Multikulturalizmin təbliği bəşəri dəyərlərə sadiqlikdir
Şimal ilə Cənubun, Qərblə Şərqin qovuşduğu məkanda yerləşən Azərbaycan təkcə siyasi, iqtisadi uğurları, müəllifi olduğu enerji- nəqliyyat layihələri ilə deyil, mədəniyyətlərarası dialoq mərkəzi, sivilizasiyaları birləşdirən coğrafi əhəmiyyəti ilə də diqqəti cəlb edir. Müəllifi olduğu meqalayihələri ilə Avrasiyanın enerji və daşımalar yollarını yeniləyən, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatını genişləndirməklə dövlətlərarası əməkdaşlığı möhkəmləndirən Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisini Ermənistanın işğalından azad etməklə hərbi, müdafiə qüdrətinin tükənməzliyini də təsdiqləyib. 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində BMT-dən sonra ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə humanitar təşəbbüsləri, insanları birliyə səsləyən çağırışları ilə beynəlxalq aləmdə böyük nüfuz qazanan Prezident İlham Əliyev xalqımızın sadiq qaldığı multikultural ənənələri yeni dəyərlərlə zənginləşdirir. Azərbaycan, həmçinin təxminən 60 ölkənin təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə enerji təhlükəsizliyi ilə bağlı sazişlər imzalayıb, strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib.
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində «Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır. Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil» sözləri ilə Azərbaycan xalqının ən zəngin mənəvi sərvəti olan tolerantlıq ənənələrinin şərəf işi olduğunu bir daha diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, dini tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin gücləndirilməsində, dinlərin və mədəniyyətlərin sülh, ləyaqət və təhlükəsizlik şəraitində yaşamasında qlobal dinc birgəyaşayışın simvolu olan Azərbaycan təcrübəsi nümunə göstərilməlidir.
Son günlərdə ölkəmizdə keçirilən tədbirlər, görüşlər Azərbaycan multikulturalizminin bariz nümunəsidir. Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbulu edərkən II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin müəyyənləşdirilməsi ölkəmizdəki katolik icması tərəfindən çox böyük rəğbətlə qarşılanmışdı. Qonaq bu kilsənin inşası üçün ərazinin ayrılmasına və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmiş, bu diqqətin tərəfdaşlığın nümunəsi olduğunu söyləmişdi. Prezident İlham Əliyev tikiləcək kilsənin qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasına töhfə olacağını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın multikulturalizm ənənələrinin tarixi ənənələrə söykəndiyini qeyd edərək bildirmişdir ki, ölkəmizdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin daim sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşaması tolerantlıq nümunəsidir.
Arxiyepiskop Paul Riçard Qallager ölkəmizdəki katolik icmasının nümayəndələrinin Azərbaycan rəsmiləri və cəmiyyəti ilə rahat şəraitdə münasibətlərinin olmasından məmnunluğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, bu cür insani dəyərlər Azərbaycana nüfuz gətirən amillərdəndir.
Prezident İlham Əliyev bu cür dəyərləndirmələrin Azərbaycan xalqı tərəfindən razılıqla qarşılandığını, multikulturalizmin təbliğinə dəstək olduğunu, respublikamızda çoxmillətliliyin təminatına hörmətlə yanaşıldığını məmnunluqla qeyd etmişdir. Bu təmələ əsaslanan dövlət siyasətinin xalqımızın ənənəvi yaşayış tərzinin vəhdətdə inkişafını milli birlik və həmrəylik adlandırmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin ölkəmizdə sülh, dostluq və mehriban şəraitdə yaşaması Azərbaycana əlavə güc verir, sabitliyin və cəmiyyətdə ahəngdarlığın təmin olunmasına xidmət edir. Azərbaycan multikulturalizminin, həmçinin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və bu sahədə əməkdaşlığa böyük töhfə verdiyini deyən dövlətimizin başçısı ölkəmizdə mütəmadi olaraq mədəniyyətlər və konfessiyalararası dialoqların, beynəlxalq tədbirlərin keçirildiyini məmnunluqla xatırlatmışdır. Söhbət zamanı Prezident İlham Əliyev bildirmişdi ki, COP29 ərəfəsində dünya dini liderlərinin sammiti də keçirilib və mərasimdə dünya dini liderləri tərəfindən də iqlim dəyişmələri ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət olunub. COP29 zamanı Azərbaycanın müxtəlif tərəflər arasında körpülərin yaradılmasına çalışdığını deyən dövlətimizin başçısı bu tədbir çərçivəsində aparılan danışıqlar prosesinin uğurlu nəticələr verdiyini xüsusilə qeyd etmişdir. Görüşdə Yaxın Şərqdəki vəziyyətə toxunmuşdur. Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha vurtulamışdı.
Prezident İlham Əliyevin bu günlərdə paytaxtımızda keçirilən «Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər»” mövzusunda Forum iştirakçılarına müraciətində qeyd olunduğu kimi, xalqımızın daim sadiq qaldığı mültikulturalizm dəyərlərinin dərin, tarixi kökləri bu gün də qorunur. Müraciətdə bildirilir ki, ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır: «Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir.»
Bu cür dəyərləndirmələr bir daha göstərir ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətləri kimi diqqətdə saxlanılır. Azərbaycanda din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Bu təcrübə ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi daim aktuallığını qoruyur.
Dünyada cərəyan edən mürəkkəb proseslərdə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi isə insanlara fəlakət gətirir. Ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlərin beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratdığı müasir dövrümüzdə multikulturalizm dəyərlərinin təbliği, dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi mənəvi-əxlaqi tərbiyə işinin təşkili baxımından da zəruridir. Son aylarda İsrail-Fələstin müharibəsinin qurbanlarının sayının artması, Suriyada baş verən hadisələr dinin kölgəsində gizlənən maraqlı dairələrin milli münaqişələr üçün münbit şəraitin yaratmaları gələcəkdə daha təhlükəli hadisələrə səbəb ola bilər.
Dünyanın təhlükəsizliyinə görə məsuliyyət daşıyan böyük güclərdən bəziləri geosiyasi məqsədlərinə çatmaq üçün bu cür amilləri süni şəkildə şişirtməkdən, onlardan siyasi manipulyasiya elementi kimi istifadə etməkdən çəkinmirlər. Bakıda keçirilən forumların sülh və qlobal təhlükəsizlik naminə dialoq” kimi həssas mövzulara həsr olunması siyasi gerçəkliyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.
Geosiyasi maraqlar uğrunda aparılan mübarizənin daha da qloballaşması göstərir ki, dil və din, etnik və mədəni mənşəyi fərqli olan cəmiyyətlər, bütövlükdə sivilizasiyalar arasında uzlaşmanı təmin etmək istəyən siyasi qüvvələrin məkrli planlarına qarşı ən ciddi mübarizə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanan, əsas məqsədi sivilizasiyalar arasında mövcud olan körpüləri daha sağlam əməkdaşlıq əsasında möhkəmləndirən «Bakı Prosesi» kimi nümunələrdir. Humanitar tədbirlərə artan maraq, müxtəlif milli mənsubiyyətə məxsus vətəndaşların respublikamızın rifahı naminə bir amil naminə birləşməsi təsdiqləyir ki, multikulturalizm abstrakt məfhum deyil sağlam, əmin-aman dünya istəyən hər kəsin həyat tərzi olmalıdır. Dünyada neokolonializm siyasətini həyata keçirən Fransa kimi ölkələr və onların məcburi assimilyasiyaya siyasəti ilə müqayisədə Azərbaycanın multikulturalizm təcrübəsi bəşəri dəyərlərə sadiqlikdir.
Xuraman İsmayılqızı, «İki sahil»