“Fermerlərə dərman preparatları əlçatan qiymətə təklif edilməlidir”-VAHİD MƏHƏRRƏMOV
Pambıq bitkisi geniş əhatəli, universal texniki bitkidir. Onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. Xalq təsərrüfatının heç bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, ipliklər və geyimlər, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Maşın və təyyarəqayırma, kimya sənayesi və heyvandarlıqda qiymətli xammal kimi geniş istifadə edilir.
Lakin pambığı qorumaq üçün fermerlər dərman preparatlarının zəif olmasından şikayət edirlər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən kənd təsərrüfatı üzrə aparıcı ekspert Vahid Məhərrəmov bildirib ki, ölkəyə gətirilən və hazırlanan dərman preparatları bir çox hallarda standartlara cavab vermir. Xüsusilə, əsas təsiredici maddələrin ucuz məhsullardan alınması nəticəsində həşərata təsiri azalır. Buna görə də bitkiçilikdə və ya kənd təsərrüfatında deyil, ölkəyə gətirilən bütün dərman preparatlarının keyfiyyətində narahatçılıqlar yaşanır:
“Əvvəllər İrandan və Türkiyədən gətirilən dərman preparatlarının tərkibi daha güclü idi. Fermerlər özləri dərmanları xarici ölkələrdən şəxsən sifariş verdikdə keyfiyyətli məhsul əldə edə bilirlər. Lakin bizim işbazlar sifariş verib, satışı həyata keçirərkən dərmanların keyfiyyəti demək olar ki, aşağı olur. Ucuz alıb, baha satmaq istəyirlər.
Pambıqçılıqda istifadə edilən preparatlara gəldikdə isə, onların keyfiyyəti həqiqətən də aşağıdır. Bu dərmanların ölkəyə gətirilməsində özəl sahibkarlara da imkan yaratmaq lazımdır. Belə olduğu halda bazarda rəqabət yaranar. Kim keyfiyyətli dərman preparatı gətirirsə və fermerlərə əlçatan qiymət təklif edilirsə, o zaman yaxşı məhsul əldə edilə bilər. Çalışmaq lazımdır ki, bu sahədə rəqabət olsun. Rəqabət olmadığı halda bazarda ucuz və keyfiyyəti aşağı olan preparatlar görünür. Ucuz preparatlarla keyfiyyətli məhsul əldə etmək mümkün olmur. Bu isə ümumilikdə Azərbaycandakı istehsala da təsir göstərir. İstehsal azalır, məhsulların maya dəyəri yüksəlir. Kənddə fermerlər isə bir o qədər də gəlir əldə edə bilmirlər.”