20 Yanvar faciəsi xalqımızın azadlıq hərəkatının kulminasiya nöqtəsi oldu
1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi. SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı sonradan daha geniş vüsət aldı və milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Kreml azərbaycanlılara qarşı repressiya maşınını yenidən işə saldı. Qorbaçovun əmri ilə yanvarın 19-da gecəykən rus ordusu paytaxtımıza – dinc sakinlərin üzərinə yeridildi. Qadınlar, uşaqlar, qocalar aman verilmədən güllədən keçirildilər, qətlə yetirildilər. 20 Yanvar faciəsi xalqımızın azadlıq hərəkatının kulminasiya nöqtəsi oldu.
Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Bütün baş verənlər, hərbi cinayətlər xalqımızın mübarizə əzmini qıra bilmədi. Kütləvi qətliamlar qarşısında mətinləşən xalqımız bütün dünyaya örnək ola biləcək həmrəylik nümayiş etdirdi. Milyonlarla insan 20 Yanvar faciəsindən sonra da Bakı küçələrində azadlıq şüarı səsləndirdilər. Günlərlə meydanlarda gecələyən xalqımız göstərdi ki, bütün dünyanı lərzəyə salan Sovet ordusunun hərbi cinayətləri mübarizə əzmimizi qıra bilməz. O günlərdə bütün dünya azərbaycanlıları həmrəy oldular, azadlıq hərəkatına dəstək verdilər. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. 20 Yanvar faciəsinə ən doğru, qətiyyətli qiyməti məhz o zaman Moskvada olan Ümummilli Lider Heydər Əliyev verdi: “O, mətbuat konfransı keçirərək sovet rəhbərliyinin qanlı cinayətlərini kəskin şəkildə pislədi. Ulu Öndərin iradəsi, ortaya qoyduğu qətiyyətli mövqeyi xalqa daha da güc verdi. Xalqın qəlbində əbədi sevgi qazanmış Ulu Öndər siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 1994-cü il martın 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da Ümummilli Lider 20 Yanvar faciəsinə və faciə qurbanlarına münasibətini ortaya qoymuş oldu. 20 Yanvar şəhidlərinin ailələri və əlil olmuş şəxslər bu gün diqqət və qayğısı ilə əhatələnib. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse – prezident Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlil olmuş şəxslərə hər zaman xüsusi həssaslıqla yanaşıblar. 27 il sonra – 2020-ci ilin sentyabrında Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbə əldə etdi. 2023-cü il sentyabrın 20-də Xankəndiyə Azərbaycanın üçrəngli bayrağını sancan Ordumuz ölkəmizin suverenliyini tam bərpa etdi. Bununla da 35 il öncə xalqımızın – 20 Yanvar faciəsi qurbanlarının arzuları, məqsədləri tam həyata keçiridli. 20 Yanvar tarixinin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilməsi yeniyetmə və gənclərimizdə tarixi yaddaşa, vətənpərvərlik hissinin formalaşmasına böyük təsir göstərir. Əsrlər keçsə də, öz qanları ilə tarix yazan şəhidlərimizin müqəddəs xatirəsi daim unudulmayacaq.
Şeyda Əzizqızı
İlin Müəllimi ,Pedaqoq
«Aran Media» GROUP -un rəhbəri