Cəmiyyət 

® Mammoloq-radioloq: Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkən diaqnostikadır

Hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Bu günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır. Respublikamızda süd vəzi xərçəngi ilə ən çox mübarizə aparan mütəxəssislərdən biri, Avropa Radioloqlar Assosiasiyasının üzvü, tanınmış mammoloq-radioloq Günel Qəmbərova süd vəzi xəstəlikləri, onların yaranma səbəbləri və qarşısının alınması üçün görülən tədbirlərlə bağlı sualları cavablandırıb.

Mammoloq-radioloq Günel Qəmbərova 17 il Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının assistenti vəzifəsində çalışıb. ABŞ Onkoloji Cəmiyyətinin, Avropa Radioloqlar Assosiasiyası (ERC), Azərbaycan Radioloji Cəmiyyəti, Türk Tibbi Onkoloji Dərnəyi, Qazaxıstan Mammoloji Dərnəyi, Gürcüstan Mammologiya Dərnəyinin üzvüdür. Rusiyada keçirilən “A”dan “Ya”ya Mammologiya” kursunun bütün təlimlərinə qatılan və 8 sertifikat alan yeganə azərbaycanlı həkimdir.

Hazırda Azərbaycanda ilk Regional Süd Vəzi Diaqnostik Mərkəzinə rəhbərlik edir. Məlhəm Beynəlxalq Hospitalında mammoloq-radioloq olaraq çalışır. Süd vəzinin qeyri-şiş mənşəli və xərçəngönü xəstəliklərinin radioloji metodlarla erkən diaqnostikası ilə məşğuldur. 52 elmi məqalənin müəllifidir.

-Hazırda süd vəzi xərçəngi ən çox yayılan onkoloji xəstəlikdir. Artıq illərdir xəstələri maarifləndirən, erkən müayinəyə səsləyən həkimlərdən biri kimi bu gün həm də sizin gününüzdür…

-Fevral ayının 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günüdür. Bəli, qeyd etdiyiniz kimi bu gün xəstəliyin profilaktikası ilə məşğul olan bütün insanların günüdür. Bu günlər məhz xəstəliklərə ictimaiyyətin diqqətini çəkmək, erkən diaqnostikanın əhəmiyyətini bir daha vurğulamaq üçün olduqca önəmlidir.

Onkoloji xəstəliklər ürək, qan-damar sistemi xəstəliklərindən sonra ikinci yerdədir. Çox vaxt qəbulumuza gələn xəstələrin heç xəstəliklərindən xəbərləri olmur. Bu günlərin təyin olunması xəstəliklərə bir daha diqqət çəkmək üçündür. Deyək ki, süd vəzi xərçəngi ilə mübarizə ayı oktyabr ayıdır. Amma fevralın 4-ü də bizim gündür. Dünyada onkoloji xəstəliklər arasında süd vəzi xərçəngi yayılma tezliyinə görə 1-ci yerdədir. Ölüm təhlükəsi riski yüksək olan isə uşaqlıq boynu xərçəngidir. Bu gün dünyada hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Avropa Radioloqlar Cəmiyyətinin son açıqlamasında qeyd olunur ki, 2030-cu ildə bu statistika daha dəhşətli olacaq: hər 4 qadından 1-i xəstəliyin qurbanına çevriləcək.

-Həkim, adətən, iş gününüz necə başlayır?

-Gərgin. Qəbula gələn hər kəs gərgindir. Çünki bura gələnlər xərçəng qorxusu ilə gəlirlər. Ailəsində, yaxın qohumunda, qonşusunda xərçəng olanlar var. Hətta xəstəlik aşkarlanmasa belə bura gəlib bizim otaqdan çıxana qədər təlaş içindədirlər ki, görəsən, həkim nə deyəcək.

Amma sevindirici haldır ki, bu gün çalışdığım Məlhəm Beynəlxalq Hospitalda artıq noyabr ayından etibarən Tomosintezli 3-ölçülü rəqəmsal mammoqrafiya qurğusu istifadəyə verilib. Erkən döş xərçəngini aşkar etmək üçün bu, vacib prosedurdur. Tomosintezli 3 ölçülü rəqəmsal mammoqrafiya qurğusu döş xərçənginin erkən aşkarlanmasında əhəmiyyətli rol oynayaraq, aşağı radiasiya dozası ilə üçölçülü tomoqrafiyanı təmin edir.

Tomosintezli 3 ölçülü rəqəmsal mammoqrafiya qurğusu ilə tərtib edilmiş tomoqrafiya təsvirləri diaqnozun dəqiqliyini artırır. Nazik laylar formasında götürülən döş qəfəsinin rəqəmsal təsvirlər seriyası sonrakı müayinə üçün döş qəfəsinin 3 ölçülü təsvirini yaradır. Bu, şübhəli sahələrin effektiv skan edilməsinə imkan verir.

Bu qurğu minimal doza ilə iki və üçölçülü dəqiq təsvirlər yaradan mammoqrafiya qurğusudur. Qeyd edilən qurğu özünün ikiölçülü və çox kəsikli üçölçülü tomosintez tomoqrafiya imkanı ilə xərçəngin erkən diaqnozunun qoyulması üçün hazırlanmışdır. Tomosintez kəsikləri diaqnozun dəqiqliyini artırır. Döşün kəsikli rəqəmsal təsvirləri alınır ki, bu da sonrada döşün üçölçülü təsvirlərini yaradır. Ənənəvi mammoqrafiya avadanlığı bir təsvirdə toxuma problemlərini əks etdirir, lakin bu qurğu döş kəsiklərinə rəqəmsal qaydada nəzər salmaq imkanı yaradır. Qeyd edilən xüsusiyyət problemli region və döş xərçəngi regionlarının tam olaraq təsvir olunmasını təmin edir.

-Həkim, xanımların həkimə gec müraciət etməsinin səbəbi nədir?

-Xəstələrdə belə bir fikir var ki, mən həkimə gedəcəyəm və məndə xəstəlik aşkarlanacaq. Biz xəstələrdən niyə daha əvvəl həkimə müraciət etmədiklərini soruşduqda cavab eyni olur: qorxdum.

Sanki qorxaraq həkimə gec müraciət etdikdə xəstəlik öz-özünə sağalacaq.

İnsan şüuraltı başa düşür ki, gecikir. Amma özü-özünü aldadır ki, heç nə olmaz, gedib pis bir şey eşidincə, bilməyim ölüm. Ölüm hökmüdür bizim qabağımızı kəsən. Bilirsiniz, haradan gəlir bu qorxunun kökü?! Sovet dövründə xəstəliklərin real statistikası gizlədilirdi. Əsasən də vərəm və xərçəng xəstəliyindən ölüm hallarının statistikası açıqlanmırdı və ya azaldılırdı. Heç bir ölkə istəmirdi ki, xəstəliklərin sayını çox göstərsin. Bu həmin ölkədə iqtisadi rifahın aşağı olması, tibbi xidmətin keyfiyyətinin aşağı olması demək idi. Amma artıq həmin dövr geridə qaldı. Bu gün postsovet ölkələri müstəqillik əldə ediblər və bu ölkələrin bu gün müasir avadanlıqlara doğru qaçması ancaq xəstələrin lehinədir. Bu gün Azərbaycandakı özəl klinikaların, sahibkarların ən müasir innovativ tibbi texnikaları əldə edə bilmək gücündə olmaqları daha çox insana sağlam həyat, uzun ömür bəxş etmək baxımından böyük uğurdur. Bu baxımdan çağırışımız odur ki, xəstələrimiz həkimlərinə güvənsinlər, müayinələrinə gecikməsinlər. Bu gün “Səndə heç nə yoxdur”, “Sən sağalacaqsan”, “Xəstəlik aşkarlansa da, erkən müraciət etsən, sağalacaqsan”, – bu sözləri deyə bilən, ürəkli və elmə güvənən peşəkar və peşəkarlığı qədər də mərhəmətli həkimlərimiz var. Ağ heç vaxt qara götürməz! Biz ağxalatlı həkimlər də son vaxtlar cəmiyyətdə həkimlərə qarşı başlayan qara piardan üzüağ çıxacağıq. Bir daha vurğulamaq istəyirəm ki, xəstə həkiminə güvənməlidir.

Təəssüf ki, bəzən xəstələr gəlir və biz onlarda xəstəlik aşkarladığımız zaman həkimin dediklərini aqressiv qarşılayırlar. Sanki bu xəstəliyi biz onların bədəninə yerləşdirmişik və diaqnoz təsdiqləndiyi üçün sevinirik. Əslində isə həmin an onunla birlikdə ölüb-dirilirik.

-Gün ərzində qəbul etdiyiniz xəstələrin neçəsində diaqnoz təsdiqlənir?

-Gün ərzində təxminən 20-25 nəfər qəbul edirik. Bəzən axşam saatlarına qədər davam edir müayinələr. Qəbula gələn 20 xəstənin 11-12 nəfərinə süd vəzi xərçəngi diaqnozu qoyulur. Çox təəssüf ki, hazırda bu xəstəlikdə gəncləşmə başlayıb.

Mən bu yaxınlarda Goranboyda xəstə qəbulunda idim. 16 yaşında qızın süd vəzində xərçəngin görünməsi, 14 yaşında qızın qoltuqaltında patoloji limfa düyünün olması bir həkim bir qadın, ana olaraq mənim üçün dəhşətli faktdır və bunu qəbullanmaq çox ağırdır. Uşağın anasına bunu necə deyək? Haradan başlayaq? Psixoloji necə yönəldək? Bizdə onko-psixoloji dəstəyin az olması bütün yükü üstümüzə salır. Məcburuq həm diaqnoz qoyaq, həm müalicəyə yönəldək, həm də dəstək olaq ki, artıq xəstə başa düşsün ki, geri dönüş yoxdur, ancaq irəli getmək lazımdır ki, xəstəliyə qalib gələ biləsən. Ümumiyyətlə, süd vəzi xərçəngi ölüm hökmü deyil. Erkən diaqnostika 99-100 faiz hallarda sağalma deməkdir. Amerikada Onkoloji Cəmiyyətin konfransında olanda olduqca gözəl bir fikir səsləndi: Biri var yaşamaq, biri də var keyfiyyətli yaşamaq. Bizim də məqsədimiz odur ki, xəstələrdə irəli mərhələlərdə də xərçəng aşkarlansa belə həmin keyfiyyətli yaşamı təmin edə bilək. Söhbət məhz gözəl yaşamaqdan gedir, xəstəxana künclərində ağlayaraq keçən ömürdən yox.

-Bəs kimlər risk qrupundadır?

-Gözəl bir söz var: qadın süd vəzi daşıyırsa, hər zaman risk qrupundadır. Bütün etiologiyanın üzərindən xətt çəkib, bu sözü önə çıxartmaq hər şeyin cavabıdır. Yəni, bir qadının süd vəzi varsa, hər zaman risk faktoru daşıyır. Çünki süd vəzi hormonlardan asılı, hormonlara həssas bir orqandır. Süd vəzi xərçənginin yaranma səbəbi məlum olmasa da, xeyli sayda risk faktoru var. Bu zaman fərdi səbəblər, genetik və ətraf mühit faktorları rol oynayır. Mən hər zaman xəstələrimə də deyirəm ki, aşırı dərəcədə həssaslıq, streslərin özü belə xərçəngə gətirib çıxarır. Stres fonunda hormonlar nizamsızlığa girir və hormonal disbalans xərçəng yaradır.

Bu gün abortların çox olması da ciddi siqnaldır. Elə bölgələrimiz var ki, müayinə üçün 45-50 dəfə abort etdirən 45 yaşlı qadınlar gəlir. Xərçəngin əmələ gəlməsində genetik faktorlar, hormonal pozulmalar, gənc anaların körpələrə süd verməkdən imtina etməsi, travmalar, erkən menstrual tsikl, gecikmiş menopauza, radiasiyanın çox olması, melotonin hormonu sintezinin pozulmasına səbəb olan gecə növbələri xərçəngin yaranma riskini artıran faktorlardandır.

-Süd vəzi xərçəngini genetik analizlərlə öncədən təyin edərək Ancelina Coli kimi mastektomiya (süd vəzinin çıxarılması) əməliyyatı ilə xərçəng riskindən qurtulmaq mümkündür?

-Mastektomiya əməliyyatının icra olunması üçün müəyyən şərtlər var. Əgər xanımın ailəsində xərçəng xəstəsi varsa (ana, xala, nənə), BRAC1 və BRCA2 testində təsdiq varsa xanım rahatlıqla bu üsula əl ata bilər. Bu, illik müayinə deyil. İnsan ömründə 1 dəfə bu testi etməklə genetik dəyişiklikləri müəyyənləşdirə bilər. A.Colinin nənəsi və xalası süd vəzi xərçəngindən əziyyət çəkirdi. Analiz cavablarında isə 67%-dən yuxarı mutasiya, genetik dəyişiklik var idi.

Amma bəşəriyyət qadını bununla tam qurtara bilərmi? Xeyr. Bu yanaşma bütün qadınlara tətbiq oluna bilməz. Bilirsiniz, ola bilər ki, qadının genetik analiz nəticəsi müsbət olar, amma o, heç həyatı boyu xərçəng xəstəliyinə tutulmaz. Axı xərçəng tək genetik faktordan yaranmır. Xərçəngin genetik keçməsi 8-12 faizdir. Süd vəzi xərçəngində genetik faktor cəmi 12 faiz rol oynayır, 88 faiz hallarda isə xəstəliyin nəsillə, qohumlarla heç bir bağlılığı yoxdur.

-Ümumdünya Xərçənglə Mübarizə Günündə xanımlarımıza hansı mesajı vermək istərdiniz?

-Həkimlərdən qorxmasınlar. Biz qorxulu məxluqlar deyilik. Biz sizin evinizə, həyatınıza işıq olmaq üçün həkim olmuşuq. Məqsədimiz erkən müayinələrə səsləməkdir. İmkan varsa, dinləyin bizi. Sosial şəbəkələrdə qızıl, paltar, restoran səhifələrini izləməklə yanaşı, həkimlərin səhifələrini də izləyin. Həkimlərə güvənin. Diaqnozu dəqiqləşdirmək üçün 2-ci, 3-cü həkimə gedin, amma evdə qalmayın. Heç olmasa, hər ay əllə süd vəzilərini müayinə etsinlər. Unutmasınlar ki, erkən müayinə çox vacibdir. Bir ay toya getməsək də, hansısa paltarı, telefonu almasaq da olar, sağlamlığımız isə gözləmir. Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkən diaqnostikadır. Bəzi xəstəxanalarda isə icbari tibbi sığorta hesabına süd vəzi xərçənginin diaqnostikası vətəndaşlara ödənişsiz şəkildə təqdim olunur.

Günel Qəmbərova

Mammoloq-radioloq

Əlaqə: +994 50 751 27 47

www. sudvezixercengi.az

https://www.instagram.com/gunelqemberova/

Daha çox xəbərlər