Cəmiyyət 

“Rus sektoru” bağlansınmı…

Başqa bir dildə tədris verən məktəbdə oxuyan uşaqların “imperiya nökərləri” və ya tutaq ki, “ingilis kəşfiyyatının agentləri” ola biləcəyi kimi iddialar sadəcə, gülməlidir-əsas problem budur ki…

Rus dilini öyrənib-öyrənməməklə, hətta məktəblərdə rus sektorlarını bağlamaqla bağlı müzakirələr zaman-zaman olub, indilikdə yenidən qızışmasının səbəbləri də bəllidir. Azərbaycan təyyarəsi vurulduqdan sonra Moskva-Bakı münasibətlərindəki gərginlik bu müzakirələrə yenidən yön verib. İstənilən ciddi mövzuda sağlam müzakirələr əlbəttə ki, cəmiyyətin xeyrinə ola bilər. Amma müşahidələrimə görə, bu müzakirələrdə tərəflər arasında həm də ciddi bölünmə var. Bir tərəf “rusbaş”lar kimi damğalanır, o biri tərəf isə geridəqalmış “danabaşlılar” kimi…

Danabaşı təsadüfi xatırlamadım, dahi Cəlil Məmmədquluzadə ötən əsrin 20-ci illərində yazdığı “Anamın kitabı”nda üç xarici ölkədə- Rusiya, İran və Türkiyədə oxuyub qayıtmış qardaşların nümunəsində milli dildən və kökdən ayrılmaq problemini bədii nümunəsini verib. Amma indi o əsərdə qaldırılan dil problemi qətiyyən aktual deyil, dövr başqadır, süni intellekt əsri başlayıb, indi necə deyərlər, Yerdə “manqurt yetişdirmək” Ayda turp yetişdirməkdən də çətindir. Başqa bir dildə tədris verən məktəbdə oxuyan uşaqların “imperiya nökərləri” və ya tutaq ki, “ingilis kəşfiyyatının agentləri” ola biləcəyi kimi iddialar da sadəcə, gülməlidir. Çünki indi o məktəbli uşaqlar bütün günü əllərindəki telefonlarda dünyanın bütün sirlərinə anında bələd olurlar, Rusiyanın da, tutaq ki, İranın da bizim əleyhimizə olan siyasətindən də dərhal xəbər tuturlar, eləcə də Məhəmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun məzarının niyə Türkiyədə olduğunu bilirlər. İndi uşaqlar 30 il əvvəlki nəsillə də qətiyyən müqayisə oluna bilməz. Fərqi yoxdur rus, fransız, ingilis dilli təhsil alsınlar, məqsədli şəkildə guya dilini, dinini unudacağı, milli kökündən ayrılacağını iddia etmək sağlam məntiq hesab edilə bilməz.

Bu vətənin çörəyini yeyib, suyunu içib ona düşmən kəsilənlər məğər başqa dildə təhsil alanlardır? Xeyir, onların əksəriyyəti məhz Azərbaycan dilində düşünür və danışırlar. Yəni rus dilini ona görə öyrənməməliyik ki, Çar Rusiyasının, SSRİ-nin trkibində olmuşuq, bizim neftimizi sümürüb aparıblar və sairə məntiqi yersizdir. O “məntiqlə” 1918-ci ildə Bakını ingilislər də faktiki işğal etmişdilər, burada general Tomson qunernatorluq da qurmuşdu. 1918-ci il noyabrın 17-də Bakıya daxil olmuş ingilis qoşunları 1919-cu ilin avqustunadək Azərbaycanda çox qanunsuzluqlar ediblər, məsələn, 30 milyondan çox nefti də də dədələrinin malı kimi aparıblar. İndi gərək bu tarixə görə ingilis dilindən də imtina edək, ingilisdilli məktəbləri də bağlayaq? Yeri gəlmişkən, Fransanın başıpozuq prezidenti Makronun ermənipərəst siyasətinə görə Bakıdakı fransızdilli məktəbin bağlanmasını da yanlış qərar hesab edirəm. Səbəb bəlkə də birbaşa Makron hakimiyyəti deyil, amma niyə Fransadan başqa da bir neçə ölkədə və beynəlxalq təşkilatda rəsmi dil statusunda olan dili Azərbaycanda da mükəmməl öyrənməsinlər, bunun nəyi pisdir axı? Sektor ideoloji sekta deyil axı…

Şübhə yoxdur ki, ingilis dili müasir qlobal dünyada ən vacib ünsiyyət dilidir. 2025-ci ilin statistikasına görə, dünyada ingilis duilində danışanların sayı 1 milyard yarımı ötüb, bir neçə ölkənin də, BMT, Avropa Birliyi və NATO kimi beynəlxalq təşkilatların da rəsmi dilidir. Üstəlik, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya kimi 67 ölkədə də ingilis dili ana dili kimi danışılır. Sevindirici haldır ki, Azərbaycanda yeni nəsil ikinci dil kimi ingilis dilinə ciddi üstünlük verir. Çox yaxın qohumlarım karyera üçün ingilislə bərabər rus dilində də öyrənmək istədilər, amma birincini təmiz öyrəndilər, rusu isə kursa getsələr də, mənimsəyə bilmədilər. İndi CNN-ə Az.tv kimi, amma Rusiya telekanalların “şəkillərinə” baxırlar.

Bizə orta məktəbdə təəssüf ki, başqa dilləri yaxşı tədris etmirdilər. Eləcə də rus dilini. Əslində isə bu dili öyrənmək çətindir. Rus əlifbasında(33) ingilis və fransız dilləri(26) ilə müqayisədə daha çox hərf var. Rus dilinin ana dili olanlar üçün də bəzən sözü düzgün tələffüz etmək, yazmaq, cümlə qurmaq çətin olur. Məsələn, eyni olmayan hərf və səslərin sayını götürək.

Yaxınlığından asılı olaraq, bir sözdə müəyyən bir hərf fərqli səslənə bilər. Vurğular da bu dildə əsl qarışıqlıq yaradır, bir sözün isə hətta on sinonimi ola bilər. Cinslər, sözün hallar haqqında da uzun danışmaq olar. Cümlənin mənasını kökündən dəyişə bilən vergüllər də yada salsaq, bu dili öyrənmək o qədər də asan olmur. Öyrənmək istəyən varsa, imkan verin, daha çox dil öyrənsinlər.

Rusca da ən son statistikaya görə, dünyada ən çox danışılan doqquzuncu dildir. Rusiya universitetləri və tədqiqat institutları son illər keyfiyyətli təhsil, eləcə də unikal elmi proqramlar təklif edirlər. Rusiyanın nüfuzlu institutlarında təhsil almaq və beynəlxalq elmi layihələrdə iştirak etmək üçün rus dilini öyrənməyi seçənlərə maneə yox, dəstək olmaq lazımdır.

Rus sektoruna axında həqiqətən də bir “reklamçılıq” olduğu sirr deyil. Rus sektorunda guya təhsilin daha yaxşı olduğu haqda deyilənlər də əsasasız fikirlərdir. Azərbaycanda orta təhsildə prolem dili “birdir”-yaxşı təhsil vermək. Yəni azərbaycandilli və rusdilli məktəblərin şağırdləri arasında hansısa ciddi fərqlərin olması mümkün deyil. Sistem eynidir.

Azərbaycandilli məktəblərdə də vətəndaş yetişdirmək problemi var, rusdillidə də. Əsas olan bu problemləri aradan qaldırmaqdır. Bu problemlər aradan qalxmadan hansı dildə təhsil almasından asılı olmayaraq, nə yaxşı vətəndaşlar, nə də gələcəkdə keyfiyyətli kadrlar olacaq…

Daha çox xəbərlər