki bazasının möhkəmləndirilməsini, döyüş ruhunun artmasını təmin etdi.
2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunda həyata keçirdiyi tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı gördüyü işlər Qarabağ münaqişəsinin taleyi ilə bağlı bəzi dairələr tərəfindən səsləndirilən əsassız fikirləri darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Azərbaycan Ordusunun gücünün, qüdrətinin bariz nümunəsi 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi, eyni zamanda ötən ilin sentyabr ayında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi oldu. Ordumuzun gücü qarşısında diz çökən Ermənistan silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Silahlı Qüvvələrimizin gücü sayəsində cəbhədən gələn qələbə xəbərləri xalqımızı sevindirdi, qürurlandırdı. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi, üçrəngli Bayrağımızın bu torpaqlarda dalğalanması ilə bir daha dünyaya sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. Ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Bu gün Azərbaycan Ordusu dünya hərb tarixinə yazdığı səhifə ilə qürurludur. Azərbaycanın müharibə təcrübəsi dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri tərəfindən öyrənilir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi sistemli tədbirlərin nəticəsidir. Cənab İlham Əliyevin 21 illik Prezidentlik dövrünün 17 ili Qarabağ münaqişəsinin həllinə hazırlıq dövrü kimi xarakterizə olunur. Qələbəyə hazırlanan Ordumuzun yazdığı tarix, eyni zamanda, xalqımızın yenilməz, məğrur xalq olduğunu dünyaya çatdırdı.
Qalib ölkənin qalib Prezidenti İlham Əliyev keçirilən tədbirlərdə, işğaldan azad edilmiş ərazilərimizə mütəmadi reallaşdırdığı səfərləri zamanı çıxışlarında Vətən oğullarının torpaq sevgisindən geniş bəhs edərək onların qanları ilə tarix yazdığını xüsusi qeyd edir.
Bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. Ötən ilin 20 sentyabr tarixindən ölkəmiz yeni dövrə qədəm qoydu. 30 ilik işğaldan sonra tarixi sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayıb. Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qələbəsi dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Müzəffər Ali Baş Komandan tarixi Zəfərimizin ilk günündən bu çağırışı etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa “Dəmir yumruğ”u unutmasınlar. Hər bir təxribatın qarşısı qətiyyətlə alınır və alınacaq. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən Ordumuzun daha da gücləndiriləcəyini, bu istiqamətdə lazımi addımların atılacağını bildirir.