Siyasət 

Bakı neft tranziti statusunu möhkəmləndirir

Qazaxıstanla yanaşı, Azərbaycan üzərindən nəql olunan Türkmənistan neftinin həcmi də sürətlə artır

Qazaxıstan “Kaşaqan” neft yatağından hasil etdiyi neftlə yüklənmiş ilk tankerini Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəql etmək üçün Azərbaycana göndərib. Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Qazaxıstanın “KazMunayQaz” şirkətinin bununla bağlı açıqlamasında qeyd olunur ki,  “Kaşağan” neftini daşıyan “Taraz” tankeri Aktau limanından Bakıya yola düşüb: “Neft daha sonra Bakı-Tiflis-Ceyhan boru kəməri sistemi ilə Aralıq dənizinə nəql olunub”.

“Kaşağan” neftinin  Azərbaycan üzərindən daşınması 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub. 2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış saziş ildə 1,5 milyon ton “Tengiz” yatağı neftinin tranzitini nəzərdə tutur. 2024-cü ilin fevralında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş imzalanıb. SOCAR-da hesab edirlər ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Qazaxıstanın rəsmi statistikasına əsasən 2024-cü ildə BTC ilə 1,4 milyon ton “Tengiz” nefti daşınıb. Ölkənin Energetika Nazirliyinin məlumatına görə, bu il üçün BTC ilə neft ötürülməsi planı 1,5 milyon ton təşkil edir.

Qeyd edək ki, Qazaxıstan Rusiyaya qarşı Qərb sanksiyalarının güclənməsindən sonra neft ixracı marşrutlarının şaxələndirilməsi istiqamətində işləri gücləndirib. Məlumdur ki, ölkənin əsas neft ixrac infrastrukturu Rusiya ərazisindən keçməklə Qara dəniz sahilindəki Novorossiysk terminalına çıxan Xəzər Boru Kəməridir(KTK). 2024-cü ildə bu kəmərlə 54 milyon tona yaxın Qazaxıstan nefti ixrac olunub. Astananın digər neft ixrac infrastrukturu Çinə gedən, illik ötürmə gücü 15 milyon tona yaxın olan boru kəməridir. Çindən tələbatın az olması, həmçinin Qazaxıstan daxilində müvafiq infrastrukturun olmaması üzündən Çinə ixrac ildə 1-2 milyon tona güclə çatır. Kəmərin əsas istifadəçisi ildə 10 milyon tondan yuxarı nəqllə Rusiyadır. Rusiya bu kəmərin genişləndirilməsi planı üzərində işləyir. Sanksiyalar üzündən neftini Çinin istədiyi endirimlərlə satmağa məcbur olan Rusiyanın başqa yolu yoxdur, lakin Qazaxıstan öz neftinə alıcı tapmaqda çətinlik çəkmir. Buna görə də neft ixracının digər yollarını tapmağa çalışır.

Qazaxıstan neftinin Xəzər dənizi üzərindən nəqlinə 2000-ci illərdə başlanıb – BTC hazır olmasa belə, dəmir yolu ilə daşımalar həyata keçirilirdi. Qazaxıstan özü Gürcüstanın Batumi şəhərində terminal alaraq bu istiqamətdə ixracı genişləndirmək perspektivinə hazırlaşıb. Lakin Azərbaycandan hazır boru kəməri ilə neft nəqli çəkilən xərclər baxımından daha səmərəlidir. Buna görə də Qazaxıstan getdikcə daha çox həcmdə nefti bu yolla nəqlində maraqlıdır.

Qazaxıstanın Xəzər sahilində əsas neft ixrac infrastrukturu Aktaudadır. Buradakı terminalların illik neft ötürmə gücü 6 milyon ton hesablanır. Hazırda Qazaxıstan bunun yarısından faydalanır – Rusiyanın Mahaçqala limanına və Bakıya olmaqla. Lakin hadisələrin gedişatı göstərir ki, yaxın və ortamüddətli dövrdə Bakı üzərindən nəqlin kəskin artımı ehtiyacı yarana bilər. Buna görə də Qazaxıstan həm terminalların ötürücülük gücünü artırmağa, həm də nefti daşımaq üçün tanker donanmasını genişləndirməyə başlayıb.

Dünya okeanlarına birbaşa çıxışı olmayan Qazaxıstan Azərbaycan üzərindən nəql imkanlarına daha çox diqqət edir. 2024-cü ilin noyabrında energetika naziri Almasadam Satkaliyev bildirmişdi ki, Qazaxıstan Bakı-Tiflis-Ceyhan boru kəməri ilə illik neft tədarükünü 20 milyon tona çatdırmaq imkanlarını araşdırır.

Qazaxıstanın Xəzər dənizi sahilində, Atırau yaxınlığında yerləşən “Kaşağan” neft yatağı son onilliklərin ən böyük kəşflərindən biridir. Onun ehtiyatları 9-13 milyard barrel neft arasında qiymətləndirilir.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın dediyinə görə, zamanında min bir əziyyətlə qurub-yaratdığımız enerji infrastrukturu Bakının Xəzərin enerji qovşağına çevrilməsi ilə nəticələnib: “Türkmənistan, Qazaxıstan və Özbəkistan üçün Bakı istiqaməti özlərinin enerji məhsullarının bir hissəsini dünya bazarlarına çıxartmağın sərfəli və qısamüddətli yoluna çevrilir. Bu mənada, “Kaşağan” neftinin BTC ilə daşınmasına başlanılması çox yaxşı haldır. Çünki bu, artıq Qazaxıstanda olan fərqli konsorsiumların Rusiyadan kənar alternativ marşrutla öz neftlərinin bir hissəsini dünya bazarlarına çıxarmasının mümkünlüyünün göstəricisidir. Əvvəllər ancaq “Tengiz” yatağından hasil edilən neftin bir hissəsi BTC kəmərinə yönəldilirdi. Özü də onu qeyd edim ki, əsasən ABŞ-ın “Chevron” şirkəti Azərbaycan vasitəsilə öz neftini daşımağa üstünlük verirdi. Daha sonra “Kazmunayqaz” və digər bazar iştirakçıları da bu marşrutdan yararlanmağa qərar verdilər.  “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, həm də ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir və bunu ilbəil artan tranzit neft daşımaları üzrə qrafikdə daha aydın görmək olar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə BTC kəməri ilə daşınan tranzit neft həcmləri təqribən 5,3 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 58 min tona yaxın artım deməkdir. Ümumiyyətlə isə 2021-ci illə müqayisədə Xəzərin o tayından Azərbaycanın əsas ixrac kəməri ilə neftin tranzit daşınması həcmləri 47,2 faiz artıb”.

Qeyd edək ki, Qazaxıstanla yanaşı, Azərbaycan üzərindən nəql olunan Türkmənistan neftinin həcmi də sürətlə artır. İ.Şabanın sözlərinə görə, burada əsas amil Aşqabadın Rusiya üzərindən neft nəqlini tamamən dayandırmasıdır: “Xəzərin o tayından Azərbaycanın əsas ixrac boru kəməri ilə Ceyhana daşınan tranzit neftinin əsas hissəsi məhz Türkmənistan neftinin payına düşür – təqribən 71-72 faizdir. Türkmənistan niyə bizdən belə çox neft daşıyır? Əvvəl həm Azərbaycandan, həm də Rusiyadan daşıyırdı. Amma Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Türkmənistanın ixrac əməliyyatlarından gələn gəlirlərin Almaniyanın bir nömrəli “Döyçe Bankı”nda saxlanması rəsmi Aşqabadı daha az riskli addımlar atmağa sövq etdi. Bunun nəticəsində Türkmənistan öz neftinin ixracını tamamilə Azərbaycana yönəltdi.

Burada başqa bir məqam isə budur ki, Türkmənistanın ixrac neftinin əsad hissəsi Petronas (Malayziya) və Dragon Oil (Britaniya-BƏƏ) şirkətlərinin payına düşür. Bu şirkətlər isə hasil etdikləri məhsulun dünya bazarına daşınması üçün Rusiya marşrutunu deyil, Azərbaycanı daha məqbul sayırlar”.

Onu da qeyd edək ki, son vaxtlar Rusiyanın qəddar hücumlarına məruz qalan Ukrayna onun gəlir kanallarını bağlamaq üçün neft ixracı infrastrukturuna hücumları intensivləşdirib. Artıq 2 dəfə Rusiyadan Avropaya neft nəql olunan Drujba kəmərinin Rusiya ərazisindəki infrastrukturuna zərbələr endirilib. Bu baxımdan, Ukraynanın Rusiyanın Qara dəniz limanlarındakı neft terminallarına da zərbələr endirəcəyi istisna olunmur. Bu halda Qazaxıstanın Azərbaycan üzərindən neft nəqlini daha sürətlə artırması zərurəti yarana bilər. Hansı ki, Azərbaycan buna hazırdır: BTC ilə mövcud tranzit həcmlərini 6 dəfədən çox artırmaq imkanı var. Bundan əlavə, hazırda demək olar ki, istifadəsiz qalan və illik ötürücülük gücü 5 milyon ton Bakı-Supsa neft kəməri var. Hansı ki, artıq Qazaxıstan tərəfi bu kəmərlə ildə 3 milyon ton neft nəql etmək planlarını açıqlayıb. Ötən ildən Astana və Bakı arasında bununla bağlı danışıqlar başlanıb.

İ.Şabanın fikrincə, Xəzərin o tayı ilə iqtisadi əlaqələrin dərinləşməsi siyasi müstəvidə də münasibətlərin yeni mərhələyə çatmasına imkan yaradır: “Yəni Vladimir Putin Rusiya-Ukrayna müharibəsini başlamaqla keçmiş sovet respublikalarını Kremldən maksimum uzaqlaşdırmaq siyasətini ortaya qoydu və bundan da, fikrimcə, ən çox yararlanan Türk Dövlətləri Təşkilatının üzvləri və üzvlüyünə namizədlərdir (Macarıstan və Türkmənistan). Biz məgər 3-4 il əvvəl Özbəkistanla (Mərkəzi Asiyanın ən güclü potensiala malik dövləti) siyasi, iqtisadi və mədəni əlaqələrimizin bu qədər dərinləşməsini, Qazaxıstanla münasibətlərimizin bu qədər inkişaf edəcəyini təsəvvür edə bilərdikmi?

Ona görə də Bakı-Tiflis-Qarsdan başlayan o cücərti hesab edirəm ki, artıq Xəzərin o tayındakı ölkələrlə münasibətdə ilk barını verib, amma çiçəklənmə dövri hələ irəlidədir və rəsmi Bakı əlindən gələni edir ki, bu əlaqələr artan xətlə inkişaf etsin. Burada isə 44 günlük Vətən müharibəsindəki qələbənizin rolu da böyükdür: Azərbaycana baxışlar da dəyişdi, bu gün təkcə siyasi müstəvisə deyil, Mərkəzi Asiya torpaqlarına gedən hər bir Azərbaycan vətəndaşı da bunu münasibətlərdə aydın sezir”.

Daha çox xəbərlər