Cəmiyyət 

Lənkəranlının Trampla nə əlaqəsi?

Bakıdakı Amerika səfirliyindəki  olay və bir daha “okeanın o biri tərəfi” haqda…     

Bu həftə Bakıda diqqətçəkən bir olay baş verib. Adı açıqlanmayan 1980-cı il təvəllüdlü Lənkəran sakini ABŞ-ın Azərbaycandakı səfirliyinin həyətinə daxil olmağa cəhd edib. Xəbər beləydi ki, həmin şəxs səlahiyyət müddətini səhhəti səbəbindən yarımçıq başa vurmuş Amerika səfiri Mark Libbi ilə görüşmək istəyirmiş. İddia olunurdu ki, polis əməkdaşları həmin şəxsə yaxınlaşıb səfirliyin ərazisindən çıxmağı tələb ediblər. Lakin buna əməl etmədiyi üçün saxlanılıb.  Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədəki ifadəsində lənkəranlı bildirib ki, səfirliyinin həyətinə daxil olmağa cəhd etməsinin səbəbi Amerikaya getmək istəyi olub: “Səfirdən mənə Amerikaya getməyə kömək etməsini istəyəcəkdim”.

Məhkəmənin qərarı ilə həmin şəxs  15 gün müddətinə inzibati qaydada həbs edilib.

Yalanı yoxdur, “okeanın o biri tərəfini” gənclik illərində hamımız arzu etmişik, Azadlıq prospektindəki səfirliyin həyətə “hoppanıb keçmək” istəyənlər isə indiyədək də olub. Çünki o vaxtlar belə rəvayət edirdilər ki, əgər hansısa səfirliyin ərazisinə daxil ola bildinsə, demək o ölkədəsən və sairə. Məsələn, məşhur “Vikiliks” saytının yaradıcısı Culian Assanj Amerikanın qorxusundan Ekvadorun Londondakı səfirliyində uzun illər gizləndi, arada eyvana  çıxaraq jurnalistlərə müraciətlər də edər, ABŞ-ı yamanlayrdı…

Cənublu qardaşın ABŞ-a getmək israrının Baydendən sonra yenidən hakimiyyətə qayıdan Donald Trampla əlaqəsi varmı, bunu demək çətindir. Ola bilsin ki, Trampın ABŞ-ı yenidən superdövlətə çevirmək vədi cəlbedici görünüb. Amma yəqin onu bilmir ki,  yeni-köhnə prezidentin əsas vədlərindən biri miqrantları Amerikadan qovmaqdır. O miqrantlar ki, Avropadan ailə-ailə, məhəllə-məhəllə Amerikaya axışıblar burada yenidən dövlət qurublar. Onların sırasında milyarderlər də olub, bir çamadanla gəlib milyarder olan da. Qanqsterlər də, alimlər də. Frensis Ford Koppola ”Xaç atası” filmi 1945–1955-ci illər arasında olan hadisələri əhatə etsə də,  Korleoni ailəsinin nümunəsində əslində, çox həqiqətlər açılır. Bayden ailəsinə baxın, onun oğlu Hanter məgər Sanni Korleonin bənzəri deyilmi? Tramp da yenə özünü dünyanın  “Xaç atası” kimi aparmırmı? Dövlətləri hədələyir, birindən ərazi, birindən pul istəmirmi?

Əslində, dünyada ABŞ qədər qəliz  dövlət çətin tapıla. Dostluğu ilə düşmənçiliyi arasında sərhəd olmayan, xaraba qoyduğu ölkələrdən qorxaqcasına qaçan sistemdir Amerika dövləti. Heç bir ölkəyə indiyədək xoşbəxtlik, sabitlik gətirməyib Amerika. Nə sirdirsə, heç bir ölkəni də sabit və xoşbəxt görməyə gözləri də yoxdur.  Ukrayna buna ən bariz nümunədir. 2014-cü ilədək Ukrayna Avropanın ən stabil və dinc ölkələrindən biri idi. Hər ölkədə olan sosial problemlər Ukraynada da vardı, Rusiya ilə anlaşmaqda çətinlik çəksələr də, davaları yox idi, xalqlar dinc yaşayırdı, hara gedirdin, insanların üzündə məmnunluq görərdin. Dağıtdılar o cür ölkəni, indi əhalisinin 8-10 milyonu dərbədər həyat yaşayır. “Avromeydan” avantürası ilə ürəkləri soyumadı, sonu görünməyən müharibəyə də sürüklədilər. Tramp Amerikanı bu işin içindən çıxarsa, əjdahadır…

Hərdən adam düşünür ki, ABŞ strategiyasını yanlış siyasət üzərində qurur ki, sonradan onu düzəltmək üçün cəhdlər etsin. İkinci Dünya müharibəsindən sonra ABŞ dünya hegemonluğu kursunu yeritməyə çalışsa da, Sovet İttifaqı buna mane oldu. Sonra ABŞ strategiyasını dəyişdi, SSRİ-nin müttəfiqlərini və dost ölkələrini sıradan çıxarmağa başladı. ABŞ prezidenti Trumen bunu hələ 1947-ci ildə öz doktrinasında açıqlamışdı. ABŞ-ın əsas tarixi uğuru SSRİ-ni və Varşava Müqaviləsi adlı hərbi ittifaqı dağıtması oldu. İndi demək olar ki, bütün Varşava Müqaviləsi ölkələri NATO-ya qoşulub. Hətta keçmiş SSRİ respublikalarından da NATO blokuna olanlar var. Amma strategiyada ciddi yanlış hesablamalar da dərhal özünü göstərdi. Məsələn, 1982-ci ildən Çin Amerika ilə yaxınlaşma kursunu müəyyənləşdirdi. ABŞ və bəzi başqa ölkələrdən yüksək texnologiyalar, investisiyalar alan Çin dünyanın superdövləti səviyyəsinə yüksəldi. Üstəlik Çin nəinki Rusiyanın düşməni, əksinə, dost və müttəfiqi oldu. Amerika adına “rəqabət” desələr də, əslində Çinlə qarşıdurmadadır.

Birləşmiş Ştatlar Asiyada diktə etmək istəyərkən, yenə yanlış strateji nəticəsində təkcə İran, Suriya, Şimali Koreyaya deyil, qitədəki qonşuları Venesuela, Kuba və Nikaraquaya tamamilə nəzarət əldən verib. İndi Tramp Venesuelada hakimiyyət dəyişikliyi vəd edir, bunlarla bərabər Kanadanı, Qrenlandiyanı və Panama kanalını  ələ keçirmək istəyir. Yenə yanlış hesablama olmasın?

ABŞ-ın problemi budur ki, dünyada əvvəlki hegemon mövqeyini itirdiyi reallığını qəbul edə bilmir. Amma fakt odur ki, dünya təkcə ABŞ-dan deyil, hətta 5-dən də böyükdür. Bunu dəfələrlə yazmışam: “Ya Amerikanın yanında olursun, ya yox olursun” hədəsi daha keçərli deyil. Tramp isə yenə ordan başlayıb…

Nəhayət, yaxşı olardı ki,  Bakıdakı səfirlik lənkəranlıya bir aylıq viza versin, gedib o da ABŞ-ı gəzsin. Amerika indi axı hər adamın arzusu da deyil…

Nazim  SABİROĞLU
Musavat.com

Daha çox xəbərlər