Cəmiyyət 

Gənclər niyə maşın sevdalısı olub? – ictimai nəqliyyatdan bezginlik, yoxsa…

Azərbaycan gənclərin maşın sürməsinə görə bir çox ölkələri qabaqlayıb

Son illər Azərbaycanda gənclər arasında sürücülüyə meyl edənlərin sayı artıb. Xüsusən də ictimai nəqliyyatdakı xaosdan, basabasdan bezənlər tək çarəni şəxsi maşın sahibi olmaqda görürlər. Amma eyni zamanda iş tapmaqda çətinlik çəkən gənclərin taksi sürücülüyünə meyl etməsi ilə bağlı müşahidələr var. Ümumən Azərbaycanda sürücü olmaq istəyənlərin yaş həddi ildən-ilə aşağı düşür. Sürücülük kurslarına bir qayda olaraq gənc qızlar və oğlanlar müraciət edir. Bu da şəhərin tıxacından, taksi firmalarında gördükləri neqativ münasibətdən narazı qalanların tapdığı çıxış yollarından biridir. 

Azərbaycanda taksidə daha çox yaşı 21-dən 35-dək olan gənclər işləyir. Onların sayı yarıdan çoxdur – ümumi sayın 72%-i. Daha az sayı yaşı 36-dan 45-dək olan sürücülər təşkil edir – 20%. Yaşı 66-dan yuxarı olan sürücülərin payına isə cəmi 0,1% düşür.

Taksi sürücülərinin əksəriyyəti şəxsi avtomobillərində işləyir. Çox vaxtı bu, populyar və sınanılmış xarici avtomobillərdir. Birinci yerdə “Mercedes C-class” yerləşib, onunla sifarişləri yerinə yetirənlərin sayı sürücülərin ümumi sayının təxminən 12%-i təşkil edir. Taksi avtomobili qismində daha az “Mercedes E-class” avtomobillərini görmək olar, ona üstünlük verənlərin sayı 9%-dir. Üçüncü yerdə “Opel Astra”dır, onu taksi sürücülərinin 7%-i seçir. Ən populyar taksi avtomobillərinin siyahısına həmçinin “Opel Vectra”, “Mercedes 190″, ”Daewoo Gentra”, “Lada 2115″ və ”Daewoo Nexia” avtomobilləri düşüblər.

Statistika ölkənin 4 şəhəri üzrə təqdim edilib: Bakı, Gəncə, Mingəçevir və Sumqayıt.

Hazırda digərləri ilə müqayisədə nəqliyyat sektorunda iş imkanları daha genişdir. Taksi, şəhərdaxili avtobusların idarəsi üçün tələblər getdikcə artır. Elə şirkətlər var ki, “Uber” özəl taksi xidmətindən istifadə edir. Artıq bu xidmət Azərbaycanda da bir müddətdir ki, fəaliyyətə başlayıb. Burada sürücülük vəsiqəsi və nəqliyyatı olanlar xidmətə cəlb edilirlər. “Uber” özü də iş baxımından bir cəlbedici xidmətdir. Hər hansı bir şirkətdə və yaxud dövlət qurumunda fəaliyyət göstərən insanlar var ki, onlar da özəl avtomobil xidmətini təklif edirlər. Belə demək olarsa, onlar öz avtomobillərindən qazanc mənbəyi kimi istifadə edirlər. Bütün bu faktorlar sürücülük vəsiqəsini əldə etmək üçün stimullaşdırıcı amillər hesab oluna bilər. Elə ailələr də var ki, ailənin bütün üzvlərinin sürücülük vəsiqəsi olsa da, ailənin yalnız bir şəxsi avtomobili var. İnsanlarda belə bir yanaşma var ki, ailə olaraq harasa getdikdə, uzaq məsafələrdə bir-birini əvəz etmək mümkün olsun. Yaxud kimsə spirtli içki qəbul edibsə, o öz avtomobilini xanımına verir və avtomobili xanım  idarə edir. Bu kimi faktorlar da əsas rol oynayır. Lakin mən hesab etmirəm ki, sürücülük vəsiqəsini almaq istəyənlərin sayının artması Bakıda tıxac problemini dərinləşdirə bilər. Bütün hallarda paytaxtda  nə qədər nəqliyyat vasitəsi varsa, onlar istifadə olunur. Bu avtomobillərin kim tərəfindən necə idarə olunması tıxac probleminin həlli ilə bağlı məsələdə önəmli faktor hesab edilmir. Lakin son illərdə ölkəyə idxal olunan avtomobillərin sayında kəskin azalma var.

Hazırda gənclər arasında sürücülük vəsiqəsi alanların sayında bir artım var. Amma statistika göstərir ki, sürücülük vəsiqəsi alanların hər biri də öz avtomobilini idarə etmir. Belə ki, bəziləri həvəskar olduğu, bəziləri isə nə zamansa, gələcəkdə maşın sahibi olacaqlarını düşündükləri üçün vəsiqə almağa çalışırlar. Bu baxımdan xanımlar üstünlük təşkil edir. Gənclər, yeniyetmələrin əkəsriyyəti 18 yaşı tamam olan kimi, sürücülük vəsiqəsi almaq həvəsinə düşürlər. Onların bir qismi oxuyub imtahan verir və vəsiqəni əldə edir. Amma bu o demək deyil ki, onların hər biri bu vəsiqədən istifadə edir. Bu statistika ilə məsələyə yanaşsaq, hər il sıralarımıza 50 mindən çox sürücü qoşulsa, Azərbaycanda ciddi tıxac problemi yaranar. Paytaxtın küçələrində tıxac əlindən tərpənmək olmaz. Həmçinin bu, nəinki paytaxtda, bölgələrdə də ciddi tıxac problemi yarada bilər.

Hansı ölkə neçə yaşından maşın idarəsinə icazə verir? 

Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ 14 yaşdan başlayır. Velosiped və ya arabanı 14, asma mühərrikli velosipedi, moped və A1 altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə  16, A, B, C kateqoriyalarına, B1 və C1 altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək isə 18 yaşdan sonra mümkündür.

Maraqlıdır, dünya ölkələrində sürücülük vəsiqələri neçə yaşdan və hansı şərtlərlə verilir?

Türkiyədə 16 yaşdan moped və motosiklet, 18 yaşdan isə avtomobil sürməyə icazə verilir.

Almaniyada 17 yaşdan müşayiət edən şəxslə, 18 yaşdan isə müstəqil olaraq avtomobil sürmək mümkündür. Yük maşını və ya avtobus üçün isə 21 yaşın olması əsas şərtdir.

Rusiyada sürücülük vəsiqəsi 17 yaşdan verilir. Son aylarda isə 18 yaşından verilməsi təklif edilib.

ABŞ-da isə vəziyyət bir qədər fərqlidir. Burada hər şey əyalətdən asılıdır, minimum 14 yaşdan sonra sürücülük vəsiqəsi almaq mümkündür.

Avstraliyada sürücülük vəsiqəsi 17 yaşı tamam olanlara verilir.  16 yaşdan başlayaraq sürücülük məktəbində oxumaq mümkündür.

Argentina hökuməti 18 yaşdan sonra  müstəqil şəkildə avtomobil sürməyə icazə verir. Namizəd sürücülük nəzəriyyəsi və praktikasından əlavə, İspan dilində danışmalı və psixofiziki testdən keçməlidir.

Braziliyada 18 yaşdan etibarən maşın sürməyə icazə verilir. Buna baxmayaraq, senat bu məhdudiyyəti 16 yaşa endirməyi düşünür.

Britaniyada 17 yaşlı şəxslər avtomobil idarə edə bilərlər.

Hindistanda sürücülüyə 16 yaşından motosikletlə, 18 yaşından isə avtomobillə icazə verilir. Lakin bəzi əyalətlərdə bütün icazələr yalnız 20 yaşdan başlayır.

Kanadada əyalətdən asılı olaraq 14 yaşdan 16 yaşa qədər olar sürücülüyə icazə var. Müxtəlif hüquq kateqoriyası mövcuddur, bəziləri üçün 3 ilə qədər təhsil almaq mütləqdir.

Fransada 18 yaşdan etibarən sürücülük vəsiqəsi verilir. Bu istiqamətdə təhsil almağa isə 15 yaşında başlamaq mümkündür. Ancaq sürəti 60 km/saatdan çox olmayan avtomobillər üçün lisenziyasız idarəetmə də mümkündür.

Yaponiyada 16 yaşdan motosiklet, 18 yaşdan isə avtomobil sürməyə icazə var. 

18 yaşına çatmamış şəxsin sürücülük vəsiqəsi ola bilməz. Belə şəxsin avtomobil sürərək qaydanı pozması və ağır nəticəli qəza törətməsi Cinayət Məcəlləsinin (CM-in) 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin CM-in bu maddəsi üzrə məsuliyyətə yalnız yaşı 16-nı keçmiş şəxslər cəlb edilə bilərlər. Deməli, 15 yaşında uşaq qəza törədərək 5 adamı da öldürsə, bu maddə üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Nəqliyyat vasitəsini qaçırma məsələsi isə tamam başqadır. Bu əmələ görə CM-in 185-ci maddəsi cinayət məsuliyyəti nəzərdə tutur. Bu cinayətin subyekti olmaq üçün 14 yaş kifayətdir. Özü də uşaq öz atasının maşınını da ondan icazəsiz sürüb aparsa, bu əməl CM-in 185-ci maddəsinin tərkibini yarada bilər. Deməli, 15 yaşlı uşaq valideyninin avtomobilini qaçıraraq ağır qəza törədərsə, həmin qəzaya görə yox, məhz avtomobili qaçırmaya görə cinayət məsuliyyətinə cəlb ediləcək. Bu halda avtomobilə qəzada 1000 manatdan 7000 min manatadək ziyan dəyərsə, həmin uşaq 2 ildən 5 ilədək, 7000 manatdan çox ziyan dəyərsə, 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.

SEVINC

Daha çox xəbərlər